"Üç ölkə arasında münasibətlər həlledici mərhələyə keçib" Siyasət

"Üç ölkə arasında münasibətlər həlledici mərhələyə keçib"

"Azərbaycanın Müstəqillik Günündə üç qardaş ölkə liderlərinin - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Pakistan Prezidenti Şahbaz Şərifin və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Zirvə görüşünün keçirilməsinin tarixi və geosiyasi əhəmiyyəti var. Xüsusulə də Zirvə görüşünün Ermənistanın 30 illik işğalından azad edilən ərazilərimizdə baş tutması indiki beynəlxalq münasibətlər sistemində çöküşün baş verdiyi zamanda reallaşması dünyaya bir mesajdır. Cənubi Qafqazda dayanıqlı sülhün olmamasından istifadə edən güclər bölgədə öz oyunlarını, çirkin niyyətlərini həyata keçirmək üçün hazır vəziyyətdədirlər. "Üç qardaş" formatı Türkiyə., Pakistan və Azərbaycanın birliyini, əbədi dostluğunu nümayiş etdirir".

Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, indiki formatın yaranması tarixi zərurətdən irəli gəlir: "Türkiyə dünyada söz sahibi, yeni texnologiyalarla təchiz edilmiş orduya, güclü iqtisadiyyata malik ölkədir, Pakistan dünyada yeganə müsəlman ölkəsidir ki, nüvə silahına malikdir, Azərbaycan regional gücdür, Şərq-Qərb qlobal nəqliyyat və enerji dəhlizinin açarıdır. Belə olan halda bu ölkələrin birliyi yeni güc mərkəzi yarandığı anlamına gəlir”.

A.Hüseynov vurğulayıb ki, Türkiyə ilə Pakistan arasında münasibətlər də dostluq, qardaşlıq və strateji tərəfdaşlıq səviyyəsindədir: “Bu, özünü bu yaxınlarda Hindistanın təcavüzkar addımları zamanı büruzə verdi. Həm Türkiyə, həm də Azərbaycan Dehlinin təcavüzünü bisləyən bəyanatla çıxış etdilər, Pakistanın yanında olduqlarını rəsmi olaraq bildirdilər. "Üç Qardaş" formatında keçirilən Zirvə görüşü üç ölkə arasında münasibətlərin yeni və həlledici mərhələyə keçdiyini göstərir. İnanırıq ki, Türkiyə, Pakistan və Azərbaycan xalqları bu qardaşlığın bəhrəsini yaxın zamanda hiss edəcəklər".

Röya İsrafilova