Stephen Hawking-dən qorxulu proqnoz Mədəniyyət

Stephen Hawking-dən qorxulu proqnoz

"İnsanlığın sonuna min ildən də az vaxt qalıb"


Dünyaca məşhur elm adamı, professor Stephen Hawking bu günlərdə baş tutmuş çıxışında deyib ki, insanların yer üzündən silinib getməsinə min ildən də az vaxt qalıb. Tanınmış alimin fikrincə insanlar ancaq yaşamaq üçün yeni bir planet tapsalar həyatda qala bilərlər. Bu haqda ingilis qəzeti "Mirror" yazır.
74 yaşlı fizikə görə insanların yer üzündən silinməsi kütləvi surətdə baş verəcək. "Oxford Union Society" təşkilatında insanlığın kökləri və gələcəyi haqda nitq söyləyən alim deyib: "Biz bir yandan da insanlığın gələcəyi üçün kainatın dərinlinlərinə nüfuz etməliyik. İnanmıram ki, kövrək planetimizi xilas etməsək daha 1000 il yaşaya bilək".
Hawking bundan öncəki çıxışlarında da insanın yer üzündə varlığının nüvə müharibəsi, viruslar üzərində aparılan gen mühəndisliyi və qlobal istiləşmə səbəbindən risk altında qala biləcəyini deyib. Bu dəfəki çıxışında isə o gələcəyimizin robot gələcəyi olmalı olduğunu və bizdən sonrakı nəsillərin iqlim dəyişiklikləri ilə mübarizə aparmaq məcburiyyətində qalacağını deyib.
Dünyanın ən nüfuzlu alimlərindən biri olan Hawking düşünür ki, gələcək nəsilləri irəlidə çoxlu yeni kəşflər gözləyir, ancaq onlar dünyanı qorumaq məcburiyyəti ilə də üz-üzə qalacaqlar.
O çıxışında deyib: "Burda çoxlu uşaq var və istərdim ki, onlar böyüyəndə necə bir dünyada yaşaya biləcəkləri haqda danışım. Onları gələcəkdə inkişaf etmiş robotlar, sürücüsüz maşınlar və istənilən oyunda qalib gələ biləcək kompyuterlər gözləyir"