Heç yadına düşürəmmi görəsən Mədəniyyət

Heç yadına düşürəmmi görəsən

Xatirə Xatun

Uzaq yadım, yenə düşdün yadıma,
De hardasan, söylə görüm necəsən?
Xəyallar da daha çatmır dadıma,
Yavaş-yavaş yadlaşırsan deyəsən,
Heç yadına düşürəmmi görəsən?

Ürəyimin o əvvəlki odu yox,
Elə dərdlər daşıdı ki adı yox.
Bu baharın, sənsiz vallah dadı yox,
Daha elə ətir saçmır yasəmən,
Heç yadına düşürəmmi görəsən?

Sən ki məndən belə küsən deyildin,
Hər söz üstdə coşub-əsən deyildin.
Yanılmışam, bəlkə o sən deyildin
O yağışda görüşümə tələsən?
Heç yadına düşürəmmi görəsən?

Ən sevimli sözü səndin dilimin,
Unutdunmu sığalını əlimin?
Alırsanmı qoxusunu telimin
Əvvəlki tək yenə əsən küləkdən?
Heç yadına düşürəmmi görəsən?

Azım da sən, çoxum da sən demişdim,
Ən doyulmaz yuxum da sən demişdim,
Qəlbimdə sən, ruhumda sən demişdim,
Dəyişmədim, həmənkiyəm, həmənəm,
Heç yadına düşürəmmi görəsən?

Aramızdan nələr, nələr keçsə də,
Ağlar-gülər xatirələr keçsə də,
Aylar, illər, qərinələr keçsə də
Gəl, yolunu gözləyirəm yenə mən...
Heç yadına düşürəmmi görəsən?
Heç yadına düşürəmmi görəsən?...



İşkəncə



Bu isti yay səhəri
tərk elədim
sənli xatirələrlə dolu bu şəhəri.
Əlim boş,
qəlbim yüklü
sənli anlarımla
Getdim...
Arxama da baxmadım -
səssizcə, sakit...
Qorxdum oyadaram
birgə yaşadığımiz anların
acıli-şirinli xatirələrini
Körpəsini uyudub
gizlicə, astaca
ondan ayrılan ana kimi
getdim...
Qulağimda səsin,
əllərimdə əllərinin hərarəti,
saçlarimda əllərinin izi,
gözlərimdə sevda dənizi,
Ürəyimdə sən adlı dünya...
Bu, vüsaldımi guya?
Həsrətin sonuydumu səncə?
Heç nə başa düşmədim.
Tək bir şeyi anladım -
Bu görüşdən doğuldu
ayrılıq adlı yeni bir işkəncə...



Göyərçin

Şuşa

"Havalanmır xanın səsi",
Xatirələr deyir Şuşa.
"Qarabağın şikəstəsi"
Susub, qara geyir Şuşa.

Ömür daşdan keçsə əgər,
Bir an bir il qədər çəkər.
Açılmadı bilməcələr,
Haqqı soraqlayır Şuşa.

Namərdlər çıxdı yoluna,
Xainlər girdi qoluna.
"Çox ayının oyununa"
Hələ göz bağlayır Şuşa.

Aldanmır nabat-noğula,
Sabahı gəlmir ağıla.
Dünəni dönüb nağıla,
Üç alma saxlayır Şuşa.

Yol gözləyir gündüz-gecə,
Ağrı çəkir küçə-küçə.
Dustaqlıqda bizsiz keçən
Günlərini sayır Şuşa.

Gah Kərbala, gah Hələbdi,
Dərd çəkmək də bir ədəbdir.
Dəvəsi ölmüş ərəbdi,
Gözlərini döyür Şuşa.

Bulaqları buz bağlayıb,
Dodaqları köz bağlayıb,
Dizlərini qucaqlayıb
Özünü ağlayır Şuşa.



Günahlar ölmür

Suriyada güllə yarası almış
üç yaşlı uşağın son sözü: "Hamsını
Allaha deyəcəyəm"...

Ya düşmən əlində, ya dost əlində
Güllə hardan bilsin kimə açılır?
Üç yaşlı uşağın son mənzilində
Allaha şikayət andı içilir.

Gülüşü donduran səsə oyandı,
Bilməzdi gələcək qəfil gülləyə.
Qəlbində son ümid işığı yandı,
"Allaha şikayət edərəm"- deyə.

Qəlpələr quş kimi diddi ətini,
Qatil əmilərə acığı tutdu.
Qardaş Liviyanın müsibətini
Görəsən Suriya nə tez unutdu?

Bayraqlar başını aşağı əyib,
Döyüşlər səngimir bu günə kimi.
"Allaha şikayət edərəm" - deyib
Uşaq dərs öyrədir nümunə kimi.

İki qoçun başı bir məmləkətdə
Qan gölündə üzür, qaynamaq nədir?
Ölkə viran qalır - şəhərdə, kənddə
Hər kəsin əynində ölüm köynəyi...

Lənət bu dünyanın siyasətinə,
Yağış, qar yerinə od ələnirsə!
Cəllad fərman verir ana qətlinə,
Övlad göz önundə güllələnirsə.

Suriya danışır ana dilində,
Amma bir-birinin dilini bilmir.
Güllələr nə qədər, kimin əlində
Açılır, açılsın, günahlar ölmür.


Özün gəl

Gəlməyimi istəyirsən,
Yanıma, gəl,
Gəlişinlə bayram elə gəlişimi.
Azad burax, qəfəsdəki gülüşümü,
Dinimə, gəl.
Yerin gizli, qapım açıq,
Aramızda yaşanacaq yarımçıq
Fəsillər, illər qalır.
Ayrılıqdan hördüyümüz qalacıq
Gün-gün, an-an ucalır.
Ümidim ulduz dərir
qədərin baxçasında,
Paylaş, heç nə qalmasın,
Həsrətin boxçasında,
Yağışlar yavaşısın.
Əllərim saçına şeir oxusun,
Baxışım üzərlik toxusun gözlərinə,
Qəlbim sevgi qoxusun,
Çiçəklərin yerinə.
Bizim həyatda
ortaq sevincimiz olmadı,
O qədər gec qaldıq ki,
təmənnamız qalmadı.
Səni göylər çağırır,
məni yuvasız quşlar,
Göylərin yalnızlığı,
yuvanın soyuğu var.
Həmişə gileylisən,
Deyirsən,
əlim olub ətəyimdən uzun, gəl.
Qürura meyillisən,
Gəlməyimi istəyirsən,
Özün gəl...



Mənə bir az yalan danış

Mənə bir az yalan danış,
əzizim,
Yalan danış,
de ki səni sevirəm.
Səsin tanış,
sözün tanış, əzizim,
Amma qəlbin nə söyləyir,
bilmirəm.

Hər sözünə inanardım
bir zaman,
Keçdi daha,
o sən görən deyiləm
Çətin bir də belə yanam,
odlanam,
Çətin bir də
sınam belə, əyiləm.

Mənə bir az yalan danış,
əzizim,
Mən ki,
təkcə səndən sevgi umandım.
De ki, sənsən
sevgi adlı dənizim,
De ki, sənsən ilk sevincim,
son andım.

Mənə bir az yalan danış,
əzizim,
Aldat məni,
bəlkə bir də inandım..

Ehtiyacım var

Əllərim əlinə vurulub, gülüm
Gözum gözlərindən
göz çəkə bilmir.
Dilim can deməkdən yorulub,
gülüm
Dilindən bir şirin
söz çəkə bilmir.

Qulağım səsinə həsrət,
tamarzı,,
Bir şirin sözünə ehtiyacı var.
Əlimin saçına sığal çəkməyə,
Gözümün gözünə ehtiyacı var.

Adını deməkdən
yorulmaz dilim,
Bu eşqə köləyəm,
qulam, əsirəm...
Gündüzlər
şəklinə baxıram, gülüm,
Gecələr yuxumda
səni gəzirəm.

Bəlkə də hər şeyi
unutmaq olar,
Sənli yaddaşıma
çəkərəm qələm.
Gözlərim bulud tək
dolar-boşalar,
Səni özgəsiylə görsəm,
dözmərəm.