Faşizm üzərində qələbənin 80 ili Gündəm

Faşizm üzərində qələbənin 80 ili

Mayın 9-u faşizm üzərində qələbənin 80-ci ildönümüdür.

Bildirək ki, Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət göstərib. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılıb. 1941–1945-ci illərdə Azərbaycanın 700 mindən çox igid oğlu və qızı cəbhəyə yollanıb. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçib. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif edilib. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunub.

Müharibə zamanı Bakı qısa müddətdə döyüşən ordu üçün silah-sursat cəbbəxanasına çevrilib. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılıb. Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə edilib. 1941-ci ildə 23,5 milyon ton "qara qızıl" çıxarılıb. Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edib. Bakı nefti faşizm üzərində qələbənin əsas amillərindən biri olub.

Qeyd edək ki, Azərbaycanda Qələbə Günü münasibətilə Bakı, Neftçala, Lənkəran və digər şəhərində parklar, abidələr və s. salınıb.

Xalqımız hər il 9 May – Qələbə Günündə İkinci Dünya müharibəsində iştirak etmiş həmvətənlərimizi yad edir, sağ qalanlara can sağlığı diləyir, dünyadan köçənləri isə minnətdarlıqla anır.

İkinci Dünya müharibəsində azərbaycanlıların iştirakı, göstərdikləri qəhrəmanlıqlar, bundan əlavə, Ermənistanın isə faşist niyyəti və satqın Qaregin Njdeyə abidə ucaltmaları və s. haqqında millət vəkilləri, politoloqlar fikirlərini “Xalq Cəbhəsi”nə bölüşüblər.

“Bu müharibədə Azərbaycan xalqının da töhfə verməsi tarixi hadisədir”

Milli Məclisin deputatı Tural Gəncəliyev qeyd edib ki, bizim Ermənistan üzərində qələbə qazanmağımız, Ermənistan faşizminin məhv edilməsilə biz İkinci Dünya müharibəsində alman faşizminin məhv edilməsi məsələləri arasında bağlantı qura bilərik: “Çünki həm erməni-daşnaq faşizminin, həm də alman faşizminin əsas məqsədi digər xalqların məhv edilməsi, onlara qarşı müharibə açılması kimi təhlükəli ideoloji xətlərə söykənirdi. Ona görə də bizim 9 May – Qələbə Gününü qeyd etməyimiz 300 min azərbaycanlının məhz faşizm üzərində mübarizədə öz həyatlarını itirməsi ilə əlaqədardır”.

Deputat bildirib ki, XX əsrin ən böyük, təhlükəli ideologiyası olan, bəşəriyyətə, insaniyyətə qarşı böyük təhlükələri özündə daşıyan alman faşizminin kökünün kəsilməsindən ötrü Azərbaycan xalqının da töhfə verməsi tarixi bir hadisədir: “Bizim vətəndaşlarımız, soydaşlarımız arasında İkinci Dünya müharibəsinin iştirakçısı olmuş şəxslər var. Hər il 9 Mayda biz faşizm üzərində qələbəyə onların verdiyi töhfələr, qəhrəmanlıqlar haqqında danışırıq, həm də keçmiş faşizm ideologiyasının təhlükələri və onun risklərini bir daha xatırlayırıq ki, dünya bir də belə böyük fəlakətlə üz-üzə qalmasın”.

“Tarixdən bütün bəşəriyyət dərs götürməlidir”

T.Gəncəliyevin sözlərinə görə, amma təəssüflər olsun ki, belə faşist ideologiyalar yenidən baş qaldırır ki, bu, Azərbaycan xalqının 1991-ci ildə müstəqillik əldə etdikdən sonra üzləşdiyi erməni faşizmidir: “Ona görə də hesab edirəm ki, biz 9 Mayı həm tarixi əhəmiyyət baxımından bir daha xatırlamalı, həm belə fəlakətli, dəhşətli ideologiyaların saçdığı böyük riskləri göz önünə gətirməli, eyni zamanda, yeni ideologiyaların da, məsələn, erməni-daşnaq ideologiyasının baş qaldırmasına icazə verməməliyik. Tarixdən bütün bəşəriyyət dərs götürməlidir. Düzdür, bəşəriyyəti bürüyən bu bəlanın səbəb olduğu müharibələr yenə də təəssüflər olsun ki, insaniyyətə dərs olmur. Biz dəfələrlə bu hadisələrlə üzləşirik və üzləşməkdə davam edirik. Məhz bu baxımdan biz Azərbaycan xalqının həm alman faşizmi üzərində, həm də erməni faşizmi üzərində qələbəsini qeyd edirik. Xatırlayırsınız, biz əvvəllər 9 Mayı qeyd edərkən 1 gün öncə Şuşanın işğalı gününü ürək ağrısı ilə anırdıq. Ancaq bu gün 9 May Qələbə Gününü qeyd edərkən ondan əvvəlki gün - Şuşanın işğal edilməsi gününü artıq tarixin başqa səhifələrinə göndərmişik. Biz artıq böyük xalq olaraq həm faşizm üzərində qələbəni, həm də erməni-daşnaq faşizmi üzərində qələbəni qürur hissi ilə qeyd edirik”.

“Azərbaycanlıların faşizmə qarşı mübarizədə rolu...”

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Ruslanqızı İkinci Dünya müharibəsinin bəşər tarixinin ən qanlı və genişmiqyaslı müharibələrindən biri kimi tarixə düşmüş bir savaşı olduğuna diqqət çəkərək bildirib ki, belə bir müharibədə Azərbaycanın oynadığı rol həqiqətən də danılmaz və böyükmiqyaslıdır: “O zaman Azərbaycan Sovet Sosialist Respublikaları İttifaqı çərçivəsində bu müharibəyə qatılmışdı. Azərbaycanlılar faşizmə qarşı mübarizədə ciddi rolu ilə seçilən xalqlardan olub. Bilirik ki, təkcə əsgərimizlə verdiyimiz dəstək deyil, eyni zamanda, Bakı nefti və hərbi texnika dəstəyi ilə Azərbaycan bu müharibədə iştirak edib, faşizmə qarşı mübarizə aparıb”.

Faşizm ideologiyası və Ermənistan

Politoloq bildirib ki, Sovet imperiyasının İkinci Dünya müharibəsi dövründə istehsal etdiyi neftin 70 faizi Bakının payına düşürdü: “Təkcə bu fakt özü özlüyündə Azərbaycanın bu mübarizədə və qələbədə oynadığı rolun hansı miqyasda olduğunu deməyimizə əsas verir. Azərbaycanın faşizmə qarşı mübarizədə bu cür böyük imkanlarını ortaya qoyduğu bir vaxtda buna paralel olaraq Ermənistan faşist Qaregin Njdenin heykəlini ucaldan bir dövlət kimi də tarixə düşmüşdü. Düşünürəm ki, bu məsələləri qeyd edərkən elə bu fakt üzərindən iki dövlət arasında müqayisə aparıb faşizm ideologiyasının Ermənistanda bu gün də davam etdiyini deməyimizə əsas verir. Yəni Qaregin Njdenin Ermənistanda heykəlinin qoyulması elə bu gün də faşizm ideologiyasının Ermənistanda hakim olduğunun göstəricisidir”.

Bakı nefti

Politoloq İlyas Hüseynov qeyd edib ki, Azərbaycan İkinci Dünya müharibəsində qələbənin əldə olunmasında böyük töhfələr verib: “İlk növbədə qəhrəman oğul və qızlarımız həm ön, həm də arxa cəbhədə faşizmin qarşısının alınmasında böyük fədakarlıq nümayiş etdiriblər. Xüsusilə Sovet ittifaqı qəhrəmanlarının xatırladılması önəmlidir. Həzi Aslanov, Mehdi Hüseynzadə, Rixard Zorge kimi fədakar igidlərimiz bütün Sovet ittifaqı miqyasında şöhrət qazanıblar. Akademik Yusif Məmmədəliyevin yüksək oktanlı benzini kəşf etməsi Sovet aviasiyasına böyük üstünlüklər qazandırıb və səmada Sovet qırıcılarının, bombardmançılarının böyük üstünlüyünü təmin edib”.

İ.Hüseynov vurğulayıb ki, bütün bu önəmli hadisələr fonunda Bakıya "Qəhrəman şəhər" adının verilməməsi böyük təəssüf doğurur: “Sovet rəhbərliyi bu məsələni bu cür izah edirdi ki, hərbi əməliyyatlar Bakı şəhərində keçirilmədi və qəhrəman şəhər məhz hərbi əməliyyatların olduğu şəhərlərə verilir. Amma nəzərə almaq lazımdır ki, Sovet tankları, aviasiya, artilleriyası məhz Bakı nefti hesabına ayaqda qalırdı. Azərbaycan həmin dövrdə rekord həcmdə cəbhəyə neft, yanacaq-sürtkü materialları göndərmişdi”.

“Bu, tamamilə yolverilməzdir”

Politoloq təəssüflə qeyd edib ki, faşizm üzərində tarixi qələbədən sonra faşizmin ardıcılları tapılır: “Qaregin Njde, Drastamat Kanayan və digər faşizmin təbliğ olunmasında yer alan üçüncü reyxin əlaltıları bu gün Ermənistanda qəhrəman şəkildə təqdim olunur, onlara abidələr, büstlər ucaldılır, onların adına küçə və prospektlər verilir. Bu da tamamilə yolverilməzdir. Ermənistanın hazırkı siyasi esteblişment Qaregin Njdenin abidəsinin sökülməməsini bu cür izah edir ki, onun dövründə bu abidə qoyulmamışdı. Lakin onun ideallaşdırılmasının qarşısını Ermənistanın indiki siyasi rəhbərliyi ala bilər. Təəssüflər olsun ki, buna da nəinki, mane olur, əksinə, rəvac verir, stimullaşdırır”.

“Azərbaycan xalqı qəhrəman xalqdır”

Onun sözlərinə görə, Azərbaycan öz ərazilərini düşmən işğalından azad edib və böyük tarixi Zəfəri qazanıb: “Bütün ölkə ərazisində suverenlik Müzəffər Ali Baş Komandan cənab İlhm Əliyev və qəhrəman Ordumuz sayəsində mümkün olub. Biz ölkəmizdə həm də “Konstitusiya və Suverenlik İli”ni qeyd edirik. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Həm vaxtıkən mövcud olmuş quruluşun müdafiəsində fəal iştirak edib, eyni zamanda, öz doğma tarixi torpaqlarımızın azad olunmasında da böyük fədakarlıq nümayiş etdirib”.

Röya İsrafilova