“Süni intellekt televiziya işində dəstək rolundadır” Gündəm

“Süni intellekt televiziya işində dəstək rolundadır”

“Süni intellekt telejurnalistikada hazırda əsasən dörd sahədə geniş istifadə olunur”.

Bunu baş redaktor Elmar Əbilov Xalqcebhesi.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə birinci mərhələdə müxbirlər reportaj və xəbərləri hazırlayarkən mövzuya uyğun faktların və statistik məlumatların toplanmasında süni intellektdən yararlanırlar. İkinci mərhələdə montaj prosesi gəlir – televiziya məhsulunun əsasını görüntü təşkil etdiyindən, mövzuya uyğun arxiv görüntü olmadıqda montajçılar süni intellektin yaratdığı videolardan istifadə edirlər”.

Baş redaktorun sözlərinə görə, üçüncü mərhələdə studiyalarda dekorasiyaların hazırlanmasında süni intellekt mühüm rol oynayır: “Əvvəllər bu proses eskizlər vasitəsilə həyata keçirilirdisə, indi verilişin məzmununa uyğun tapşırıq verildikdə süni intellekt dekorasiyanın ilkin görünüşünü, hətta işıqlandırmanı da təqdim edir ki, bu da işi xeyli asanlaşdırır.Dördüncü sahə isə efirdə məlumatların yayımıdır. Xüsusilə informasiya verilişləri və xəbər kanallarında süni intellektdən bu mərhələdə də geniş istifadə olunur”.

Eyni zamanda, baş redaktor bildirib ki, süni intellekt heç vaxt jurnalisti tam əvəz edə bilməz, yalnız tamamlayan alət rolunu oynayır: “Hadisə yerindən canlı yayımların təşkili insan amilini tələb edir. Eyni zamanda müsahibələrin hazırlanmasında jurnalistin iştirakı vacibdir. Burada söhbət canlı ünsiyyət və insani duyğuların ötürülməsindən gedir ki, süni intellekt bunu heç vaxt əvəz edə bilməz.

Günel Elxan