“Bu üçlük yeni geoiqtisadi reallıqlar yaradır” Gündəm

“Bu üçlük yeni geoiqtisadi reallıqlar yaradır”

“Müasir dünyanın sürətlə dəyişən geosiyasi mənzərəsində dövlətlər arasındakı münasibətlər artıq yalnız diplomatik protokollarla deyil, ortaq maraqlar, qarşılıqlı etimad və strateji baxışla müəyyən olunur. Bu baxımdan Türkiyə–Azərbaycan–Pakistan birliyi son illərdə formalaşan ən mühüm siyasi platformalardan biri kimi diqqət çəkir. Türkiyənin xarici işlər naziri Hakan Fidanın Antalya Diplomatiya Forumunda bu üç ölkə liderinin birliyini dünyaya mesaj adlandırması təsadüfi deyil. Bu, sadəcə diplomatik ifadə yox, yeni regional güc mərkəzinin siyasi bəyanatıdır”.

Bu sözləri xalqcebesi.az-a açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova deyib.

E.Akimova söyləyib ki, Türkiyə, Azərbaycan və Pakistanı birləşdirən amillər yalnız dostluq münasibətləri ilə məhdudlaşmır: “Bu əlaqələrin kökündə ortaq tarix, mədəni yaxınlıq, siyasi etibar və beynəlxalq məsələlərdə qarşılıqlı dəstək dayanır. Xüsusilə Azərbaycan torpaqlarının işğaldan azad olunması dövründə həm Türkiyənin, həm də Pakistanın göstərdiyi prinsipial mövqe bu qardaşlığın sadəcə söz üzərində deyil, real siyasi iradə üzərində qurulduğunu nümayiş etdirdi. Bu birlik həm də geosiyasi tarazlıq baxımından xüsusi əhəmiyyət daşıyır. Cənubi Qafqaz, Yaxın Şərq və Cənubi Asiya kimi strateji bölgələri birləşdirən bu üç ölkə təkcə regional deyil, qlobal proseslərdə də ciddi təsir imkanlarına malikdir. Enerji təhlükəsizliyi, müdafiə sənayesi, nəqliyyat dəhlizləri və təhlükəsizlik məsələlərində ortaq əməkdaşlıq artıq siyasi bəyanatlardan əməli layihələr mərhələsinə keçib”.

Deputat qeyd edib ki, xüsusilə Zəngəzur dəhlizi, Orta Dəhliz və türk dünyasının inteqrasiyası fonunda bu üçlük yeni geoiqtisadi reallıqlar yaradır: “Türkiyə Avropa ilə Asiyanı birləşdirən körpü rolunu oynayırsa, Azərbaycan enerji və logistika mərkəzi kimi çıxış edir, Pakistan isə Cənubi Asiyaya açılan strateji qapıdır. Bu xətt yalnız iqtisadi layihə deyil, həm də siyasi sabitlik və regional əməkdaşlıq modelidir. Hakan Fidanın “bu birlik dünyaya mesajdır” fikrinin mahiyyəti də buradadır: artıq beynəlxalq münasibətlərdə güc təkcə silahla və iqtisadi göstəricilərlə ölçülmür, həm də etibarlı tərəfdaşlıqla müəyyən olunur. Türkiyə–Azərbaycan–Pakistan xətti məhz bu etibarlı tərəfdaşlığın nümunəsidir. Bu, xarici təzyiqlərə qarşı ortaq mövqe, beynəlxalq ədalətsizliklərə qarşı birgə səs və regional təhlükəsizlik üçün ortaq məsuliyyətdir”.

O həmçinin bildirib ki, bu birliyin ən mühüm tərəfi isə onun süni siyasi ittifaq olmamasıdır: “Burada maraqlar qədər mənəvi bağlar da var. Xalqlar arasında formalaşmış qardaşlıq münasibətləri liderlər səviyyəsində strateji əməkdaşlığa çevrilib. Bu isə ittifaqı daha dayanıqlı və uzunömürlü edir. Bugünkü dünyada etibarlı müttəfiq tapmaq çətinləşdiyi bir zamanda Türkiyə, Azərbaycan və Pakistanın nümayiş etdirdiyi birlik yalnız bölgə üçün deyil, beynəlxalq siyasət üçün də ciddi nümunədir. Bu, gücün həmrəyliyə çevrildiyi, dostluğun strateji əməkdaşlığa yüksəldiyi və siyasi iradənin tarix yazdığı bir modeldir. Dünyaya verilən mesaj da məhz budur: birlik varsa, güc də var, söz də var, gələcək də var”.

Röya İsrafilova