Su kultu ilə bağlı inanclar Mədəniyyət

Su kultu ilə bağlı inanclar

2-ci yazı

İnsanların suyun dayanması anına şahid ola bilməməkləri ondan irəli gəlirdi ki, onlar suyun nə vaxt dayanacağının dəqiq vaxtını bilmirdilər. Ağdaş bölgəsindən toplanmış inanc mətnində deyilir ki, ilin axır çərşənbəsi su dayanır. Saat neçədə dayanırsa, o bilinmir. Onda bəzi adamlar oturur o suyun kənarında. Ondan tələb eləyirsən, nə lazımdı. Allah-taala onu sənə yetirir. Əgər bu mümkün olmursa, obaşdandan – sübh tezdən su üstünə getmək lazımdır. Həmin zaman axan su müqəddəsdir. Ağdaş bölgəsi insanlarının inancına görə, ilin-ayın axır çərşənbəsində, il təzələnəndə obaşdandan durub su dolduranda arxa Zəm-zəm suyu axır. Onunla kim yuyunsa, içsə, xörək bişirsə, sağlamlıq gətirir insanlara.
Burada axır çərşənbə suyunun dirilik suyu ilə müqayisə olunması ondan irəli gəlir ki, insanlar bu suyun şəfa verməsinə inanırdılar. Naxçıvan bölgəsindən toplanmış inanc mətnində deyilir ki, ilaxır çərşənbəsinin suyundan güllərin dibinə tökər və saxlayarmışlar. Evdə xəstə olanda isə suya "Quran"dan ayə oxuyar, sonra suyu içirdərlər. O zaman xəstə sağalar. Göründüyü kimi, insanlar axır çərşənbə gecəsində il təhvil olandan, yəni təzə il girəndən sonra axan təzə suyu – ilk suyu müqəddəs hesab edirlər. Bu su dərdlərə şəfa verir. Naxçıvan bölgəsindən toplanmış inancda deyilir ki, yazda birinci dəfə sel gələndə selin qabağından kim su doldurub içsə, hər dərdi sağalar deyərlər.
Maraqlıdır ki, bu mətndə axır çərşənbənin səhəri axan suyu deyil, sel suyunu görürük. Lakin bu, bizi çaşdırmamalıdır. Məsələnin mahiyyəti, əsası bütün hallarda ilkin su ilə bağlıdır. Burada ilkinliyi üç məqamda görmək olur. Birincisi, selin ilk yazın suyu olması. Yeni il (Novruz) yazda gəlir, demək, bu sel suyu ilin ilk suyudur. İkincisi, yaz vaxtı çoxlu sellər olur. Burada isə məhz yazda gələn birinci sel suyu nəzərdə tutulur. Üçüncüsü, selin suyu çox olur. İnancda göstərilir ki, selin hər suyundan yox, selin qabağında gələn sudan, yəni ilk sudan doldurub içmək lazımdır.
Novruz inanclarında axar su ilə axmaz su bir-birindən fərqləndirilir. Qaraqoyunli bölgəsi inanclarında göstərilir ki, axır çərşənbə axşamının səhərisi evdə uşaqdan böyüyə nə qədər adam varsa, gedib hamısı axar su üstündən üç dəfə atılar, sonra da həmin axar suyun əl-ayaqdan uzaq bir səmtində saxsıdan bir qab sındırıb deyərlər: "Nə ki ağrı-acımız, qada-balamız varsa, hamısı bax bu suynan getsin".
A.Babək yazır: "Belə düşünmək olar ki, sındırılan qab suya (su əyəsinə) verilən qurbandır. Qab qurban verildikdə su sahibi onun üstünə gələnlərə xeyirxah münasibət bəsləyir və onların ağrı-acılarını təmizləyir". Bu inanclarda suyun axar olması xüsusi vurğulanır. Hətta bununla bağlı ayrıca inanc da vardır: "İlin axır çərşənbəsində axar suyun qabağını kəsmək olmaz, onda sənə sədəmə toxunar, işlərin dolaşar. Yəni axar suyun qabağını kəsdikdə su əyəsi – su sahibi qəzəblənər və insana ziyan vurar. İlaxır çərşənbənin axar suyu möcüzəlidir. Qaraqoyunlu bölgəsi inancında deyilir ki, ilin axır çərşənbəsində gecə yarısı yuyunub paklanandan sonra axar suyun qırağında oturub niyyətini ona danışsan, öz niyyətinə çatarsan. Dərdini, azarını, ağrını suya söyləsən, su gecə vaxtı hamısını özü ilə aparar.
Novruz inanclarında axar su ilə bərabər "lal su" adlandırılan bir suya da inam var. Quba-Şabran bölgəsinə məxsus bir inanc mətnində deyilir ki, ilin-ayın axırında (Novruz bayramından iki gün əvvəl) bulaqdan, yaxud çaydan – axar sudan "lal su" gətirilir. Su gətirməyə gedən qabı əlinə götürəndən ta suyu gətirib evdə iynə salınacaq qaba tökənəcən dinməməlidir (Həmin su şər qarışandan sonra gətirilir və bu suyu gətirən şəxs bir neçə nəfər tərəfindən müşayiət oluna bilər). Suyu qaba tökəndən sonra iki iynənin ulduzlu tərəfinə pambıq dolayır və hərəsini bir tərəfdən suya salırlar. Sonra iynələrin hərəkəti ilə müəyyən mülahizələr söyləyirlər. Uğurlu halda iynələr müxtəlif səmtlərə hərəkət etsələr də, axırda bir-birinə yaxınlaşıb bitişirlər. Əksinə olanda isə iynələr o tərəf-bu tərəfə hərəkət edir və bir-birinə qovuşmurdular. İynə suyun dibinə çökərsə, deməli, su "lal su" deyil.
Bu inanc fal mətnidir. Növbəti yarımfəsildə görəcəyimiz kimi, Novruz mərasim kompleksinin geniş yayılmış ayinlərindən biri su ilə falabaxmadır. Burada da su ilə falabaxma təsvir olunmuşdur. Lakin bizi burada maraqlandıran falabaxma yox, suyun nəyə görə "lal su" adlandırılmasıdır. Bizim fikrimizə görə, suyun lallığı onun danışıb-danışmaması ilə bağlı deyildir. Burada "lallığı" bir neçə məqamda görmək olar:
1. Mətndə bu "lal su" adlandırılan suyun axar sudan götürülməsi xüsusi vurğulanır. Demək, "lal su" – axmaz (axmayan) su deyil. Bəs bu halda onun "lal su" adı haradan yaranmışdır? Düşünürük ki, bu məsələdə suyun nə vaxt əldə edilməsi əsas şərtdir. Mətndə vurğulanır ki, "lal su" "ilin-ayın axırında (Novruz bayramından iki gün əvvəl)" və "şər qarışandan sonra" gətirilir. Buradan iki nəticə çıxır:
Birincisi, gətirilən su təzə su, yəni il təhvil olandan sonra gələn ilkin su yox, köhnə ilə məxsus köhnə sudur. Bu su indi axsa da, iki gündən sonra il təhvil olacaq və yeni il başlanacaq. Yəni bu su bir azdan axmayacaq, dayanacaq və bir anlığa da olsa axmaz suya – lal suya çevriləcək. Demək, burada "lal su" adını, əsasən, köhnə su, dayanacaq, axmayacaq su kimi başa düşmək olar.
İkincisi, bu su gecə – "şər qarışandan sonra" gətirilir. Xalq inanclarında gecə və qaranlıq şər vaxtı, gündüz və işıqlıq isə xeyir vaxtı hesab olunur. Məşhur atalar sözü də bu barədə xəbərdarlıq edir: "Gecənin xeyrindənsə gündüzün şəri yaxşıdır". Yəni gecə vaxtının xeyirində də bir şər var: çünki gecə şər vaxtıdır. Həmçinin gündüz vaxtının şərində də bir xeyir var: çünki gündüz xeyir vaxtıdır. "Lal su" da gecə vaxtı – şər vaxtı gətirildiyi üçün onu şər su hesab etmək olar. Axı onu içmək, həyət-bacaya səpmək üçün deyil, məhz fala baxmaq üçün gətirirlər. Bu halda da "lal su" adını gündüzün xeyir mənbəyi olan suyunun əksinə olaraq gecə suyu kimi də başa düşmək olar.
2. Digər tərəfdən. suyun "lallığı" onu gətirən adamın (o cümlədən müşayiət edən adamların) danışmaması ilə də əlaqədar ola bilər: "Su gətirməyə gedən qabı əlinə götürəndən ta suyu gətirib evdə iynə salınacaq qaba tökənəcən dinməməlidir". Dinsə – fal pozular. Yəni suyun yanında danışmaq olmaz. Su yol boyunca onu gətirənin səsini eşitməməlidir. Eşitsə – fal pozular. Ona görə ki, bir azdan həmin su ilə fala baxılacaq, su da niyyətdən asılı olaraq "öz dili" ilə, yəni iynələrin hərəkəti ilə tale söyləyəcəkdir. Demək, bu suyu falda "danışdırmaq", ondan tale öyrənmək üçün gətirirlər. Bu halda "lal su" adı həm onu gətirənin danışmaması – "lal qalması", həm də suyun yolda heç bir danışıq eşitməyərək "lal qalması" ilə əlaqədar ola bilər.
Novruz suyunun tale söyləməyinə gəlincə iki sınama mətnində bunu aydın görmək olur. Göyçə bölgəsinə məxsus mətndə göstərilir ki, ilaxır çərşənbəsində bir subay oğlana iki boşqab verib suya yollayırlar. Tapşırırlar ki, boşqablardan birini su ilə doldursun. Oğlan əgər sağ əlindəki qabı doldurub gətirsə, niyyəti hasil olar. Bu sınamada, heç şübhəsiz ki, sağ-solla bağlı qədim təsəvvürlər də öz əksini tapıb. Mifologiyada sağ tərəf həmişə sol tərəfə nisbətən üstün, hakim, daha xeyirli hesab edilib.
Gəncəbasar bölgəsindən toplanmış inanc mətni bir qədər fərqli olsa da, demək olar ki, eyni mənzərəni təqdim edir. Mətndə deyilir ki, axır çərşənbə gecəsində iki dolça götürüb xəlvətcə birini manşırlayırsan (burada: "işarələyirsən" – S.Q.). Dolçaların ikisini də bir uşağa verib suya göndərirsən. Ürəyində tutduğun – manşırladığın qab dolu gələrsə, niyyətinə çatarsan – deyərlər. Bu sınamada sağ-sol məsələsi yox, hansı qabı işarələmək əsasdır. Bunlar məsələnin sınama ilə bağlı texniki tərəfləridir. Əsas odur ki, insanlar axır çərşənbə suyu ilə öz niyyətlərini yoxlayırmışlar. Yəni bu su niyyət, tale ilə bağlıdır.
Novruz mərasim kompleksinə aid olan suyun mənaları genişdir. Buraya küsülülərin axır çərşənbə suyu ilə barışdırılması adəti də daxildir. Şəkidə çərşənbə axşamlarında küsülülərin barışdırılması mərasimi keçirilir. İlk addım bulaq başında atılır. Bir-birini uzun müddət danışdırmayan qızları araya alırlar, onlar səhənglərini dəyişdirməyincə əl çəkmirlər. Hər ikisini çimdikləyirlər. Üstlərinə sərin su atırlar. Sonra biri o birinin qabına su doldurub qabağına qoymalıdır. Qız elə oradaca barışmaq istəyirsə, küsülü rəfiqəsinin üstünə su çiləyir. Bulaq başında barışanların bir-birinə münasibəti su kimi şəffaf və aydın olur. İl boyu bir-biri ilə "can" deyib, "can" eşidirlər.
Qeyd edək ki, su kultu təkcə Novruz mərasim kompleksi ilə bağlı deyildir. Novruzdan kənar günlərdə də su kultunun izlərinə rast gəlirik. Burada əlamətdar olan odur ki, həm Novruzda, həm də bu mərasim kompleksindən kənarda su ilə bağlı inanclar bir-biri ilə qovuşur və vahid məna sistemi yaradır. Məsələn, Naxçıvandan toplanmış folklor mətnləri göstərir ki, əvvəllər həftənin hər gününün indikindən fərqli adları var imiş:
I gün – yel günü (bazar ertəsi);
II gün – süd günü (çərşənbə axşamı);
III gün – duz günü (çərşənbə);
IV gün – torpaq, ara günü (cümə axşamı);
V gün – od günü (cümə);
VI gün – su günü (şənbə);
VII gün – arınc (arınmaq və ayrılmaq) günü (bazar).
İnanca görə, su gününün əlamətləri də çoxdur. Bu gündə pal-paltarı, qab-qacağı doyunca suya tutarlar, paklayarlar. Bununla belə insanlar özlərini paklayarlar. Su üst-baş, qab-qacaq kimi insanın bədənini də təmizlər. Bu gündə bir az artıq su içib ruhu da qaralardan – şəklərdən, şübhələrdən arındırarlar (təmizləyərlər – S.Q.). Həyətə, ağaclara, əkinə su verərlər. Evə, həyətə, tövləyə, hinə su səpərlər, mal-qara, toyuq-cücəyə də bol-bol su verib, onların da üstünə su çilərlər. Bir də ki daşın üstünə su səpib onun canlı olduğunu ona bildirərlər ki, evlərimiz də, divarlarımız da bizə qarğış eləməsinlər.
Beləliklə, nəzərdən keçirilmiş inanc mətnləri göstərir ki, Novruz bayramı mərasim kompleksindəki su inancları əski su kultu ilə əlaqədardır. Su xalqımızın qədim mifoloji görüşlərində müqəddəs və canlı varlıq hesab olunub. Novruz mərasim kompleksi bu inancları bizə çatdırmaqla xalqımızın qədim mifoloji görüşlərini öyrənməyə, əski milli kimliyimizi, milli dünyabaxışımızı tədqiq etməyə imkan verir.

S.Qasımova
araşdırmaçı