Mirzə Şəfi Vazehin 220 illiyi qeyd olunub Mədəniyyət

Mirzə Şəfi Vazehin 220 illiyi qeyd olunub

Tural

Sentyabrın 24-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə görkəmli maarifçi-şair Mirzə Şəfi Vazehin 220 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçirildi. Mirzə Şəfi Vazehin 220 illiyi ilə bağlı ölkə Prezidentinin müvafiq sərəncama uyğun olaraq təşkil olunan gecədə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək şairin həyat və yaradıcılığından, Azərbaycan ədəbi fikrində yerindən, klassik poeziyamızın inkişafında xidmətlərindən, maarifçilik ideyalarından söz açıb. Tiflisdə qəza məktəbində müəllim kimi fəaliyyət göstərən Vazehin burada dövrünün qabaqcıl adamları ilə ünsiyyətindən bəhs olundu. Alman səyyahı, Şərq poeziyasının tərcüməçisi Fridrix Bodenştedtlə tanışlığın şairin həyatında qoyduğu iz, əsərlərinin Avropada tanınmasının hansı keçməkeşli yol keçdiyi diqqətə çatdırıldı.
Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-tərcüməçi İlqar Fəhmi şairin ədəbiyyatımızda xidmətlərindən söz açdı. Onun 1844-cü ildə yaratdığı "Divani-Hikmət" ədəbi məclisində azərbaycanlı şair və yazıçılarla yanaşı, başqa millətlərdən olan şairlər, yazıçılar, alimlər, səyyahlar də iştirak etdiyindən və beləcə Şəfinin hələ o zaman ölkə sərhədlərini aşan ədəbi əlaqələr meyllərindən danışdı.
Tədbirin aparıcısı, Azərbaycan Dillər Universitetinin professoru Fəxrəddin Veysəlli isə Vazeh-Bodenştedt münasibətlərindən ətraflı bəhs etdi. Şərqə səyahətini başa vurub Almaniyaya qayıdan səyyahın Vazehin çap oluna biləcək kifayət sayda əsərinin olduğunu gördüyünü və onun şeirlərini 1851-ci ildə ədibin özündən xəbərsiz Avropada "Mirzə Şəfinin nəğmələri" adı altında alman dilində çap etdirdiyini xatırlatdı. Vazehin bədii irsinin çox az hissəsinin bu günədək hifz edildiyini bildirən natiq ölkə başçısının yubileylə bağlı müvafiq sərəncamından sonra şairin irsinin daha geniş şəkildə öyrənilməyə başlanmasını müsbət hal kimi dəyərləndirdi. Çıxışlardan sonra tədbir ədəbi hissə ilə davam etdi. Aktyorların ifasında şairin seçilmiş şeir nümunələri, dillər əzbəri olan qəzəlləri səsləndirildi. Xalq artisti Mənsum İbrahimovun gözəl ifaları tədbir iştirakçılarının alqışlarını qazandı.