18:55
721
“Fevralın 26-da Xocalıda Soyqırımı Memorialının açılışı təkcə anım mərasimi kimi deyil, postmüharibə dövrünün simvolik hadisəsi kimi yadda qaldı. Dövlət başçısının və ailə üzvlərinin mərasimdə iştirakı bu məsələnin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bir daha göstərdi”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Alim Nəsirov söyləyib.
O bildirib ki, Memorialın məhz Xocalıda ucaldılması xüsusi məna daşıyır: faciənin baş verdiyi torpaq artıq yalnız kədər məkanı deyil, həm də tarixi həqiqətin nümayiş olunduğu ünvan kimi təqdim olunur: “Bu addım həm daxili ictimai rəyin möhkəmləndirilməsinə, həm də beynəlxalq auditoriyaya ünvanlanan mesajın gücləndirilməsinə hesablanıb”.
A.Nəsirovun sözlərinə görə, kompleksin memarlıq və ekspozisiya həlli də diqqət çəkir: “Qoruyucu əlləri xatırladan monolit konstruksiya və badam ağacları ilə formalaşdırılan simvolik məkan, ədalət ideyasını vizual dillə ifadə edir. İnteraktiv təqdimatlar, instalyasiyalar və süni intellektlə hazırlanmış materiallar faciəni təkcə statistik fakt kimi deyil, insan taleləri üzərindən göstərir. Bu isə Xocalı mövzusunun emosional və siyasi yükünü daha aydın formada ortaya qoyur və memorialı həm xatirə, həm də ideoloji platformaya çevirir”.
Röya İsrafilova