Ölkədə viruslu hepatitlərlə xəstələnmə azalıb Hadisə

Ölkədə viruslu hepatitlərlə xəstələnmə azalıb

Respublika üzrə viruslu hepatitlərlə ümumi xəstələnmə göstəricisi əvvəlki illə müqayisədə 4,9 dəfə azalıb. Belə ki, əvvəlki ildə 630 hadisə qeydə alındığı halda, hesabat dövründə bu göstərici 128 hadisə təşkil edib.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Məlumata görə, hepatit A ilə xəstələnmə 32 dəfə azalaraq 444 hadisədən 14 hadisəyə düşüb. Hepatit C ilə xəstələnmə isə 2,8 dəfə azalaraq 138 hadisədən 50 hadisəyə enib.

Bildirilir ki, xəstələnmə göstəricilərinin azalması həkimə müraciətlərin sayının azalması, erkən diaqnostikanın aparılmaması və ya aşkar edilmiş xəstələr barədə məlumatların ötürülməməsi ilə əlaqədar ola bilər.

Eyni zamanda, “B və C virus hepatitli xəstələrin virusəleyhinə dərman preparatları ilə təmin olunması üzrə Komissiya” tərəfindən 2025-ci il 31 dekabr tarixinə qədər 996 nəfər hepatit B, 1248 nəfər isə hepatit C xəstəsi virusəleyhinə dərman vasitələri ilə təmin olunub.