

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şimali Kiprdən qayıdarkən verdiyi açıqlama Zəngəzur dəhlizi məsələsini yenidən regional gündəmin əsas mövzusuna çevirib. Prezident Ərdoğan bəyanatında qeyd edib ki, Zəngəzur dəhlizi yalnız Azərbaycan, Ermənistan və Türkiyə üçün deyil, bütövlükdə region ölkələri üçün mühüm geoiqtisadi əhəmiyyətə malikdir. O, eyni zamanda, bu dəhlizin münaqişə mənbəyi deyil, konsensusun və əməkdaşlığın simvoluna çevrilməli olduğunu vurğulayıb. Sözügedən yanaşma Azərbaycanın milli maraqları ilə tam şəkildə üst-üstə düşür. Belə ki, Zəngəzur dəhlizi Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birbaşa quru bağlantısının təmin olunması, regiondaxili ticarət maneələrinin aradan qaldırılması və ümumilikdə türk dünyası ilə fiziki birləşmənin bərqərar edilməsi baxımından həyati əhəmiyyət kəsb edir”.
Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.
A.Qurbanova qeyd edib ki, Zəngəzur dəhlizi təkcə nəqliyyat-kommunikasiya layihəsi kimi deyil, həmçinin regionun geoiqtisadi xəritəsini yenidən formalaşdıracaq strateji təşəbbüs kimi qiymətləndirilməlidir: “Dəhlizin istismara verilməsi nəticəsində Azərbaycan və Türkiyə arasında fasiləsiz quru nəqliyyat əlaqəsi təmin ediləcək, Naxçıvanın uzun illərdir davam edən təcrid olunma vəziyyətinə son qoyulacaq, Mərkəzi Asiya ilə Avropa arasında ticarət dövriyyəsi və logistik imkanlar əhəmiyyətli dərəcədə genişlənəcək, eləcə də Orta Dəhliz təşəbbüsünün funksionallığı artacaq. Eyni zamanda, Ermənistanın da regional kommunikasiya sisteminə inteqrasiyası üçün yeni imkanlar yaranacaq. Cənab Ərdoğanın da qeyd etdiyi kimi, bu dəhliz yalnız region daxilində deyil, həm də beynəlxalq bazarlara çıxış baxımından xüsusi əhəmiyyət daşıyır”.
Politoloq əlavə edib ki, hazırda Çin ilə Avropa arasında daha sürətli, təhlükəsiz və sabit nəqliyyat alternativləri axtaran beynəlxalq yükdaşıyıcılar üçün Zəngəzur dəhlizi real alternativ kimi çıxış edə bilər: “Bu baxımdan dəhliz yalnız texniki-infrastruktur layihəsi deyil, həm də postmünaqişə dövrü Cənubi Qafqazda sülh və əməkdaşlıq modelinin əsas sütunlarından biri kimi qiymətləndirilməlidir. Azərbaycan bu məsələ ilə bağlı mövqeyini daim ardıcıl və prinsipial şəkildə ifadə edib. Rəsmi Bakının mövqeyinə görə, Zəngəzur dəhlizi Azərbaycanın milli maraqlarına birbaşa cavab verir. Bu layihənin həyata keçirilməsi ölkəmizin tranzit imkanlarının və geosiyasi çəkisinin artmasına, nəqliyyat-logistika infrastrukturuna daha çox beynəlxalq sərmayələrin cəlb olunmasına, eyni zamanda, Azərbaycanın regional və beynəlxalq diplomatik manevr imkanlarının genişlənməsinə şərait yaradacaq. Digər tərəfdən isə Azərbaycan bu dəhlizi Ermənistan üçün də strateji fürsət pəncərəsi kimi dəyərləndirir. Əgər rəsmi İrəvan yaranmış yeni geosiyasi reallıqları qəbul edərsə, uzunmüddətli blokadadan çıxmaq və regional inteqrasiyada yer almaq imkanına malik olacaq. Əks halda, Ermənistan özünü Cənubi Qafqazın əsas inkişaf proseslərindən kənarda saxlamaqda davam edəcək”.
O eləcə də bildirib ki, nəticə etibarilə, Prezident Ərdoğanın son bəyanatı göstərir ki, Zəngəzur dəhlizi həm Azərbaycan, həm də Türkiyə üçün strateji prioritetə çevrilib: “Bu dəhliz Cənubi Qafqazda sabitliyin, əməkdaşlığın və tərəfdaşlığın real simvoluna çevrilə bilər. Lakin bunun baş verməsi üçün əsas şərt regional dövlətlərin konsensus, qarşılıqlı hörmət və siyasi iradə nümayiş etdirməsidir. Azərbaycanın bu məsələyə yanaşması prinsipialdır. Qarabağ Zəfərindən sonra regionda formalaşan yeni reallıqlar fonunda Zəngəzur dəhlizi sadəcə nəqliyyat bağlantısı deyil, həm də siyasi transformasiya layihəsi kimi çıxış edir. Bu transformasiya prosesində isə Azərbaycan lider və təşəbbüskar ölkə olaraq öz mövqeyini daha da möhkəmləndirməkdədir”.
Röya İsrafilova