
“Azərbaycançılıq ideologiyasının banisi Ümummilli Lider Heydər Əliyevdir. Məhz onun uzaqgörən siyasəti və milli dövlətçilik konsepsiyası əsasında formalaşan bu ideologiya müstəqilliyimizin ilk illərində Azərbaycan dövlətçiliyinin qorunmasında, cəmiyyətdə milli həmrəyliyin təmin edilməsində və xalqımızın vahid amal ətrafında birləşməsində müstəsna rol oynadı. Azərbaycançılıq ideologiyası ölkəmizi parçalanma təhlükəsindən xilas edən, müxtəlif etnik və dini mənsubiyyətə malik insanları vahid dövlətçilik ideyası ətrafında birləşdirən mühüm ideoloji sistemə çevrildi”.
Bu sözləri xalqcebhesi.az-a Milli Məclisin deputatı Azər Badamov bildirib.
Deputat söyləyib ki, Azərbaycançılığın mahiyyəti Azərbaycan dövlətinə sədaqət, milli maraqların qorunması, vətənpərvərlik, qarşılıqlı hörmət, tolerantlıq və həmrəylik prinsiplərinə əsaslanır: “Bu ideologiya Azərbaycan cəmiyyətinin bütün təbəqələrini, ölkəmizdə yaşayan müxtəlif xalqların, etnik qrupların və dini konfessiyaların nümayəndələrini vahid bir çətir altında birləşdirir. Azərbaycançılıq heç bir etnik və dini fərq qoymadan hər bir vətəndaşın özünü bu dövlətin ayrılmaz hissəsi hesab etməsinə, ortaq gələcəyimiz naminə məsuliyyət daşımasına xidmət edir. Bu baxımdan, ölkəmizdə mövcud olan multikultural mühit və tolerantlıq ənənələri milli birliyimizin əsas dayaqlarındandır. Ulu Öndərin müəyyənləşdirdiyi bu strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi sarsılmaz birlik, milli həmrəylik və qətiyyətli iradə azərbaycançılıq ideologiyasının nə qədər güclü birləşdirici qüvvəyə malik olduğunu bir daha sübut etdi. Qələbəmiz yalnız hərbi gücün və siyasi iradənin deyil, həm də xalqımızın vahid məqsəd ətrafında səfərbər olunmasının nəticəsi idi. Bu gün də azərbaycançılıq ideologiyası dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, milli maraqlarımızın qorunmasında və xaricdən qaynaqlanan ideoloji risklərə qarşı müqavimətimizin gücləndirilməsində mühüm rol oynayır”.
“Hazırda Azərbaycan cəmiyyətində milli həmrəyliyin qorunması və dövlətçilik maraqları ətrafında sıx birliyin təmin edilməsi əsas prioritetlərdəndir. Ölkəmizdə müxtəlif xalqların və dini konfessiyaların nümayəndələri qarşılıqlı hörmət və anlaşma şəraitində, vahid ailənin üzvləri kimi yaşayırlar. Bu, Azərbaycanın milli gücünü artıran, ictimai sabitliyi möhkəmləndirən və dövlətimizin davamlı inkişafına zəmin yaradan mühüm amildir. Əlbəttə, heç bir cəmiyyət risklərdən tam sığortalanmayıb. Lakin Azərbaycanda milli birliyi zəiflətməyə yönəlmiş cəhdlərə qarşı güclü ictimai immunitetin mövcudluğu və xalqımızın dövlətçilik ətrafında sıx birliyi belə təşəbbüslərin qarşısının alınmasında mühüm rol oynayır. Bununla yanaşı, müasir dövrdə ölkələrin üzləşdiyi təhdidlərin xarakteri də dəyişir. Əgər əvvəllər müstəqil dövlətlərin suverenliyinə əsasən fiziki müdaxilə və hərbi təzyiq vasitəsilə təhlükə yaradılırdısa, indi ideoloji müdaxilə, informasiya təsiri, dini və etnik zəmində fikir ayrılıqlarının dərinləşdirilməsi cəhdləri də ciddi risklər doğurur. Belə təsirlər cəmiyyət daxilində süni qarşıdurmalar yaratmağa, milli həmrəyliyi zəiflətməyə və dövlətlərin daxili sabitliyinə xələl gətirməyə yönələ bilər. Buna görə də ideoloji sərhədlərin qorunması fiziki sərhədlərin mühafizəsi qədər vacib əhəmiyyət daşıyır” - deyə A.Badamov əlavə edib.
O eləcə də qeyd edib ki, Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışında ideoloji risklərə və ideoloji sərhədlərin qorunmasının əhəmiyyətinə diqqət yetirməsi də məhz bu reallıqlardan irəli gəlir: “Dövlət müstəqilliyinin qorunması yalnız ərazi bütövlüyünün və fiziki sərhədlərin müdafiəsi ilə məhdudlaşmır. Eyni zamanda, milli-mənəvi dəyərlərimizin, ictimai həmrəyliyimizin və öz inkişaf yolumuzu müstəqil müəyyənləşdirmək hüququmuzun qorunması da strateji əhəmiyyət daşıyır. Təəssüf ki, bəzi xarici dairələrin ölkəmizin daxili proseslərinə təsir göstərmək, dini və etnik məsələlərdən siyasi məqsədlərlə istifadə etmək, cəmiyyətimizdə süni fikir ayrılıqları yaratmaq cəhdləri müşahidə olunur. Bəzi hallarda Azərbaycanı müxtəlif məsələlərdə ittiham etməyə, ölkəmizə siyasi və ideoloji müstəvidə təzyiq göstərməyə, hətta bizə dərs verməyə çalışan yanaşmalarla da qarşılaşırıq. Halbuki beynəlxalq münasibətlərin fundamental prinsiplərindən biri dövlətlərin suverenliyinə və daxili işlərinə qarışmamaq prinsipinə hörmət edilməsidir. Hər bir dövlətin öz inkişaf modelini, daxili və xarici siyasət prioritetlərini müstəqil şəkildə müəyyənləşdirmək hüququ var. Məhz bu kontekstdə dövlət başçısının səsləndirdiyi “güzgüdə özünə baxmaq” mesajı xüsusi məna kəsb edir. Başqa ölkələrə siyasi və mənəvi müstəvidə dərs verməyə çalışanlar, ilk növbədə, öz cəmiyyətlərində mövcud olan problemlərə nəzər salmalı, öz daxili məsələlərinin həllinə diqqət yetirməlidirlər. Beynəlxalq münasibətlər qarşılıqlı hörmətə, bərabərhüquqlu əməkdaşlığa və suverenliyə ehtiram prinsipinə əsaslanmalıdır”.
Deputatın sözlərinə görə, bir ölkənin digər ölkənin daxili işlərinə müdaxilə etməyə çalışması nə etimad mühitinin formalaşmasına, nə də regional və beynəlxalq sabitliyin möhkəmlənməsinə xidmət edir: “Azərbaycan heç bir dövlətin daxili işlərinə qarışmaq niyyətində deyil və digər ölkələrdən də eyni yanaşmanı gözləyir. Biz müstəqil dövlətik və daxili-xarici siyasətimizi kənardan diktə olunan yanaşmalar əsasında deyil, xalqımızın milli maraqlarına, dövlətimizin suverenliyinə və uzunmüddətli inkişaf hədəflərinə uyğun həyata keçiririk. Azərbaycanla münasibətlər qurmaq istəyən hər bir tərəf ölkəmizin müstəqil siyasətinə, milli maraqlarına və suveren seçimlərinə hörmətlə yanaşmalıdır. Qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq sağlam beynəlxalq münasibətlərin əsas şərtidir. Azərbaycanın gücü yalnız iqtisadi və hərbi potensialı ilə ölçülmür. Bu güc, eyni zamanda, xalqımızın milli birliyində, müxtəlif mədəniyyətlərin dinc yanaşı yaşamasında, tolerantlıq ənənələrində və dövlətçilik ideyası ətrafında formalaşmış sarsılmaz həmrəyliyində təcəssüm olunur”.
A.Badamov əlavə edib ki, Azərbaycançılıq ideologiyası bu dəyərləri vahid sistemdə birləşdirərək cəmiyyətimizin ideoloji bütövlüyünü təmin edir, xarici təsirlərə qarşı dayanıqlılığımızı artırır və gələcək nəsillərin milli dövlətçilik ruhunda yetişməsinə xidmət edir: “Əminliklə demək olar ki, azərbaycançılıq ideologiyasının yaratdığı milli həmrəylik, xalqımızın dövlətimizə sədaqəti və ortaq gələcəyimizə olan inamı ölkəmizin qarşısında duran istənilən çətinliyin öhdəsindən gəlmək üçün mühüm təminatdır. Xaricdən qaynaqlanan ideoloji təsirlər nə qədər mürəkkəb xarakter alsa da, xalqımızın birliyini və dövlətçilik iradəsini sarsıtmaq asan olmayacaq. Çünki bizi birləşdirən ortaq dəyərlər, milli maraqlar və müstəqil dövlətçilik amalımız var. Azərbaycançılıq ideologiyası bizim milli birliyimizin, dövlət müstəqilliyimizin və gələcək inkişafımızın əsas ideoloji dayağıdır. Ədalətli siyasət, qarşılıqlı hörmət və milli həmrəylik bizi birləşdirir, dövlətimizi gücləndirir və ölkəmizi tərəqqiyə doğru aparır”.
Röya İsrafilova