

Mən bir an belə şübhə etmirəm ki, Azərbaycanın musiqi tarixi dahi Üzeyir Hacıbəylinin yaradıcılıq yolunu layiqincə davam etdirəcək yeni parlaq adlarla zənginləşəcək.
Bu sözləri Ankarada Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümünə həsr olunmuş konsert proqramı ilə çıxış edən Azərbaycanın Əməkdar artisti, tanınmış pianoçu İslam Manafov AZƏRTAC-a müsahibəsində deyib.
Agentliyin həmsöhbəti qeyd edib ki, Azərbaycan mədəniyyəti həmişə ən yüksək səviyyədə olub və dünyanın müxtəlif yerlərində hörmət qazanıb: “İstərdim ki, insanlar bundan sonra da ölkəmiz haqqında bilsinlər, Azərbaycanın mədəniyyət və incəsənət xadimlərindən nümunə götürsünlər”.
Onun sözlərinə görə, Azərbaycan hərbçilərinin fədakarlığı və qəhrəmanlığı, Prezident İlham Əliyevin parlaq siyasəti sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa edilib, ölkəmizin suverenliyi təmin edilib. Musiqiçi əlavə edib: “Digərləri arasında, həm də Qarabağın konservatoriyası adlandırılan Şuşa da azad edilib. İstərdim ki, Azərbaycanın mədəniyyət paytaxtında Bakı Musiqi Akademiyası ilə sıx əlaqədə olan, sözün yaxşı mənasında paytaxt məktəbi ilə rəqabət aparan konservatoriya açılsın”.
Əməkdar artist hesab edir ki, Bakı Musiqi Akademiyası Şuşadakı konservatoriya üçün nümunə ola və Azərbaycana görkəmli mədəniyyət xadimlərinin bütöv qalaktikasını bəxş edən məşhur Qarabağ musiqi məktəbinin bərpası səylərini dəstəkləyə bilər.
İki qardaş ölkənin mədəniyyət sahəsində qarşılıqlı fəaliyyətinə toxunan pianoçu xatırladıb ki, Azərbaycan mədəniyyətinin və musiqi məktəbinin Türkiyədə tanıdılması istiqamətində mühüm addımlar Nəsibə Zeynalova və Rəşid Behbudov kimi görkəmli şəxsiyyətlər tərəfindən atılıb. O vurğulayıb: “Sovet hakimiyyəti illərində respublikamızın bir çox sakinlərinin xarici ölkələrə səfər etmək imkanının olmadığı bir vaxtda qadağalar pərdəsini qaldıran, Azərbaycan xalqının zəngin irsi haqqında məlumatları digər ölkələrin, o cümlədən Türkiyənin ictimaiyyətinə çatdıran məhz mədəniyyət xadimləri idi. Qastrol səfərləri zamanı dostluq əlaqələri yarandı, dialoq körpüləri quruldu”.
İ.Manafov qeyd edib ki, 1987-1988-ci illərdə R. Behbudovla birgə çıxış etmək üçün Türkiyəyə gəlib.
O, SSRİ Xalq artisti, bəstəkar və dirijor maestro Niyazinin Türkiyənin “Koroğlu” operasının məşhur müəllifi Ahmet Adnan Sayqun ilə dostluğuna da diqqət çəkib. Pianoçu əlavə edib ki, Niyazi Sayqunun simfoniyalarından birinin dirijoru kimi çıxış edib.
Əməkdar artistin sözlərinə görə, ölkəmizin müstəqilliyini bərpa etməsi və dahi Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan-Türkiyə mədəni əlaqələrinə yeni təkan verilib. “Türkiyəyə çoxlu sayda müəllimlər gəldi, fəal mədəni mübadilə başladı. Qarda ölkənin musiqi dairələri və bütün ictimaiyyəti Azərbaycanın parlaq musiqiçilər qalaktikası ilə tanış oldu, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Aqşin Əlizadə və başqalarının adları qardaş ölkənin musiqi dərslik kitablarına salınıb”.
O əlavə edib ki, Türkiyədə yaşayan və ya bu ölkədə səfərdə olan Azərbaycanın mədəniyyət xadimləri də öz ifa proqramlarına ölkəmizin tanınmış bəstəkarlarının əsərlərini daxil etməyə çalışırlar. “Əsərin həcmindən, mövzusundan və tədbirə ayrılan vaxtdan asılı olaraq, biz bir və ya bir neçə Azərbaycan bəstəsini proqramlarımıza daxil etməyə çalışır, hər şeyi edirik ki, Azərbaycan irsi yaşasın və geniş musiqi auditoriyasına çatdırılsın”, - deyən İ.Manafov, habelə Azərbaycanın yeni gənc bəstəkar nəslinə dəstək verilməsinin vacibliyini vurğulayıb.