“ABŞ Ukraynadakı münaqişənin öz “idarəetmə pultundan” kənara çıxmasını istəmir” Gündəm

“ABŞ Ukraynadakı münaqişənin öz “idarəetmə pultundan” kənara çıxmasını istəmir”

“Ukrayna qüvvələrinin Rusiya qoşunlarına qarşı müqavimətində ciddi zəiflik görünməkdədir. Ən son məlumatlara əsasən, Rusiya qüvvələri Pokrovskdan şimal-şərqdə irəliləyərək Ukrayna qüvvələrinin mühasirəsini başa çatdırmaq üçün səylərini davam etdirir. ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasındakı görüşün ikinci raundu Ukrayna ərazilərində Rusiyanın yeni qazanclarının ardından baş tutacaq. Bunun özü çox şeyi deməsə də, Rusiyanı danışıqlarda şərtlərini təkrarlamağa, müharibə məqsədlərini irəliyə aparmaq üçün Trampla dil tapmağa həvəsləndirəcək”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib.

O əlavə edib ki, bununla belə, ABŞ Ukraynadakı münaqişənin öz “idarəetmə pultundan” kənara çıxmasını istəmir və Vaşinqtonun fəallaşan geosiyasəti, diplomatiyası Vaşinqtonu Moskvaya qarşı mövqelənmədə gücləndirə bilər: “Bu, çox ciddi bir siqnaldır və ehtimalla Rusiya ərazi qazanclarını ABŞ-nin strategiyası ilə uyğunlaşdıran düstur tapmasa, Vaşinqtonun modeli dəyişə bilər. Bu, əsasən, ABŞ-nin Rusiya daxilində kəşfiyyat əməliyyatlarına motivasiya verən hərəkətlərlə müşahidə oluna bilər. Bu, danışıqların və iki lider arasındakı geosiyasi bazarlıqlarda bölgülərə dair əhəmiyyətli razılaşma olmayacağı təqdirdə gözlənilən ssenaridir”.

A.Kərimovun bildirdiyinə görə, sövdələşmə predmeti isə bu cür nəzərdən keçirilə bilər: ABŞ Rusiyanı Ukraynadakı kampaniyada cəsarətləndirir və onu Avropanın içərilərinə doğru motivasiya edir: “Son zamanlar Rusiyanın Avropa qitəsində çoxsaylı müxtəlif hərəkətləri, o cümlədən kəşfiyyat əməliyyatlarını yeniləməsi bu versiyanı önə çıxarır. Əvəzində isə ABŞ Rusiyanın Mərkəzi Asiya, Cənubi Qafqaz və Balkan regionlarından sıxışdırılması kampaniyasını həyata keçirmək qətiyyətini nümayiş etdirə bilər. Putinlə Tramp Alyaskadakı görüşdən sonra danışıqların ikinci raunduna bu plan və niyyətlərlə gedir. Danışıqlardan əldə ediləcək nəticələr iki gücün manevrlərində təzələnmə rejimini müəyyən edəcək. Bu ya qanlı müharibənin davam etməsi ya da onun nizamlanmasında ehtiyatlı optimizmlərin sərhədlərini təyin edəcək”.

Röya İsrafilova