11:12
1 155
“Fevralın 26-da Cenevrədə ABŞ-İran arasında danışıqlarının üçüncü raundu başlanacaq. Birinci və ikinci raundlar heç bir nəticə verməyib və ABŞ də İrana qarşı müharibəyə hazırlıqla bağlı prosesi öz məntiqi sonluğuna çatdırmaq niyyətindədir”.
Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov söyləyib.
Deputat bildirib ki, misli görünməmiş miqyasda silah-sursat, hərbi texnika, təyyarələr, gəmilər Fars körfəzinə yan almaqdadır: “Hadisələr 2003-cü ilin mart ayını xatırladır. O zaman ABŞ İraqa qarşı müharibəyə hazırlaşarkən də eyni addımlar atılırdı, eyni hazırlıq tədbirləri görülürdü. Bu baxımdan analoji vəziyyəti müqayisə etsək indi daha çox bu sual müzakirə olunur ki, müharibə nə vaxt başlayacaq? Müharibə başlayacaq və ya başlamayacaq sualı indi aktual deyil. Müharibə başlayacaq, sadəcə onun nə vaxt başlayacağı sualı ətrafında bu gün baş sındırılır. ABŞ Prezidenti Donald Tramp isə qeyd edib ki, biz İrana 10-15 gün vaxt veririk: birincisi, nüvə proqramından imtina etsin, ikincisi, yaxın, orta, uzaqmənzilli raket istehsalı proqramından imtina etsin, prosesi dayandırsın və həm də Yaxın Şərqdə Hizbullahı, HƏMAS-ı maliyyələşdirmək siyasətindən imtina etsin. Bu üç tələb yerinə yetiriləcəyi təqdirdə İranla danışıqlar və müharibəsiz keçinmək olar”.
E.Nəsirovun sözlərinə görə, ABŞ Prezident administrasiyasına yaxın mətbu orqanların verdiyi məlumata görə hətta İranın ali dini rəhbərinə qarşı da müəyyən planlar hazırlanıb: “Bu, ABŞ mətbuatının yaydığı məlumatlardır. Onların nə dərəcədə dəqiq olub-olmayacağı haqqında bir şey söyləmək çətindir. Amma hər bir halda proseslər kritik mərhələyə daxil olub və bu baxımdan Cenevrə danışıqlarına böyük ümidlər var. Çünki bu danışıqlar da nəticəsiz qalsa onda müharibəyə yol açılmış olacaq və onun qarşısını almaq istiqamətində hər hansı bir maneə olacağının işartısı belə görünmür”.
Röya İsrafilova
