“Onların radioaktivliyi çox zəif olur” Gündəm

“Onların radioaktivliyi çox zəif olur”

“İranın nüvə mərkəzlərinin vurulması məsələsi hazırda gündəmdə olan bir problemdir. Bu obyektlər əsasən bir neçə sinfə bölünüb. Birinci növbədə tədqiqat xarakterli, yəni tədqiqat nüvə reaktorudır. Bunların vurulması uzaq məsafəli ətraf mühit üçün bir problem yaratmır. İkinci əsas tərkib hissəsi də dinc məqsədli nüvə zənginləşmə sentrifuqalarıdır. O sentrifuqaların da hamısının içində təbii uranın 235 ilə zənginləşməsi gedir”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında kimyaçı alim, akademik Adil Qəribov söyləyib.

Akademik onların çox böyük radioaktivlik problemi yaratmadığını bildirib: “Onlar alfa-radioaktivdir, elə bir uzaq məsafəyə təsir etmir və onların yarımparçalanma periodu çox böyükdür, milyon illərlə, milyard illərlə ölçülür. Buna görə də onların radioaktivliyi də çox zəif olur. Onların ətraf mühitdə yayılma ehtimalı çox azdır və küləklər də onu çox uzaq məsafələrə apara bilmir. Maksimum 10 kilometr məsafəyə gedə bilər. Həmin sentrifuqaları ABŞ, İsrail vurur, onların ətraf mühitə elə bir təsiri yoxdur. Əslində ətraf mühitə var , amma bizim üçün heç bir ziyanı yoxdur. Onlar bizim sərhədə heç zaman gəlib çıxa bilməz. Oradan bizim sərhədə qədər 600-700 kilometrdir, ona görə gəlmə ehtimalı yoxdur”.

Alimin sözlərinə görə, Buşehr Atom Elektrik Stansiyasına da ata bilməzlər, çünki o Stansiya Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən qorunan obyektlər siyahısındadır: “Buşehr Atom Elektrik Stansiyası dinc atom proqramı çərçivəsində tikilib, ona görə də ona nəzarəti Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) daimi şəkildə aparır. Nüvə ölkələri arasında da razılaşma var ki, bu cür obyektlərə həmlə olunmasın. Ona görə də Buşehr Atom Elektrik Stansiyasına həmlə olunma ehtimalı yoxdur. Əgər olarsa, əlbəttə, onda yaxın regionlar üçün böyük təhlükədir. Çünki orada küllü miqdarda həm daxilində, həm də anbarında nüvə materialları var. Onlar ətraf mühit üçün problem yarada bilər”.

Röya İsrafilova