BMA-nın müəllimi beynəlxalq festivalın münsiflər heyətində Mədəniyyət

BMA-nın müəllimi beynəlxalq festivalın münsiflər heyətində

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) vokal müəllimi Dmitri Babayev noyabrın 23-dən 25-dək Çexiyanın Karlovy Vary şəhərində keçiriləcək "Suliko" Beynəlxalq Musiqi Festivalında münsiflər heyətinin üzvü qismində iştirak edəcək.
Bu barədə AZƏRTAC-a məlumat verən Dmitri Babayev bildirib ki, müsabiqənin münsiflər heyətində hər il olduğu kimi, bu il də müxtəlif ölkələrdən tanınmış ekspertlər, musiqi mütəxəssisləri yer alıb.
Onun sözlərinə görə festivalın keçirilməsində məqsəd yeniyetmələr arasında incəsənətin təbliğ edilməsi, təcrübə mübadiləsi və mədəni əlaqələrin dərinləşdirilməsindən ibarətdir.
Müsabiqədə Gürcüstan, Rusiya, Çexiya, Moldova, Argentina, Azərbaycan və Sloveniyadan yeniyetmələr iştirak edəcək. İştirakçıların solo, duet, caz imkanları yoxlanılacaq və hər bir təmsilçi ölkəsinin folklorunu nümayiş etdirəcək və onların səhnə performansları qiymətləndiriləcək.
Dmitri Babayev deyib ki, Azərbaycanı bu müsabiqədə, beynəlxalq müsabiqələr laureatı 9 yaşlı Selin Hüseynova və 10 yaşlı Fikrət Əliyev təmsil edəcək.
Qaliblərə diplom, mükafat və qiymətli hədiyyələr təqdim olunacaq.
Qeyd edək ki, Dmitri Babayev bundan əvvəl Latviya, Litva, Türkiyə, Gürcüstan və digər ölkələrdə keçirilən beynəlxalq müsabiqələrdə münsiflər heyətinin üzvü qismində iştirak edib.