

Tramp Netenyahunun hərəkətlərindən narazı qalıb
Ötən həftə ABŞ prezidenti Donald Tramp İsrailin Qəzza və Suriyadakı hərəkətlərindən heyrətə gəlib. O, vəziyyəti "düzəltmək" üçün yəhudi dövlətinin baş naziri Benyamin Netanyahuya zəng edib. Mənbələr CNN-ə bildiriblər ki, vəziyyət getdikcə gərginləşir.
Qəzza zolağında yeganə katolik kilsəsinə edilən hücum Trampın əks reaksiyasına səbəb olub və Tramp Netanyahuya zəng edərək narazılığını bildirib. İsrailin baş naziri daha sonra zərbəni səhv adlandırıb. İsrailin Suriyanın paytaxtı Dəməşqdə hökumət binalarına endirdiyi zərbələr Trampı da təəccübləndirib.
Qeyd edək ki, hazırda onun administrasiyası müharibədən dağılmış ölkənin bərpası üzərində işləyir. Trampın mətbuat katibi Caroline Leavitt bildirib ki, ABŞ dövlət katibi Marko Rubio Suriyada gərginliyi azaltmaq üçün çətin səylər göstərir.
Israil Yaxın Şərqdə Qəzza zolağı və Suriyada həyata keçirdiyi hərbi əməliyyatlar dünyanın bir sıra aparıcı döblətlərin qıcığına səbəb olub.
Mövzu ilə bağlı qəzetimizə danışan politoloq Vüqar Dadaşov deyib ki, İsrail–İran müharibəsindən sonra İsrailin yeni eskalasiyaya gedəcəyi ehtimal edilirdi. Hələ İsrail–İran 12 günlük müharibəsindən əvvəl, Suriyada Türkiyə və ABŞ-ın birgə keçirdiyi əməliyyatla Bəşər Əsəd rejiminin devrilməsindən sonra İsrail yaranmış vəziyyətdən istifadə niyyətini gizlətmirdi. Hətta İsrailin Baş naziri Benyamin Netanyahu Suriyada Bəşər Əsəd rejiminin devrilməsində İsrailin də rolunun olduğunu bildirmişdi. Əslində, bu açıqlama ilə İsrail Suriyada möhkəmlənmək və Suriya hesabına ərazisini genişləndirmək niyyətini ortaya qoymuşdu.
Lakin Türkiyənin birbaşa müdaxiləsi, prosesi nəzarətə götürməsi və Suriyanın ərazi bütövlüyü ilə suverenliyinin qorunması xətti İsrailin Suriya ilə bağlı planlarını əngəllədi. Təbii ki, İsrail–İran müharibəsi İsrailin Suriya ilə bağlı məqsədlərini arxa plana keçirmişdi: “İsrailin Suriyaya hücumlarının bir neçə məqsədi var. Sözsüz ki, druzlar Suriyaya müdaxilə üçün vasitə kimi istifadə olunur. Druzlar və sünni bədəvilər arasında ərazi mübahisəsi və 200-dən çox insanın ölümü İsrailin siyasi və hərbi məqsədləri üçün fürsətlər yaradır.
İlk mərhələdə İsrailin məqsədi cənubda demilitarizasiya zonasının formalaşdırılması və sərhəd təhlükəsizliyinin təmin edilməsidir. Məlumdur ki, 2024-cü ilin dekabrından etibarən İsrail Suriyanın cənubunu – Süveyda, Dəra və Quneytra əyalətlərini silahlardan təmizləməyi və bu bölgədə demilitarizasiya zonasının yaradılmasını tələb edir.
2025-ci ilin martında İsrail bu bölgələrə Suriyanın yeni keçid prezidenti Əhməd Əş-Şasranın qüvvələrinin daxil olmasına qarşı çıxdı və hərbi əməliyyatlar həyata keçirdi. Bu əməliyyatlar həm də cənub bölgəsindən əhalinin çıxarılmasına hesablanmışdı.
İsrailin Suriyaya hücumunun məqsədlərindən biri də Suriyada mərkəzləşmiş yeni hökumətin formalaşmasının qarşısını almaqdır. İsrail Suriyada kürdlərə və druzlara muxtariyyətin verilməsinə çalışır. Bu yolla Suriya mərkəzi hakimiyyətinin güclənməsinin qarşısını alır və gələcəkdə daxili qarşıdurmalar üçün zəmin hazırlayır.
Belə bir fikir də var ki, İsrail Suriyada İranla əlaqəli “Hizbullah”, Həşd, HTŞ və sair qrupların dirçəlməsi ehtimalını da məhv etmək istəyir”.
O, qeyd edib ki, İsrailin Suriyaya hücumları əslində "vəd edilmiş torpaqlar" konsepsiyası çərçivəsində "Böyük İsrail" planının tərkib hissəsidir. Bu planın reallaşması üçün isə İsrail regionda güc və nüfuz sahibi kimi qəbul edilməlidir. Demək, İrana, Yəmənə, Livana və Suriyaya hücumlar bu planın mərhələləridir.
İsrailin İranda Pəhləvi monarxiyasının bərpası planları etiraf edilməsə də, məlumdur ki, Rza Pəhləvi israilli hökumət dairələri ilə əlaqələri var. 2025-ci ilin iyununda keçirilən “Munich Convergence Summit”də Rza Pəhləvi İranın keçid hökuməti üçün lider kimi təqdim olunmuşdur: “Belə bir qənaət də var ki, Netanyahu iqtidarının hakimiyyətdə qalması üçün xarici hərbi toqquşmalar və müharibələr bir növ dayaq rolunu oynayır. Nəzərə alsaq ki, Netanyahu və onun kabinet üzvlərinin bəzilərinə qarşı beynəlxalq hüquqi təqiblər aparılır, bəzi ölkələr isə İsraillə əməkdaşlıqdan imtina edir və sanksiyalar tətbiq edir – bu halda müharibə və hərbi qarşıdurmalar Netanyahu hökumətinin hakimiyyətdə qalması üçün bir alətə çevrilir.
İsrail–Türkiyə hərbi toqquşması ehtimalına gəldikdə isə, bu ehtimal real deyil – həm güc balansı, həm də ABŞ və Böyük Britaniya faktoruna görə. Əgər İsrail ABŞ-a arxalanırsa, ABŞ İsrailə görə NATO müttəfiqi Türkiyə kimi bir güclə toqquşmaya getməyəcək. Həmçinin Böyük Britaniya ilə Türkiyə arasında inkarolunmaz müttəfiqlik münasibətləri mövcuddur. Yeri gəlmişkən, Böyük Britaniya və Almaniya arasında imzalanan əməkdaşlıq sazişi təkcə Avropada deyil, bütün dünyada yeni güc mərkəzi formalaşdıra bilər.
İsrail Azərbaycan faktorunu da nəzərə almaq məcburiyyətindədir. Bakının Türkiyə–İsrail və İsrail–Suriya danışıqlarına ev sahibliyi etməsi Azərbaycanın hər iki tərəfə təsir və nüfuzunu göstərir və nəzərə alınmalıdır.
İsrail–İran müharibəsindən sonra İran regionda mövqeyini əsaslı şəkildə itirib. Artıq bəllidir ki, İran nüvə silahı əldə etmək imkanını tamamilə itirib. Əbəs deyil ki, İran tərəfi nüvə danışıqlarının əhəmiyyətsiz olduğunu bildirir, ABŞ və İsrail isə bu danışıqları tezləşdirmək istəmir. İranın Ermənistan–Azərbaycan danışıqlarına və İsrail–Suriya gərginliyinə neytrallığı isə onun zəifləyən mövqeyinin nəticəsidir.
Bütün bunlar onu göstərir ki, İsrail və Türkiyənin regionda hökmranlığı artıq məcburi bir reallığa çevrilib”.
Politoloq Vəli Əlibəyov isə deyib ki, həqiqətən də İsrailin Suriyaya hücumları Yaxın Şərqdəki ümumi geosiyasi mənzərəyə tam zidd olan hücumlardır. Çünki ABŞ də hazırkı Suriya hakimiyyətini və eyni zamanda Türkiyənin Suriyadakı stabilləşmə planını qəbul edib. İsrail də ABŞ-nin birbaşa müttəfiqi olduğuna görə onun Suriyaya qarşı belə hücum etməsi həqiqətən də məntiqə sığmayan bir şeydir. Adətən bu, bir çox dövlətlərdə olur. Hakimiyyətdə olan qüvvələr İsraildə hakimiyyətdə qalmaq üçün hərbidən kənarda düşmən axtarmaqda istifadə edirlər. Bilirik ki, İranda İsrail öz məqsədlərinə tam olaraq nail olmadı. Üstündən bir müddət keçib və yəqin ki, İsrailin daxilində hakimiyyətə haqlı suallar ünvanlanır və belə bir vəziyyətdə yeni bir düşmən ortaya qoyulmalıdır. Bu düşmən Suriya olaraq İsrail xalqına təqdim olunur və onlara hücumları da bunu əsaslandırır.
V.Əlibəyov bildirib ki, Suriyanın təhlükəsizliyi, birliyi, sabitliyi və suverenliyinə dəstəyi ifadə edən birgə bəyanatı yayan ölkələr arasında elə Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı bunların əksəriyyəti də ABŞ-nin müttəfiqləri olan dövlətlərdir: “Onu da deyim ki, İsrailin Suriyaya bu hücumu nəticədə son vaxtlar müşahidə olunan Ərəb ölkələrinin İsraillə əməkdaşlıq etmək cəhdlərini, imkanlarını sıfıra endirir. Bilirik ki, ABŞ-də “Avraam razılaşmaları” həyata keçirilir və onun məqsədi Ərəb dövlətləri ilə İsrail arasında sülhün əldə olunmasıdır. İsrailin də artıq Suriyaya hücum etməsi bunun qarşısını alan bir həmlə idi. Bir daha deyirəm, bu, çox gözlənilməz hücumlardır. Bunun arxasında nələr durur hələ dəqiq bilinmir. Bir az gözləyək, görək. Bu, elə ABŞ üçün də gözlənilməz zərbələr oldu”.
Politoloq Oqtay Qasımovun fikrincə, Türkiyə daxil Ərəb ölkələrinin dünən yaydığı bəyanat, əslində, Suriyadakı vəziyyətin mürəkkəbliyini göstərir. Nəzərə alsaq ki, İsrail iki gün öncə suveren bir ölkənin ərazisinə hücum etməklə beynəlxalq hüququ kobud şəkildə pozub və özünün maraqlarını təmin etmək üçün Suriyanın faktiki olaraq dövlət kimi mövcudluğunda maraqlı olmadığını göstərib. İsrail Suriya daxilində müxtəlif etnik-dini qrupları dəstəkləməklə öz niyyətlərini həyata keçirir. İsrailin Suriyaya bu hücumları Yaxın Orta Şərqdə gərginliyi yenidən ciddi şəkildə yüksəldib və eskalasiya riskini artırıb. Suriya ilə qonşu olan dövlətlərin hər biri bundan öz narahatlıqlarını ifadə eləyirlər. Proseslərin bu gedişatı regional savaşdan qlobal gərginliyə qədər yüksələ bilər.
O.Qasımov əlavə edib ki, o baxımdan dünən yayılan bəyanat mühüm bəyanatdır: “Sadəcə olaraq bu bəyanatı yayılan ölkələrin İsrailə təzyiqləri nə qədər olacaq və onlar öz mövqelərində qətiyyət nümayiş etdirəcəklərmi? Biz bunu görəcəyik. Hər halda Suriyada baş verənlər bu bəyanatı yayan ölkələrin hər birini ciddi şəkildə narahat edir və onların özünün də təhlükəsizliyi ilə bağlı müəyyən problemləri ortaya çıxarır”.
Politoloq hesab edir ki, bölgə ölkələrinin İsrailə təzyiqləri artmalıdır və İsrail onun qarşısında ciddi əngəllərin olacağını anlamalıdır: “Eyni zamanda, bu dövlətlərin hər birinin ABŞ ilə kifayət qədər yaxın münasibətləri var və ABŞ ilə də İsrailə təzyiq etmək üçün dialoq aparılmalıdır”.
Cavid