“Azərbaycanın təcrübəsi münaqişələrin həlli üçün mühüm dərslər verir” Gündəm

“Azərbaycanın təcrübəsi münaqişələrin həlli üçün mühüm dərslər verir”

“Azərbaycanın sülh quruculuğu təcrübəsi göstərir ki, davamlı sülh üçün beynəlxalq hüququn prinsiplərinə əməl olunması, qəbul edilmiş qərarların icrası və dövlətlər arasında etimadın formalaşdırılması vacibdir”.

Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev “Xalqcebhesi.az”-a açıqlamasında bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin 27 oktyabr 2026-cı ildə VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında səsləndirdiyi fikirlər Azərbaycanın münaqişədən sülhə keçid prosesində üzləşdiyi çətinlikləri, ikili standartları və beynəlxalq təhlükəsizlik sisteminin problemlərini bir daha gündəmə gətirib: “BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələr Azərbaycanın ərazi bütövlüyünə hörmət və işğal edilmiş ərazilərdən qüvvələrin çıxarılması ilə bağlı tələbləri əks etdirsə də, onların icrası təmin olunmayıb. Bu isə beynəlxalq hüququn tanınması ilə onun praktiki müdafiəsi arasında ciddi uçurum yaradıb. Uzun illər ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar münaqişənin həllinə və məcburi köçkünlərin doğma yurdlarına qayıdışına gətirib çıxarmayıb. Bu vəziyyət beynəlxalq vasitəçilik mexanizmlərinin səmərəliliyi ilə bağlı suallar doğurub, ikili standartların aradan qaldırılmasının vacibliyini göstərib.Azərbaycan bu şəraitdə dövlət potensialının gücləndirilməsinə, müdafiə qabiliyyətinin artırılmasına, diplomatik imkanların genişləndirilməsinə və milli həmrəyliyin möhkəmləndirilməsinə üstünlük verib. 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında suverenliyin tam bərpası bu prosesin həlledici mərhələləri olub.Azərbaycanın təcrübəsinin beynəlxalq əhəmiyyəti təkcə hərbi-siyasi nəticələrlə məhdudlaşmır. Ərazi bütövlüyünün və suverenliyin bərpasından sonra Ermənistanla münasibətlərin normallaşdırılması, nəqliyyat əlaqələrinin açılması və iqtisadi əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində addımlar atılıb. 2025-ci ilin avqustunda Vaşinqtonda sülh sazişi mətninin paraflanması bu istiqamətdə mühüm siyasi-diplomatik mərhələ olub”.

Rizvan Nəbiyev Prezident İlham Əliyevin 1 sentyabr 2026-cı ildə Bişkekdə “ŞƏT plyus” formatında səsləndirdiyi fikirlərin də bu strategiyanın davamı olduğunu bildirib. Dövlət başçısının BMT Təhlükəsizlik Şurasının qərarlarının icrasını təmin edəcək mexanizmlərin yaradılması ilə bağlı təklifi beynəlxalq təşkilatların nüfuzunun və münaqişələrin həllində rolunun gücləndirilməsinə xidmət edir.

O əlavə edib ki, sülhün praktiki məzmun qazanması iqtisadi əməkdaşlığın genişləndirilməsindən də asılıdır: “Azərbaycanın Ermənistana neft məhsulları tədarük etməsi, üçüncü ölkələrin yüklərinin tranzitini təmin etməsi və ticarət əlaqələrinin inkişafı istiqamətində atılan addımlar qarşılıqlı faydaya əsaslanan münasibətlərin formalaşdırılmasına imkan yaradır. Azərbaycanın təcrübəsi digər dövlətlər və beynəlxalq təşkilatlar üçün bir sıra mühüm dərslər verir. İqtisadi müstəqillik, müdafiə qabiliyyəti və milli həmrəylik dövlətin diplomatik mövqeyini gücləndirir. Davamlı sülh isə təhlükəsizliklə yanaşı, qarşılıqlı öhdəliklərə əməl olunmasını, etimadın yaradılmasını və əməkdaşlığın real faydalarının təmin edilməsini tələb edir.BMT-də islahatlar yalnız təmsilçilik məsələləri ilə məhdudlaşmamalı, beynəlxalq hüququn praktik təsirinin artırılmasına və qəbul edilən qərarların icrasının təmin olunmasına da yönəlməlidir. Azərbaycanın qarşısında duran əsas vəzifə əldə edilmiş siyasi nəticələri davamlı təhlükəsizliyə, insanların rifahına və regional əməkdaşlığa çevirməkdir. Azərbaycanın sülh quruculuğu təcrübəsinin beynəlxalq əhəmiyyəti də bu istiqamətdə atılan addımlarla daha da möhkəmlənəcək”.

Günel Elxan