“Orta aylıq əməkhaqqı artımı illik inflyasiya səviyyəsini üstələyib” Gündəm

“Orta aylıq əməkhaqqı artımı illik inflyasiya səviyyəsini üstələyib”

“2025-ci ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi və sosial rifah halının yaxşılaşdırılması üçün sosial siyasət tədbirləri davam etdirilib. Əhalinin real gəlirlərinin yüksəldilməsi məqsədilə sosial ödənişlərin artırılması ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunub. 2025-ci ildə əhalinin nominal gəlirləri və orta aylıq əməkhaqqı artımı illik inflyasiya səviyyəsini üstələyib. 2025-ci il dövlət büdcəsi xərclərinin 39,5%-i və ya 15,3 mlrd. manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib (2024-cü illə müqayisədə 601,5 mln. manat və ya 4,1% çoxdur)”.

Bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu keçirilən iclasında çıxışı zamanı bildirib.

Baş nazir qeyd edib ki, son yeddi il ərzində 4 milyon insanı əhatə edən 5 sosial islahat paketi icra edilib ki, bu məqsədlərə təqribən 8 mlrd. manat məbləğində vəsait sərf edilib: “Təkcə keçən il 1,4 milyard manat büdcə vəsaiti bu məqsədlər üçün xərclənib. Maaşlar, pensiyalar, müavinətlər müntəzəm olaraq artırılır, pensiyalar indeksləşdirilir. Təhsil, səhiyyə və sosial müdafiəyə ayrılan vəsaitlərin artımı isə iqtisadi inkişaf üçün dayanıqlı insan kapitalı bazası yaradır. Dövlət büdcəsindən təhsil və elm xərclərinə 4.8 milyard manatdan artıq vəsait ayrılıb (artım 5,1%). 2025-ci ildə 31 təhsil müəssisəsində (o cümlədən 11-i Heydər Əliyev Fondu tərəfindən) işlər yekunlaşdırılıb, 97 təhsil müəssisəsində (o cümlədən 70 modul tipli ) isə tikinti-quraşdırma işləri davam edir. Eyni zamanda, 959 təhsil müəssisəsində, o cümlədən 10 peşə, 4 kollec, 185 məktəbəqədər və 760 ümumi təhsil müəssisəsində cari təmir işləri aparılıb. Bu işlərin mərhələli şəkildə davam etdirilməsi planlaşdırılır”.

Röya İsrafilova