Ərdoğan: "Qəzza üzrə sülh razılaşmaları icra olunmur" Gündəm

Ərdoğan: "Qəzza üzrə sülh razılaşmaları icra olunmur"

Qəzza zolağında sülhə dair əldə olunmuş razılaşmalar icra edilmir, bu da yalnız nifrət və düşmənçilik mühitinin kəskinləşməsinə gətirib çıxarır.

Xalqcebhesi.az xəbər verir ki, bu bəyanatla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "TRT World Forum" beynəlxalq forumundakı çıxışı zamanı bildirib.

Türkiyə lideri bildirib ki, Ankara tərəfindən böyük səylər göstərilən sülh sazişi təəssüf ki, tətbiq olunmur və beynəlxalq münasibətlərin təməli sayılan öhdəliklərə əməl olunması prinsipi praktiki müstəvidə işləmir. Ərdoğan vurğulayıb ki, Qəzzada müasir dövrün en böyük soyqırımı baş verib; 2023-cü ilin oktyabrından bəri İsrailin hücumları nəticəsində 75 min insan həlak olub, 176 min nəfər isə yaralanıb.

Prezident həmçinin Yaxın Şərqdə 270-dən çox mətbuat nümayəndəsinin qətlə yetirilməsini utancverici fakt adlandıraraq, mətbuat azadlığı üzrə beynəlxalq təşkilatların və BMT Təhlükəsizlik Şurasının nüfuzunun sorğulanmalı olduğunu qeyd edib. O, mövcud beynəlxalq sistemin öz müflisləşməsini etiraf etdiyini və günümüzün problemlərini "dünənki həll yolları" ilə həll etməyin qeyri-mümkün olduğunu əlavə edib.

Məryəm Quliyeva