Qlobal güc mübarizəsi dərinləşir: yeni soyuq mərhələ”
22 Aprel 23:48

“Əsas söz sahibi Azərbaycandır”
Bildirilir ki, Türkiyə Ermənistanla sərhədi açmaq və Avropa ilə Asiya arasında yeni ticarət marşrutu yaratmaq ümidi ilə Hörmüz boğazına alternativ olaraq Orta Dəhlizin təşviqini artırıb.
Bəs bu sərhədin açılması hansı dəyişikliklərə səbəb ola bilər?
“Xalq Cəbhəsi” sual ətrafında iqtisadçı ekspertlərin fikirlərini öyrənib.
“Bunu Hörmüz boğazının alternativi kimi qiymətləndirmək doğru deyil”
İqtisadçı Eldəniz Əmirov bildirib ki, birmənalı şəkildə qeyd etmək olar ki, Türkiyə ilə Ermənistan arasında sərhədin açılması heç bir halda Hörmüz boğazına alternativ olaraq çıxış edə bilməz, bu, mümkün deyil: “Sadəcə bəzi istiqamətdə logistik imkanlar yaradılarsa, müəyyən yüklərin buradan daşınması mümkündür. Amma bunu Hörmüz boğazının alternativi kimi qiymətləndirmək doğru fikir deyil. Ermənistan-Türkiyə sərhədinin açılması isə həm Ermənistan, həm də Türkiyə üçün arzuolunandır. Bu, birmənalıdır”.
“Ticarət əlaqələri artan dinamika ilə inkişaf edəcək”
E.Əmirovun sözlərinə görə, çünki Türkiyənin iqtisadi gücü Ermənistan iqtisadiyyatının inkişaf etməsinə kömək edəcək: “Ticarət əlaqələri artan dinamika ilə inkişaf edəcək. Türkiyə investisiyası Ermənistan ərazisinə ayaq açacaq. Ermənistanda məşğulluğun təmin olunmasına imkanlar yaradılacaq. Yəni bugünkü situasiyada Ermənistana çox böyük ölçüdə qazanc gətirəcək, həm siyasi, həm iqtisadi, həm sosial və digər aspektlərdə. Türkiyə üçün də təbii ki, həm Qafqazda möhkəmlənməsinə xidmət edəcək, eyni zamanda, tədricən Rusiyanı Ermənistan daxilində əvəz etməsinə müstəsna imkanlar yaradacaq”.
“Ermənistan burada sadəcə vasitəçiyə çevriləcək”
İqtisadçı ekspert Günay Hüseynova söyləyib ki, Türkiyə Ermənistan sərhədinin açılmasında Türkiyənin maraqlı olmasının səbəbi alternativ gəlir, regionda pay sahibi olmaq, həmçinin Cənubi Qafqazda iqtisadi xəritənin yenidən formalaşması ilə əlaqədardır: “Ermənistan isə burada sadəcə bir növ vasitəçiyə çevriləcək. Məlumdur ki, Avropaya məhsul birbaşa nə Türkiyə, nə də Ermənistan vasitəsilə peyda olur. Çin, Qazaxıstan, Xəzər, Gürcüstan, Türkiyə daha sonra Avropa olmalı, ya Qazaxıstan, Rusiya, Avropa olmalıdır, bu yol da siyasi gərginlikdən dolayı risklidir. Digər marşrut xətti Hörmüz İran vasitəsilədir. Burada da bitməyən siyasi gərginliklər məlumdur. Tək çıxış yolu isə yenə də Xəzər-Azərbaycan vasitəsilədir”.
“Azərbaycanın mövqeyi nəzərdən keçirilməlidir”
G.Hüseynova qeyd edib ki, Türkiyənin Ermənistan ilə sərhədi açması sadə bir qərar deyil, Azərbaycanın da mövqeyi nəzərdən keçirilməlidir: “Əslində, sərhədin açılması ilə Gürcüstan bu əməkdaşlıqdan çıxmış olur. Çünki hazırkı vəziyyətdə Gürcüstan vasitəsi ilə Türkiyəyə keçid var. Əgər sərhəd açılarsa, həm birbaşa Ermənistandan keçid olacaq, həm də nəqliyyat xərcləri xeyli azalmış olacaq. Ermənistan iqtisadiyyatı baxımından məsələni müzakirə etsək, daşımaların ölkə ərazisindən keçməsi əlavə valyuta gəlirləri yaradacaq, lakin idxal bazarında situasiya tamam fərqli olacaq. Hətta Türkiyədən idxal yerli bazarı tamamilə sıradan çıxara bilər”.
“Naxçıvan, Zəngəzur yolunun Orta dəhlizlə əməkdaşlığı iqtisadi fayda gətirə bilər”
Onun bildirdiyinə görə, Türkiyə baxımdan müzakirə etsək, Cənubi Qafqazın iqtisadi xəritəsi müəyyən qədər dəyişə bilər: “Regionda söz sahibliyi yarana bilər. Bundan əlavə, Türkiyənin sərhədyanı bölgələrində logistika, nəqliyyatın inkişafı həmçinin yeni iş yerlərinin açılmasına şərait yarada bilər. Azərbaycan baxımdan müzakirə etsək, Türkiyə ilə Ermənistan sərhədinin açılıb-açılmamasından asılı olmayaraq əsas söz sahibi Azərbaycandır. İran və Rusiyadakı vəziyyət məlumdur ki, siyasi risklərdən dolayı ölkələr üçün siyasi sabitliyi olan ölkə maraqlıdır. Bundan əlavə, onu da qeyd edim ki, sərhədin açılması qısa müddətdə faydalı olmaya bilər, çünki alternativ yol açılmış olur. Lakin Naxçıvan, Zəngəzur yolunun Orta dəhlizlə əməkdaşlığı iqtisadi fayda gətirə bilər”.
“Sərhədin açılması bölgənin iqtisadi inteqrasiyasını sürətləndirəcək”
İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli bildirib ki, Türkiyə ilə Ermənistan arasında sərhədin açılması bölgənin iqtisadi inteqrasiyasını daha da sürətləndirəcək: “Sözsüz ki, bu, həm də Orta dəhlizin yükdaşıma imkanlarına müsbət təsir göstərəcək. Zəngəzur dəhlizinin açılması da buna paralel həyata keçsə, sözsüz ki, bu gün Hörmüz boğazında baş verənlərin təsirlərini az da olsa azaltmaq olar. Düzdür, bu, tam ortadan qalxmayacaq. Digər tərəfdən Ermənistanın bölgəyə inteqrasiyası sülh prosesinin daha da möhkəmləndirilməsinə öz müsbət təsirini göstərəcək. Həmçinin Ermənistan-Türkiyə-Azərbaycan iqtisadi əlaqələrini genişləndirəcək. Bu da gələcəkdə yükdaşımların daha da sürətləndirilməsinə imkanlar yaradacaq. Eləcə də Avropaya çıxışı daha da sürətləndirəcək”.
“Regionun iqtisadi əlaqələrinə müsbət təsir göstərəcək”
E.Kərimli əlavə edib ki, zamanda, Orta dəhlizin daha sürətlə işə düşməsi, yükdaşıma imkanlarının artırılmasına təsir göstərəcək: “Hesab edirəm ki, bu, həm də regionun iqtisadi əlaqələrinə müsbət təsir göstərəcək. Digər tərəfdən Türkiyənin də şimala çıxışına geniş şərait yaratmış olacaq. Düşünürəm ki, bu, həm Rusiya və Gürcüstana da alternativ, həmçinin Türkiyənin Orta Asiya, Mərkəzi Asiya və türk dövlətləri ilə də əlaqələrini daha da möhkəmləndirəcək. Bu inteqrasiya regionun və ümumi türk dünyasının iqtisadi imkanlarına geniş şərait yaradacaq”.
Röya İsrafilova