“Ankarada keçiriləcək zirvədə çox ciddi qərarların alınacağı gözlənilir” Cəmiyyət

“Ankarada keçiriləcək zirvədə çox ciddi qərarların alınacağı gözlənilir”

“Türk Dövlətləri Təşkilatının növbəti Zirvə Görüşü yenə də əlamətdar hadisədir. Çünki həqiqətən də son illər ərzində Türk Dövlətləri Təşkilatının daha sürətlə irəli çıxmasının şahidi oluruq. Bu faktorun özü özəlliklə də dünyanın supergüclərinin bölgəmizə və dövlətlərimizə marağını getdikcə artırır”.

Bu fikirləri xalqcebhesi.az-a siyasi şərhçi Azər Həsrət deyib.

A.Həsrət söyləyib ki, Ankarada keçiriləcək Zirvədə türk dövlətlərinin sabahı ilə bağlı çox ciddi qərarların alınacağı gözlənilir: “Eyni zamanda da türk dövlətləri arasında bəzən ortaya çıxan, ehtimal edilən anlaşılmazlıqların da çözümündə bu Zirvənin çox ciddi rolu olacaq. Dildə, fikirdə, işdə birlik, biz bunu artıq əmələ keçirməliyik. Bilirik ki, ortaq dil məsələmiz həll edilməyib, bir çox sahələrdə ortaq iş birliyimiz həll olunmayıb və təbiidir ki, dildə, fikirdə, işdə də birlik olması üçün daha çevik addımların atılmasına ehtiyac var”.

Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan bir il ərzində dönəmə rəhbərlik edirdi, indi Türk Dövlətləri Təşkilatına rəhbərlik qardaş Türkiyəyə ötürüləcək: “Biz də ümid etmək istərdik ki, Türk Dövlətləri Təşkilatına rəhbərliyi dönəmində qardaş Türkiyə Təşkilatı daha da irəli apara biləcək. Əlbəttə ki, bir çox məsələlər var, gömrükdən tutmuş iqtisadiyyat, ticarət və s. məsələlərə qədər bütün bunlar bu Zirvədə müzakirə olunur və getdikcə daha asan bir coğrafiyaya çevrilməyə başlayırıq. Yəni Türk Dövlətləri Təşkilatının əhatə etdiyi coğrafiya bizim üçün, bu dövlətlərin vətəndaşları üçün daha əlçatan, daha asan, daha açıq bir coğrafiyaya çevrilir”.

Röya İsrafilova