“Mina təhlükəsi var” Gündəm

“Mina təhlükəsi var”

“Mina təhlükəsi tez bir zamanda sovuşan bir məsələ deyil. Onun tam təmizlənməsi illər aparır. Bildiyimiz kimi, 1992-ci ildə Qarabağ savaşı dönəmindən bu günə qədər torpağın aşılanması, yağış və qar suyu nəticəsində bəzi ərazilərdə minalar üzə çıxır və bunun nəticəsində insanlar xəsarət alır, bəziləri isə minanın qurbanı olur”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında hərbi ekspert Anar Şuşalı deyib.

A.Şuşalı təəssüflə qeyd edib ki, mənfur qonşularımız Vətən müharibəsi və lokal xarakterli antiterror əməliyatlarından sonra məğlub bir ölkə olaraq minaların harada basdırılması üçün çəkilmiş xəritəni Azərbaycan tərəfinə verməkdən boyun qaçırır: “Bu da əlbəttə ki, həm hərbçilər, həm də mülki insanlar üçün birbaşa təhlükədir. Müharibənin bitməsinə baxmayaraq hərbçilər və mülki insanlar arasında bu günlərdə də xəsarət alanlar və qurbanlar var. Təbii ki, bütün bunların fonunda Ermənistan tərəfinə siyasi təzyiqlər olsa da, həmin xəritələri əldə edə bilməmişik. Bir də düşünürəm ki, bəzi ərazilərin xərtələri olsa da kortəbii basdırılan xəritələr bəlkə də Ermənistan tərəfində yoxdur. Bu həm də həmin ölkənin vahid komandanlıq tərəfindən idarə olunmamasının nəticəsidir”.

Ekspert Azərbaycan tərəfinin sülhün tərəfdarı və istənilən anda qarşı tərəfin təxribatının qarşısının alınması üçün bütün gücə sahib olduğunu vurğulayıb: “Əslində biz beynəlxalq müstəvidə də təzyiqlərin göstərilməsi üçün işlər aparırıq. Amma bildiyimiz kimi, bəzi Avropa ölkələri, konkret Fransa və belə dövlətlər ikili oyun oynayırlar. Əlbəttə, bütün bunlara qarşı cənab Prezident İlham Əliyevin siyasi iradəsi qarşısında məğlub olurlar. Ali Baş Komandan keçirdiyi bütün beynəlxalq görüşlərdə həm Ermənistanın mina xəritələrinin verilməməsi, həm də onların işğal dövründə ərazilərin çirkləndirilməsi, talan edilməsi və abidələrin, yaşayış ərazilərinin necə məhv edilməsini qabarıq şəkildə diqqətə çatdırır. Azad olunmuş ərazilərin bir çox hissəsi artıq minalardan təmizlənib və həmin ərazilərdə tikinti-quruculuq və bərpa işləri aparılıb. Artıq Ağalı kəndindən başlayaraq Ağdam, Şuşa və digər ərazilərə vətəndaşlar köçürülüb. Qeyd etdiyim kimi mina təhlükəsi var. Əslində ölkəmizin müəyyən etdiyi portaldan qeydiyyatdan keçərək ərazilərə getmək doğru qərardır və vətəndaşlar da bu qərara hörmətlə yanaşmalıdır. Bir daha qeyd edirəm ki, ölkəmiz Ermənistan tərəfinin minalanmış ərazilərin tam xəritəsini verməyənə qədər təzyiqlər göstərəcək”.

Röya İsrafilova