Tokioda Azərbaycan mədəniyyəti axşamı keçirilib Mədəniyyət

Tokioda Azərbaycan mədəniyyəti axşamı keçirilib

Tokio şəhərində Azərbaycan mədəniyyəti axşamı keçirilib. Tədbirdə Tokioda yaşayan azərbaycanlı Sura Mirzəyeva ölkəmiz, onun coğrafi mövqeyi, dövlət atributları, zəngin mədəniyyəti və mətbəxi haqqında məlumat verib. Qeyd edib ki, öz keyfiyyəti ilə seçilən və bütün dünyada "Made in Azerbaijan" brendi ilə tanınan bir çox ərzaq məhsulları və içkilər artıq Yaponiya bazarında da özünə yer tutur. Sonra tədbir iştirakçıları ilə birlikdə Azərbaycan mətbəxinin dadlı nümunələrindən olan küftə-bozbaş və kök salatı hazırlanıb. Qədim və zəngin Azərbaycan mətbəxinin bu nümunələrinin hazırlanması qaydası və lazım olan inqrediyentlər barədə yapon xanımlara ətraflı məlumat verilib.
Daha sonra yapon xanımların iştirakı ilə hazırlanan küftə-bozbaş və kök salatı qonaqlara təqdim edilib. Yeməyin tamına baxanlar onun çox dadlı olduğunu və ilk dəfə belə bir yeməklə qarşılaşdıqlarını söyləyiblər. Yapon musiqiçisi Kiyoşi Ohira həmin axşam restoranın qonaqları üçün Azərbaycan milli musiqi alətləri olan tarda və sazda xalq və bəstəkar mahnılarını ifa edib. Çıxış etməzdən əvvəl o, Azərbaycan musiqisi, milli alətlərimiz, o cümlədən tar və saz haqqında iştirakçılara məlumat verib. K.Ohiranın tarda səsləndirdiyi "Bayatı-Şiraz", "Sarı gəlin", sazda ifa etdiyi "Gözəlləmə", "Yanıq Kərəm" və digər musiqi nümunələrimiz iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
Tədbirin keçirildiyi "Ay səhrası" restoranının sahibi xanım Tanaka Maçiko AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə bildirib ki, Azərbaycan mədəniyyəti axşamı çox uğurlu alındı. Qonaqlara təqdim edilən Azərbaycan mətbəxi nümunələri və milli musiqisi yüksək qiymətləndirildi, alqışlarla qarşılandı: "Çox şadam ki, Azərbaycan mədəniyyətinə həsr etdiyimiz axşam qonaqlarımız tərəfindən çox yaxşı qarşılandı. Qədim və zəngin Azərbaycan mədəniyyəti, xüsusi tamı ilə seçilən mətbəxinizin nümunələri, eyni zamanda, milli musiqiniz qonaqlarımızın böyük marağına səbəb oldu. Açığını deyim ki, bəzi yaponlar hələ də Azərbaycanı tanımırlar. Düşünürəm ki, bugünkü tədbir ölkənizin Yaponiyada tanıdılması baxımından çox əhəmiyyətli olacaq. Yüksək mədəniyyətə malik olan Azərbaycan xalqına xoş günlər və firavanlıq arzulayıram".
Tədbirin digər iştirakçıları da fikirlərini müxbirimizlə bölüşüblər. Osaka şəhərinin sakini Şota Oya bildirib ki, Azərbaycan mədəniyyəti ilə ilk tanışlıq onda çox xoş hisslər yaratdı: "Mən tədbirə həyat yoldaşımla birlikdə gəlmişəm. Həm yeməkləriniz, həm də musiqiniz bizdə çox xoş hisslər doğurdu. Sanki nağıllar aləminə düşmüşdük. Doğrudur, Yaponiyada da tərəvəzlər və ətlə müxtəlif yeməklər hazırlanır. Lakin onların heç biri küftə-bozbaşın tamını vermir. Kök salatı da çox xoşumuza gəldi. Həyat yoldaşım həmin yeməklərin reseptini götürdü və bu yeməkləri evdə hazırlamaq niyyətindədir. Ümumiyyətlə, çox gözəl, yaddaqalan bir axşam yaşadıq. Böyük məmnuniyyətlə Azərbaycana səfər etmək və bu gözəl ölkə ilə tanış olmaq niyyətindəyik".