Fərhad Xəlilova “Birlik ulduzları” mükafatı təqdim edilib Mədəniyyət

Fərhad Xəlilova “Birlik ulduzları” mükafatı təqdim edilib

Moskvada Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Fərhad Xəlilova "Birlik ulduzları" mükafatı təqdim edilib. MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) təsis etdiyi mədəniyyət, incəsənət və humanitar fəaliyyətə görə mötəbər mükafat 2016-cı ilin yekunlarına görə səkkiz nəfərə təqdim olunub. Təntənəli təqdimat mərasimi MDB ölkələri Elmi və Yaradıcı Ziyalılarının XII Forumu çərçivəsində keçirilib.
Mükafatı Rusiya hökuməti sədrinin müavini Olqa Qolodets təqdim edərək, tanınmış rəssam Fərhad Xəlilovun yaradıcılığını yüksək qiymətləndirib, onun Azərbaycan və dünya incəsənətində rolundan danışıb.
Xalq Rəssamı Fərhad Xəlilov AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın, eləcə də Aleksandra Paxmutova, Nikolay Dobronravov, Vladimir Spivakov, Yuri Qriqoroviç kimi dünya şöhrətli mədəniyyət xadimlərinin layiq görüldüyü mükafatı almaq onun üçün böyük şərəfdir.
Rəssam qeyd edib ki, Rusiya və Azərbaycan yaradıcı və elmi ziyalılarını uzun illərin dostluq əlaqələri birləşdirir. Bu il Moskvanın bir çox tanınmış mədəniyyət məkanlarında fərdi sərgilərim açılıb.
"Moskva dünyanın mədəniyyət mərkəzlərindən biridir. Mənim bu şəhərdə çoxlu dostlarım və həmkarlarım var. Moskvaya hər səfərimdən, bir sənət adamı və insan kimi buradan xoş təəssüratlarla qayıdıram. Mükafatın təqdimatı zamanı da dediyim kimi, mənim Rusiya paytaxtında sonuncu sərgim "Görüş" adlanırdı. Dostlarla görüş həmişə təbəssüm və xoş xatirələrdir. Bu da yaradıcı insan üçün olduqca vacibdir", - deyə Fərhad Xəlilov bildirib.
Qeyd edək ki, bu il "Birlik ulduzları" mükafatını alanlar sırasında Belarus Yazıçılar İttifaqının rəyasət heyətinin üzvü, Yanka Kupala adına Ədəbiyyatşünaslıq İnstitutunun direktoru İvan Saverçenko, Qazaxıstanın "Astana-Opera" teatrının direktor müavini Toleubek Alpiyev, Qırğızıstan Elmlər Akademiyasının akademiki Altay Borubayev, SSSRİ Xalq Artisti, moldovalı bəstəkar Yevgeni Doqa, SSSRİ Xalq Artisti, görkəmli baletmeyster Yuri Qriqoroviç və başqaları da var.
"Birlik ulduzları" dövlətlərarası mükafat 2009-cu ildə MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən təsis edilib. Mükafat elm və təhsil, mədəniyyət və incəsənət, habelə humanitar fəaliyyət nominasiyalarında təqdim olunur.