Milli Kibertəhlükəsizlik Agentliyi fərdi məlumatların mühafizəsi tədbirlərinin gücləndirilməsinə çağırır Hadisə

Milli Kibertəhlükəsizlik Agentliyi fərdi məlumatların mühafizəsi tədbirlərinin gücləndirilməsinə çağırır

Son dövrlərdə beynəlxalq və regional miqyasda dövlət və özəl qurumların informasiya sistemlərində baş verən təhlükəsizlik insidentləri nəticəsində böyük həcmdə fərdi məlumatların sızması halları müşahidə olunur. Bu hadisələr fərdi məlumatların mühafizəsi sahəsində mövcud risklərin vaxtında müəyyən edilməsinin və qabaqlayıcı mühafizə tədbirlərinin gücləndirilməsinin vacibliyini bir daha göstərir.

Bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi xəbər verir.

Milli Kibertəhlükəsizlik Agentliyi tərəfindən fərdi məlumatların mühafizəsinin təmin edilməməsi halları ilə bağlı aparılan araşdırmalar göstərir ki, fərdi məlumatların sızmasına şərait yaradan əsas amillər sırasında informasiya sistemlərində mühafizə tədbirlərinin yetərli səviyyədə tətbiq edilməməsi və zəruri yenilənmələrin vaxtında aparılmaması, sistemlərə girişin və fərdi məlumatlara çıxış səlahiyyətlərinin düzgün idarə olunmaması, üçüncü tərəf xidmət təminatçıları ilə münasibətlərdə mühafizə öhdəliklərinin dəqiq müəyyən edilməməsi və onların icrasına nəzarətin zəifliyi, habelə fərdi məlumatların mühafizəsi ilə bağlı risklərin vaxtında müəyyən edilməməsi və aradan qaldırılmaması yer alır.

Bununla əlaqədar Agentlik fərdi məlumatların mülkiyyətçilərini və operatorlarını mövcud təşkilati və texniki mühafizə tədbirlərinin effektivliyini qiymətləndirməyə və müəyyən edilmiş risklər nəzərə alınmaqla həmin tədbirləri gücləndirməyə çağırır.

Agentlik xatırladır ki, fərdi məlumatların toplanılması və işlənilməsi onların mühafizəsinin təmin edilməsi öhdəliyini də yaradır. Fərdi məlumatların işlənilməsinin üçüncü tərəflərə həvalə edilməsi qanunvericiliklə müəyyən edilmiş mühafizə öhdəliklərini aradan qaldırmır. Bu öhdəliklərin pozulması qanunvericilikdə nəzərdə tutulmuş hallarda inzibati məsuliyyətə səbəb ola bilər.

Milli Kibertəhlükəsizlik Agentliyi fərdi məlumatların mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını diqqət mərkəzində saxlayır və aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görür.

Fərdi məlumatların etibarlı mühafizəsi yalnız qanunvericilik tələbi deyil, həm də vətəndaşların hüquqlarının qorunması və rəqəmsal xidmətlərə etimadın təmin edilməsi üçün mühüm şərtdir.