11:26
693
“Almaniya son vaxtlara qədər Fransa və Böyük Britaniya, eləcə də Avropa Birliyinin bəzi dövlətləri ilə Qəzza probleminin iki dövlət prinsipi ilə həllinə dəstək verirdi. Hətta Netanyahu hakimiyyətini Qəzzada zorakılıq törətməkdə suçluyurdu. Yəni Almaniyanın mövqeyi İsraili ittiham edən dövlətlərin mövqeyi ilə böyük ölçüdə üst-üstə düşürdü. Ancaq son vaxtlar belə çıxır ki, Almaniyanın mövqeyində kifayət qədər ciddi, həm də kəskin dönüş yaranıb. Çünki Almaniya artıq müstəqil Fələstin dövlətini tanımaq niyyətində olmadığını bəyan edir”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli söyləyib.
E.Xalidbəyli bunun bir sıra səbəbləri ola biləcəyini vurğulayıb: "Yəhudi lobbisinin təsirləri özünü göstərmiş ola bilər. Eyni zamanda, burada önəmli olan məqam ondan ibarətdir ki, hazırda ABŞ və Avropa Birliyi arasında olduqca kəskin ciddiyyətlər mövcuddur. ABŞ Avropa Birliyi ölkələrinə sərt şəkildə təzyiqlər göstərir. Ola bilər ki, bu məsələ də təsir göstərsin. Çünki ABŞ İsrailin ən yaxın müttəfiqidir. ABŞ İsrailin Yaxın Şərqdəki fəaliyyətini tam şəkildə dəstəkləyir. Üstəlik, İsrail Qəzza bölgəsində, ümumiyyətlə, Yaxın Şərq bölgəsində attığı bütün addımları ABŞ ilə razılaşdırır. ABŞ də iki dövlət prinsipinə qarşı çıxır və Fələstin dövlətinin yaradılmasını istəmir”.
O əlavə edib ki, ola bilər ki, Almaniya indiki məqamda ABŞ ilə münasibətlərini kəskinləşdirmək istəmədiyinə görə Fələstin dövlətini tanımayacağını bildirir və İsrail ilə yaxın münasibətlər qurmaq niyyətinə düşüb: “Yəni burada ABŞ faktoru müəyyən mənada rol oynamış ola bilər. ABŞ ilə ziddiyyətlərdən yayınmaq niyyətində olan rəsmi Berlin indi ABŞ-nin mövqeyinə paralellik təşkil edən mövqedən çıxış edərək Fələstin dövlətini tanımaqdan imtina etdiyini biruzə verir”.
Röya İsrafilova