

Babək Niftəliyev- 40
Onda musiqiyə sevgi uşaqlıq illərində yaranıb. Səkkiz yaşı olanda sazla maraqlanıb. Musiqi dünyasına ilk gəlişi də elə sazla-sözlə olub. Onda musiqiyə olan bu həvəsi görən valideynləri başa salıblar ki, səsi aşıqlığa yox, daha çox xanəndəliyə düşür. Və onların təkidi ilə muğamla məşğul olmağa başlayıb. Bu sənətin ilk sirlərini isə Gəncə 5 nömrəli musiqi məktəbində Sərdar Bağırovdan öyrənib. Sonradan Bakıdakı 6 saylı musiqi məktəbində Məmmədbağır Bağırzadənin sinfində oxuyub. Daha sonra indiki musiqi kollecində təhsilini davam etdirib. Burada ona Canəli Əkbərov dərs deyib. Milli Konservatoriyada isə Arif Babayevin şəyirdi olub. Bununla kifayətlənməyərək, zaman-zaman bir çox xanəndələrimizin dərslərində də oturub və nəhayət ki, muğamın sirlərini öyrənib. Haqsızlıq çox yerdə olduğu kimi, musiqi sahəsində də var. O da bu sənətdə ilk addımlarını atanda haqsızlıqla çox üzləşib. Amma ruhdan düşməyib, necə deyərlər, daha böyük inadla, daha sarsılmaz əzmlə irəliyə doğru addımlayıb...
Deyir ki:- “Mən xalq sənətkarıyam, xalqın içindəyəm, el arasında bir misal var: sənətkarı xalq dolandırar. Yaxşı ifaçı da elə xalqın içindən çıxır. Əsas o deyil ki, sənə ad versinlər. Xalqın səni sənətkar kimi görürsə yetər. Mənim üçün ən önəmlisi sənətdir. Çünki sənət olandan sonra hər şey özü gələcək.”
Şou-bizneslə çox maraqlanmır. Qalmaqaldan zəhləsi gedir. Dəfələrlə olub ki, qalmaqala salmaq istəyiblər, o isə buna getməyib. Ona qarşı paxıllıq edənlər də az olmayıb, amma heç birinə reaksiya verməyib. İlk növbədə çalışıb ki, irada, tənqidə qarşı dözümlü olsun və nəticə çıxarmağı bacarsın. Çünki yaxşı bilir ki, qərəzsiz tənqid bu sənətdə daha da önəmlidir, haqlı tənqiddən nəticə çıxarmaq isə inkişaf deməkdir...
Bu dəfə sizə haqqında söhbət açdığım xanəndə- əməkdar artist Babək Muğan oğlu Niftəliyevdir. O, 1985-ci ilin may ayının 29-da Kəlbəcər rayonunda dünyaya gəlib. Kəlbəcərdən çıxanda isə 8 yaşı var idi. Uşaqlıqda çox sakit oğlan olub. Elə sakit olduğuna görə də, əzizləmək mənasında onu “Babuş” deyə çağırıblar. Yaşı qırxı haqlasa da, hələ də sakitliyini, təmkinini qoruyub saxlaya bilib..
“Məni özümdən yalnız kimsə artıq hərəkət edərsə çıxara bilər. İstəyir çöldə olsun, istəyirsə toyda. Onda Allah göstərməsin mənim o üzümü, bilirsən nələr olur. Onda məni tanımaq olmur. Şükür, hələ belə bir şey olmayıb.”- söyləyir...
Xanəndə kimi çoxdan tanınır. İlk uğuru isə "Sənsiz keçən ömrüm" mahnısı olub və məclislərə də məhz bu mahnının ifasına görə çağırırdılar. Alim Qasımovu özünün kumiri hesab edir. Ciddi geyim tərzi var. Heç vaxt jins şalvar geyinib muğam oxumur. Bildirir ki, muğam ana laylası kimi müqəddəsdir, biz ondan mənəvi qida, tərbiyə alırıq. İstəyir ki, solo-konsertləri olsun, amma buna maddi imkanı yol vermir. Bəziləri kimi, efirlərə tez-tez çağırılmamasını faciə hesab etmir. Öz özərində işləməyi xoşlayır...
Müsahibələrinin birində deyib ki:- “Əvvəllər belə olmayıb, indi əksinədir, bəziləri maşınını satıb efirə çıxmaq üçün xərcləyir. Bəziləri də “day-dayıya” görə çıxır. Reklamlarda efirdə fikir vermirlər ki, sənətin var, ya yox. Zəmanə dəyişib, mən isə bir dinləyici kimi qıraqdan baxıram...”
Bəli, mayın 29-u əməkdar artist Babək Niftəliyevin 40 yaşı tamam olur, yubileyidir. Onu bu münasibətlə təbrik edir, can sağlığı və yaradıcılıq uğurları arzulayıram.
Çox yaşasın!
Hörmətlə, Elman Eldaroğlu