
İKI RAS: Həftəsonu Günəş fırtınaları gözlənilir
24 İyul 18:15
Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda Azərbaycan, bölgə və dünya ilə bağlı bir sıra önəmli məsələlər müzakirə olunub.
Prezident İlham Əliyevin forumda səsləndirdiyi fikirlər dünya mətbuatında geniş müzakirə edilib və rezonans doğurub.
Sözügedən Forumla bağlı politoloqlar fikirlərini “Xalq Cəbhəsi”nə bölüşüb.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva söyləyib ki, Şuşada keçirilən Qlobal Media Forumunda Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarını və beynəlxalq mövqeyini əks etdirən əsas məsələlərə toxundu: “Forumda çıxışı zamanı Prezident Azərbaycanın yaşıl enerji sahəsindəki strateji hədəflərini, COP29 çərçivəsində həyata keçirilən təşəbbüsləri və bu sahədə beynəlxalq tərəfdaşlıqları qeyd etdi. Neft və qaz resurslarından tam imtina edilməsə də, ölkənin təmiz enerji keçidinə verdiyi önəm vurğulandı. Azərbaycanın regionda tranzit rolu da ön plana çəkildi. Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistanın passiv mövqeyinin onu həm iqtisadi, həm də siyasi izolyasiyaya sürüklədiyi qeyd olundu. Naxçıvana maneəsiz gediş Azərbaycanın əsas tələbidir və bu tələb regional nəqliyyat dəhlizlərinin inkişafında mühüm əhəmiyyət daşıyır”.
Onun sözlərinə görə, Prezident çıxışında Azərbaycanın neokolonializmə qarşı prinsipial mövqeyindən də bəhs edərək Yeni Kaledoniyanın müstəqilliyinin tanınması istiqamətində irəliləyişin vacibliyini vurğuladı: “COP29 çərçivəsində qlobal istiləşmədən əziyyət çəkən kiçik ada dövlətlərinə dəstək üçün yaradılmış fond da Azərbaycanın beynəlxalq ədalətə töhfəsinin nümunəsidir”.
“Azərbaycan regional vasitəçilik missiyasını uğurla həyata keçirir”
Politoloq vurğulayıb ki, Qarabağ münaqişəsinin Azərbaycanın qəti qələbəsi ilə yekunlaşması, ölkənin xarici siyasətində yeni imkanlar açıb: “Azərbaycan bu gün regional vasitəçilik missiyasını uğurla həyata keçirir. İsrail-Türkiyə, Suriya-Türkiyə münasibətlərində, eləcə də NATO-Rusiya arasında vasitəçilik səyləri Azərbaycanın artan diplomatik çəkisinin göstəricisidir. Forumda ABŞ ilə münasibətlərdə Prezident Tramp dövründə yaranmış müsbət dinamika, onun sülhə töhfəsi və Prezident Əliyevin uzaqgörən fikirləri xatırladıldı. Bayden administrasiyasının Azərbaycana qarşı mənfi siyasətinə baxmayaraq enerji və təhlükəsizlik sahələrində əməkdaşlıq davam edir. Çinlə imzalanmış strateji sənədlər, viza rejiminin ləğvi və yaşıl enerji sahəsində əməkdaşlığın inkişafı da ölkənin çoxşaxəli siyasətini əks etdirir”.
“Forum müsbət nəticələrlə yadda qaldı”
Politoloq İlyas Hüseynov bildirib ki, Forum müsbət nəticələrlə yadda qaldı və bu gün də bütün dünyada müzakirə olunur: “Biz dünyadakı media trendlərinə, gündəminə baxanda da görürük ki, cənab Prezident İlham Əliyevin söylədiyi fikirlər hələ müzakirə olunmaqdadır. Hesab edirəm ki, qarşıdakı dövrdə də geniş fikir mübadiləsi aparılacaq. Çünki cənab Prezident ölkənin strateji prioritetlərinin regionda və dünyada mövqeyinin nədən ibarət olması haqqında müfəssəl biliklər bölüşdü. Bu da Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, ərazi bütövlüyü və suverenliyinin təmin olunması kontekstində xüsusilə diqqət cəlb edir. Digər tərəfdən Ermənistanla sülh prosesi, Azərbayanın bu istiqamətdə beynəlxalq hüquqa söykənən haqlı tələbləri də regional problematika baxımından önəmlidir. Çünki Ermənistan öz Konstitusiyasını dəyişməli, Azərbaycana qarşı ərazi iddialarına hüquqi zəmində son qoymalı və eyni zamanda Minsk qrupunun buraxılmasında təşəbbüskar dövlət rolunda çıxış etməlidir. Əks təqdirdə Ermənistan son onilliklərdə dəfələrlə mövqeyini dəyişib və hesab edirəm ki, revanşizmə tamamilə son qoymaq üçün Azərbaycanın tələblərinin yerinə yetirilməsi önəmli məsələdir”.
“Azərbaycan mediası günü-gündən inkişaf edir”
İ.Hüseynovun sözlərinə görə, Forumda xüsusi diqqət çəkən məqam bu tədbirin Milli Mətbuat Günü ərəfəsində keçirilməsi idi: “Artıq ənənəvi xarakter alan bu tədbirdə dünyanın aparıcı media nümayəndələri, jurnalistlər, ictimai fəallar iştirak edirlər və cənab Prezidentə sual vermək imkanı qazanırlar. Eyni zamanda, ötən bir il ərzində dünyada və regionda baş vermiş proseslər də bu suallarda və müzakirələrdə təhlil olunur və ictimaiyyət geniş məlumatlar əldə etmək imkanı qazanır. Eyni zamanda, Azərbaycan mediası da günü-gündən inkişaf edir. Dünyada qlobal proseslər fonunda Azərbaycan mediası da təkmilləşməlidir. Süni intellekt və onun yaratdığı yeni reallıqlar da xüsusilə jurnalistika sahəsinə təsir göstərir və ekspertlər də daim jurnalistlərlə təmasda olduğu üçün bu bayramın bir növ bir hissəsi də ekspertlərə düşür. Fürsətdən istifadə edərək Azərbaycan mediasını təbrik edir və yeni-yeni yaradıcılıq uğurları arzulayıram”.
“Forumun Xankəndidə keçirilməsi...”
Politoloq Yusif Bağırzadə diqqətə çatdırıb ki, Forumun məhz Xankəndidə keçirilməsi isə həm rəmzi, həm də siyasi baxımdan olduqca dəyərlidir: “Bu, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasından sonra yeni inkişaf mərhələsinə qədəm qoymasının ən aydın göstəricilərindəndir. Yəqin hər kəs razılaşar ki, Prezident İlham Əliyevin Forumun açılış mərasimində çıxış etməsi və xarici media nümayəndələrinin suallarını cavablandırması tədbirin əhəmiyyətini daha da artırır. Cənab Prezident bu dəfə də ona ünvanlanan suallara verdiyi açıq cavablarla təkcə görülən işlər, ölkəmizin bu və ya digər məsələlərə baxışlarını təqdim etmədi, eyni zamanda, həm də ayrı-ayrı mərkəzlərə mesajlar çatdırmış oldu”.
“Azərbaycan bu istiqamətdə xeyli işlər görüb”
Y.Bağırzadə qeyd edib ki, Şuşa Qlobal Media Forumunda vacib məqamlardan biri də Zəngəzur dəhlizi ilə bağlı oldu: “Cənab Prezident bu dəhlizin regionda sülhə, iqtisadi inkişafa töhfə verməklə yanaşı, bir çox ölkələri birləşdirən bir körpü olacağını da dedi. Prezident bildirdi ki, həm dəmir yolu, həm avtomobil yolunun keçəcəyi dəhliz təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsini nəzərdə tutmur, həm də özündə Orta dəhlizin və eləcə də Şimal-Cənub dəhlizinin vacib komponentini birləşdirən beynəlxalq tranzit dəhlizini ehtiva edir. Azərbaycan olaraq bu istiqamətdə xeyli işlər görüldüyü məlumdur”.
“Ölkə başçısı bir daha açıq şəkildə bəyan etdi ki...”
Politoloq vurğulayıb ki, Prezident İlham Əliyev Forumdakı çıxışında Ermənistanla sülh prosesinə dair mövqeyini bir daha diqqətə çatdırmış oldu: “Ölkə başçısı bir daha açıq şəkildə bəyan etdi ki, sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında dəyişiklik edilməli və Azərbaycana qarşı ərazi iddialarına son verilməlidir. Eyni zamanda, artıq funksiyasını itirmiş ATƏT-in Minsk qrupunun da ləğvi zəruridir. Hesab edirəm ki, bunlar gələcəkdə iki ölkə arasında etimad mühitinin yaranması üçün mühüm addımdır. Dövlətimizin başçısı bildirib ki, sülh sazişinin əsas mətni artıq razılaşdırılıb və bu sənədin paraflanma mərhələsi də Azərbaycan tərəfindən təklif olunub. Bu isə onu göstərir ki, Azərbaycan tərəfi regionda uzunmüddətli sabitliyin və əməkdaşlığın bərqərar olması üçün səmimi şəkildə sülhə çalışır”.
“Prezident Rusiyayya mesaj ünvanladı”
Y.Bağırzadə həmçinin deyib ki, Azərbaycan-Rusiya münasibətləri haqqında geniş danışan ölkə başçısı AZAL təyyarəsinin vurulması ilə bağlı Rusiya tərəfindən hələ də rəsmi cavab verilməməsini, ölkəmizin də təzminat məsələsinin açıq qalmasını və səbəbkarların cəzalandırılmamasını ədalətsiz hesab etdiyini ifadə etdi: “Cənab Prezident açıq şəkildə bəyan etdi ki, Rusiyanın bu cür mövqeyi və Rusiya Təhqiqat Komissiyasının səssizliyi məsuliyyətsiz davranışdır və bizim bunu unutmaq fikrimiz yoxdur. Bu konteksdə ölkə başçısı Beynəlxalq Məhkəməyə müraciət olunacağını da deməklə faktiki olaraq Rusiya tərəfinə mesaj ünvanlamış oldu”.
Röya İsrafilova