
Azərbaycan xalqı Xocalı faciəsini heç zaman unutmayacaq.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov bildirib.
Deputat deyib ki, Xocalı faciəsi dünyada baş verən bir çox soyqırımı hadisələrindən öz qəddarlığı və amansızlığı ilə seçilir: “Azərbaycan xalqı bu cinayətlərlə, eləcə də torpaqlarının işğal altında qalması ilə barışmayacağını döyüş meydanında sübut etdi, şanlı tarix yazdı. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sülh quruculuğu prosesini uğurla irəli aparır. Eyni zamanda xalqımızın başına gətirilən faciələrin unudulmaması üçün davamlı addımlar atır. Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə işğaldan azad olunmuş ərazilərdə memorial komplekslərin inşası bunu bir daha təsdiq edir. Birmənalı olaraq müharibə dövründə törədilən bütün cinayətlərə görə Ermənistanın o dövrdə hakimiyyətdə olan bütün siyasi və hərbi rəhbərləri məsuliyyət daşıyırlar. Bu gün həm də təsəllimiz odur ki, bu cinayətləri törədənlərin bir qismi artıq cəzasını alıb, digər bir qismi da alacaq”.
Deputat Vüqar Bayramov qeyd edib ki, Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaq: “Bu gün isə Xocalı rayonunda yeni bir səhifə açılır. Azərbaycan Prezidentinin rəhbərliyi ilə işğaldan azad olunan bütün yaşayış məntəqələrində olduğu kimi, Xocalı da yenidən qurulur və inkişaf edir. Xocalı şəhəri və 7 kənd daxil olmaqla Xocalı rayonunda artıq 4 mindən çox sakin məskunlaşıb”.
Deputat Sahib Aliyev Xocalı soyqırımının törədilməsində 366-cı alayın iştirakının təsdiqlənmiş fakt olduğunu vurğulayıb: “Xocalı soyqırımı baş verərkən özlərini “kollektiv Qərb” adlandıranlar prinsipiallıq göstərərək ədalətin, beynəlxalq hüququn yanında yer alsaydılar, Ukrayna xalqı indiki reallıqla üzləşərdimi? 366-cı alaydakıların yolu ilə gedənlər Buçada Xocalıdakına bənzər qırğın törədə bilərdilərmi? Əlbəttə, yox! Ümid edirəm ki, Xocalı soyqırımını törədənlərdən sağ qalanların hamısı Qarabağdakı “miatsumçu” rejimin artıq haqlarında hökm çıxarılan təmsilçiləri kimi bir gün tutulub Bakıya gətiriləcəklər. Ermənistan özü də, əslində, bunda maraqlı olmalıdır”.
Deputat Bəxtiyar Əliyev nəzərə çatdırıb ki, əsrlər boyu azərbaycanlılar öz dədə-baba torpaqlarından qovulub, etnik təmizləməyə məruz qalıb, eyni zamanda da bütün dövrlərdə soyqırımına məruz qalıb: “1987-ci ilin payızında - noyabr və dekabr ayında Qafan rayonundan azərbaycanlıların kütləvi şəkildə qovulması başlandı. O qarlı günlərdə, soyuqda uşaqlar, qocalar ayaqyalın dağlardan keçərək Şuşaya, Xocalıya pənah gətirdilər və bununla da yeni bir soyqırımına sanki bir siqnal verildi”.
Bəxtiyar Əliyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtmasından sonra Xocalı soyqırımına hüquqi, siyasi qiymət verildi: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə Müzəffər Azərbaycan Ordusu torpaqlarımızı Ermənistanın işğalından azad etdi, döyüş meydanında mərd-mərdanə döyüşərək bütün şəhidlərimizin, o cümlədən Xocalı soyqırımına məruz qalmış vətəndaşlarımızın qisası alındı. Torpaqlarımız düşməndən azad edildi, Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü bərpa etdi. Bu isə şəhidlərimizin ruhuna verilən ən böyük dəyər idi”.