
Nyu-Meksiko universitetində atışma baş verib
25 İyul 18:00
"BTC Co. şirkətinə Bakı-Tbilisi-Ceyhan (BTC) ilə nəql olunan xam neft yüklənmiş bəzi daşımalarda üzvi xloridlərlə bağlı potensial keyfiyyət məsələsi olduğu haqda məlumat daxil olub".
Bunu “APA-Economics”in sorğusuna cavab olaraq “BP-Azərbaycan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib.
Onun sözlərinə görə, BTC Co. dərhal boru kəməri boyunca yerləşən bütün obyektlərdə xam neftin keyfiyyətinin hərtərəfli qiymətləndirilməsi işlərini həyata keçirib:
"Bu qiymətləndirmələrin nəticəsi göstərdi ki, Ceyhan terminalınadək boru kəməri boyunca yerləşən bütün obyektlərdə xam neftin keyfiyyəti qəbul olunmuş spesifikasiyaya uyğundur. Əlavə olaraq, Ceyhan terminalındakı çənlərin içərisindəki xam neftin keyfiyyətinin qiymətləndirilməsi işləri də aparılıb. Nəticədə bəzi çənlərdə xam neftin tərkibində üzvi xloridlərin mövcudluğu müəyyən edilib. Dərhal müvafiq tədbirlər görülmüş və həmin çənlər təcrid edilib. Məsələnin araşdırılması və tam aradan qaldırılması üçün işlər aparılır”, - Tamam Bayatlı qeyd edib.
Onun sözlərinə görə, hazırda Ceyhan terminalında xam neftin tankerlərə yüklənməsi əməliyyatları davam edir və bu əməliyyatlar yalnız keyfiyyəti qəbul olunmuş spesifikasiyaya uyğun kimi qiymətləndirilmiş çənlərdən həyata keçirilir.
Tamam Bayatlı əlavə edib ki, BTC boru kəməri vasitəsilə ixrac əməliyyatları da davam edir: “BTC Co. həmçinin bildirir ki, müəyyən müddət ərzində Ceyhan terminalında hər bir yeni yüklənən tankerdəki xam neftin keyfiyyətinin qəbul olunmuş spesifikasiyalara uyğunluğuna əminlik məqsədilə yükləmə öncəsi nümunələr yoxlanılacaq”.
Qeyd edək ki, “Reuters“ və “Bloomberg“ BTC vasitəsilə Azərbaycandan ixrac olunan xam neftin tərkibində neftayırma zavodlarının avadanlıqlarına ziyan vura biləcək orqanik xloridlərin aşkarlanması ilə bağlı xəbər yayıb. Bildirilib ki, neftin bəzi partiyaları artıq Avropaya çatıb.
"Reuters"in məlumatına görə, Çirklənmə faktı müəyyən edildikdən sonra Türkiyənin Ceyhan limanında xam neftin tankerə yüklənməsi dayandırılıb. 19-23 iyul tarixlərində yükləmələr həyata keçirilməyib.
İtaliyanın "Eni SpA" şirkəti bildirib ki, çirklənmiş neftin bir hissəsini alıb və həmin neftin bir hissəsi artıq onun emal zavodlarına daxil olub.
"Reuters"in mənbələri bildiriblər ki, ən azı 3-4 neft partiyası çirklənib və bu, xam neftin qiymətinin son dörd ilin minimum səviyyəsinə düşməsinə səbəb olub.
Məlumat üçün deyək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" blokunda hasil edilən neft və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.
BTC Co.-nun səhmdarları: bp (30.1%), SOCAR (32.97%), MOL (8.90%), TPAO (6.53%), Eni (5%), TotalEnergies (5%), ITOCHU (3.4%), ONGC Videsh (3.1%), ExxonMobil (2.5%) and INPEX (2.5%).