“Trampın iştahı çox böyükdür” Müsahibə

“Trampın iştahı çox böyükdür”

Əfşar Süleymani: “ABŞ İrana hücum etməkdən peşman olub”

28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb və bir sıra şəhərlərə zərbələr endiriblər. Əməliyyat Yaxın Şərqdə gərginliyin artmasına səbəb olub, münaqişəyə Fars körfəzi ölkələrinin hamısı cəlb edilib ki, bu da Hörmüz boğazının bağlanmasına gətirib çıxarıb. İran, ABŞ və onların müttəfiqləri 8 aprel 2026-cı il gecəsi atəşkəs barədə razılığa gəliblər, bu atəşkəsin müddəti 21-dən 22 aprelə keçən gecə başa çatıb. Tərəflər Pakistanda münaqişənin həlli üzrə danışıqlar aparmağa cəhd ediblər, lakin 11-12 apreldə keçirilən birinci raund heç bir nəticə verməyib. Tehrana təzyiq vasitəsi kimi ABŞ İran limanlarının və Hörmüz boğazından keçidin blokadası barədə bəyanat verib. Öz növbəsində, İran Fars körfəzi ölkələrinə yönələn gəmilər üçün Hörmüzun blokadası barədə bəyanat verib. Bölgədəki dinamik şəkildə dəyişən vəziyyət dünya enerji böhranına səbəb olub. Bloklanması dünyada enerji böhranına səbəb olan Hörmüz boğazı ətrafındakı vəziyyət qeyri-müəyyən olaraq qalır, hər iki tərəf müxtəlif fasilələrlə onun açıldığını elan edir, lakin faktiki olaraq regionda gəmiçilik dayandırılıb.

Onu da qeyd edək ki, ABŞ və İsrailin hücumları nəticəsində İrana 270 milyard dollar dəyərində ziyan dəyib. İran hökumətinin sözçüsü Fatimə Mühacirani deyib: “Daha dəqiq rəqəmlər çoxmərhələli prosesdən sonra açıqlanacaq. Birincisi, binalara dəyən ziyanın qiymətləndirilməsi, ikincisi isə büdcə gəlir itkilərinin və sənaye müəssisələrinin bağlanmasının təsirinin təhlili olacaq”. Onun sözlərinə görə, danışıqlarda iştirak edən İran nümayəndə heyəti ABŞ-dan İrana müharibə təzminatı məsələsini də müzakirə edir.

İranın Təcili Tibbi Yardım Təşkilatının rəhbəri Cəfər Miadfara istinadən bildirib ki, ABŞ-İsrail əməliyyatının başlanğıcından bəri İranda 3 300-dən çox insan həlak olub. Son hesablamalara görə, 2 800 nəfərdən çox kişi və təxminən 500 qadın da daxil olmaqla, ümumilikdə 3 375 nəfər həlak olub.

Miadfar daha əvvəl ABŞ və İsrailin hücumları başlayandan bəri İslam Respublikasında azı 400 tibb müəssisəsinin zərər çəkdiyini bildirib. Nəticədə 26 tibb işçisi həlak olub, daha 188 nəfər yaralanıb. İran Aviaşirkətləri Assosiasiyası ABŞ və İsrailin ölkəyə qarşı həyata keçirdiyi əməliyyat zamanı hava limanı infrastrukturunun 95 %-nə ziyan dəymədiyini açıqlayıb. "Fars" agentliyinin məlumatına görə, 20-yə yaxın təyyarə ciddi zədələnib.

Pentaqonun bəyanatında isə deyilir ki, ABŞ və İsrailin İrana qarşı əməliyyatı başlayandan bəri 415 amerikalı hərbi qulluqçu yaralanıb. "Döyüş əməliyyatları zamanı ordunun 271 hərbi qulluqçusu, Hərbi Dəniz Qüvvələrinin 63 dənizçisi, 19 dəniz piyadası və Hərbi Hava Qüvvələrinin 62 hərbi qulluqçusu yaralanıb", - qurumdan dəqiqləşdirilib.

Məlumatda qeyd olunur ki, yaralıların böyük hissəsi artıq xidmətə qayıdıb.

Onu da qeyd edək ki, ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri təxminən 50 günlük aktiv döyüş əməliyyatlarında 56,1 milyard dolları keçib.

Suallarımızı İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani cavablandırır.

- Əfşar bəy, ABŞ və İsrail İrandan nə istəyir, fikrinizcə,müharibənin səbəbləri nələrdir...

- ABŞ və İsrail İrandakı rejimi qəbul etmir, onu devirmək istəyirlər. Bu məqsədə çatmaqdan ötrü əllərindən gələni etdilər, Ali dini lideri, yüksək rütbəli komandanları öldürdülər. İndiyə qədər İranda 3500-ə yaxın insanı öldürdülər. 30-35 minə yaxın müxtəlif obyektlər raket hücumuna məruz qalıb, dağıdılıb. Rəsmi məlumata görə, İrana 270 milyard dollar ziyan dəyib. Onlar deyirlər ki, İran rejimi getsə, başqa məqsədlərə də çatarıq. Nüvə məsələsi, uranın zənginləşdirilməsi, uzaqmənzilli raket istehsalı və sair məsələləri bu rejimin mövcudluğu ilə bağlayıblar. ABŞ və İsrail deyir ki, bu rejim getsə, yerinə başqa birini gətirsələr yuxarıda adlarını çəkdiyim məsələlər asanlıqla həyata keçirərlər. Tramp da İsrailin tələsinə düşdü. Amma müharibəni başlamaqla böyük səhv etdilər, nə rejim getdi, mə də onlar istədiklərinə nail oldular. İran böyük ziyan gördü, təbii ki, ABŞ və İsrail də İranın cavabından ziyan gördülər, ancaq məqsədlərinə çatmadılar. İndi də məsələni uzadırlar, gah hədə- qorxu gəlirlər, gah yenidən müharibənin başlanacağını deyirlər, müxtəlif üsullara əl atırlar.

- İran uranın zənginləşdirilməsindən imtina edərsə ABŞ hücumunu dayandıra bilər?

- İran uranı zənginləşdirir, Tramp dəfələrlə deyib ki, İranın bütün nüvə ehtiyatını vurmuşam, qalıb torpağın altında. ABŞ kəşfiyyat dairələri də bunu təsdiqləyiblər. Zənginləşdirilmiş uranın həcmi hələ də məlum deyil, çünki ehtiyatların bir hissəsi ABŞ hücumundan sonra dağıntılar altındadır və çox təhlükəli olduğundan onu çıxarmaq üçün təşəbbüs göstərilmir. Söhbət deyilənə görə 460 kq 60% zənginləşdirilmiş uran ehtiyatından gedir ki, ABŞ onu istəyir, İran isə vermir. Bilirsiz, ABŞ İrana hücum etməkdən peşman olub. Çalışır ki, yenidən hücum etməsin, düzdür geniş imkanı var. Hay-küyünə baxmayın, ABŞ istəmir yenidən müharibə başlasın. İndi də deyir ki, məqsədimə çatmışam, dağıtmışam, vurmuşam və s. İran ona bir imtiyaz versə müharibəni davam etdirməkdən çəkinəcək, fürsət istəyir. Düzdür, İsrail bu yandan hay-küy qoparır ki, İrana yenidən hücum etmək lazımdır, dağıtmalıylq, məhv etməliyik. Məqsəd uranın zənginləşdirilməsini faizini 0-a endirməkdir. Bunlar geridə qalıb, indi Hörmüz məsələsi ortaya çıxıb. ABŞ və İsrailin İrana hücumu İranın əlinə yeni, güclü kart verib. Bu nüvənin zənginləşdirilməsindən də güclüdür, dünyaya təsir edən bir kartdlr. İran ABŞ-a deyir ki, adamlarını göndər, MAQATE-nin nümayəndələrinin iştirakı ilə uranın zənginləşdirilməsini azaldım, yanacaq üçün istifadə edim. Nüvə silahı yaratmayacağımı gözünlə görün, bundan artıq nə deməlidir. MAQATE, ABŞ kəşfiyyatı da deyir ki, İran nüvə silahı əldə etmək istəmir. Amma ABŞ İranın tam təslim olmasını başına yeridib, İran isə dirəniş göstərir. Danışıqlar aparıldığı bir vaxtda ABŞ və İsrail İrana hücum etdi. Bu düzgun seçim deyildi. ABŞ özü də deyir ki, İranın neftini istəyir, enerji keçən yollarına sahiblənmək istəyir. Burada ABŞ-ın məqsədi Çinə təzyiq etməkdir. ABŞ-ın özündə aparılan sorğuların nəticəsində Trampın 97 faiz yalan danışdığı göstərilib.

- İran zənginləşdirilmiş uranı hansı ölkəyə verə bilər?

- İran zənginləşdirilmiş uranı heç bir ölkəyə vermək istəmir. Çin də, Rusiya da, hətta ABŞ da deyir ki, mən saxlaya bilərəm. İran isə deyir ki, bu mənim istehsalıdır, faizini azalda bilərəm və MAQATE-nin iştirakı, nəzarəti ilə özümdə saxlayıram. Hansı ölkəyə vermək qərarına gəlinsə, təbii ki, pulla satacaq. Bu məsələdə Rusiya ilə İranın əməkdaşlığı var. Güman edirəm ki, Rusiyaya verə bilər.

- İslamabadda ilk danışıqlar uğursuz oldu, tərəflər arasında razılıq əldə olunmadı, necə fikirləşirsiz növbəti danışıqlarda işıq ucu görünür?

- İslamabadda keçirilən birinci görüş nəticə vermədi, ABŞ İranın hərtərəfli təslim olmasını istəyir, bu ola bilməzdi, İran bunla razılaşmır. Bir də Tramp İranı aldatdı, öz sosial səhifəsində yazdı ki, İranla on bənd üzrə danışıqlar aparılacaq, amma bir yandan hücum etdi, bir yandan atəşkəs məsələsini ortaya atdı, yəni Tramp mövqeysizliyini ortaya qoydu, o, sözünün üstündə durmur. Dünyada Trampın etibarı qalmayıb, heç kim ona etibar etmir, hər şeyi vurub dağıdır. Tramp deyir, İran razılığa gəlməsə yenə vuracam, dağıdacam. Ancaq hədə-qorxu gəlir. İran ona danışıq, müzakirə təklif edir, hətta neft, enerji sənayesində ABŞ şirkətlərinin iştirakı təklifini verib. Amma Trampın iştahı çox böyükdür, güman edirdi ki, İrandan daha çox alacaq. Allaha şükür ki, istəyinə nail ola bilmədi. İndi də deyir ki, Hörmüz boğazını mühasirəyə almışam, nə mühasirə, boğaz çoxdan İranın nəzarətindədir. Danışıqlar, razılaşmalar mərhələli formada aparılmalıdır, nə almaq, nə vermək. Tramp ancaq almaq istəyir, elə deyir, ver. ABŞ-ın mövqeyi dünyada zəifləyib, daxildən zəifləyib, Avropa da onun mövqeyini dəstəkləmir, müttəfiqləri ondan uzaqlaşıb. Bir ay da belə getsə vəziyyət həm orada, həm də İsraildə pisləşəcək.

- İranın əlində təzyiq vasitəsi kimi Hörmüz boğazı var, amma söylənilir ki, Bəsrə-Ceyhan neft kəməri layihəsi Hörmüz boğazındakı risklər fonunda regionun enerji təhlükəsizliyi üçün strateji həll yoluna çevrilə bilər...

- Hörmüz məsələsi geopolitik, strateji bir məsələdir. Başqa variantlar onu əvəz edə bilməz. Ərəbistan Şərqində neft və enerjisini göndərən alternativ yolu var, başqa fikirlər də var. Əsas zaman məsələsidir, illərdir Hörmüzdən asılılıqlarını azaltmaq istəyirlər, amma hələki alınmır. BƏƏ, Ərəbistan da bu fikirdə idilər. İndiki kritik vəziyyətidə bu alternativlər cavab verə bilməz. Həmin alternativ variantların özləri İrana yaxındırlar, rəsmi Tehrana problem yaransa onlardan da yan keçməyəcək.

- Əraqçı deyib ki, Hörmüz boğazı atəşkəs müddətində açıq olacaq. Amma SEPAH Hörmüz boğazından gəmilərin hərəkətinə yalnız İranın nəzarəti altında icazə veriləcəyini deyib. Bundan əvvəl də SEPAH Pezeşkianın fikirlərinə, mövqeyinə zidd addım atıb. İranda hakimiyyətdacxli fikir ayrılıqları var - ümumiyyətlə, ölkədə söz sahibi kimdir - Dini lider, SEPAH, Prezident..

- Ölkədə fikir ixtilafı ola bilər. Əraqçı ticarət gəmilərinin gediş, gəlişi ilə bağlı fikir demişdi. Amma ABŞ atəşkəs razılaşmasını pozduqdan sonra İran əvvəlki mövqeyinə qayıtdı və Hörmüzü bağladı. İranda Ali Təhlükəsizlik Şurası SEPAH, ordu, dövləti birləşdirən orqan kimi vəziyyəti nəzarətdə saxlayır və birgə qərarlar qəbul edir. Düzdür, ola bilər bu orqana kənardan müdaxilə etmək, işi pozmaq cəhdlər edilsin. Amma hələki dediyim orqan nəzarəti özündə saxlayır, təbii ki, Ali dini liderin tapşırıq, söz və tövsiyələri əsasında.

- ABŞ quru əməliyyatına başlayarsa hansı hadisələrlə üzləşə bilər?

- ABŞ İrana göydən, sudan, suyun altından hücum edəcəyi, dağıdacağı hədə-qorxusu gəlir. Amma qurudan hücum etməsi ona baha başa gələr. Sınaq etdilər, İsfahan yaxınlığında pilotların xilas etməklə bağlı guya əməliyyat həyata keçirdilər, iflasa uğradı. ABŞ İrana qurudan hücum etmək istəsəydi blokadaya getməzdi. ABŞ İrana havadan hücum edib enerji strukturlarını vura bilər, amma yenə istəyinə çatmayacaq. Yalandan deyir ki, İran xalqına hörmət edir, heç öz xalqını sevmir. Mülki obyektləri, körpüləri dağıdan xalqı necə sevə bilər. Xaricdə olan bəzi iranlılar elə güman edirdilər ki, Tramp bu rejimi dəyişməklə İran xalqını xoşbəxtliyə qovuşduracaq. Tramp Qəzzada öz əsgərlərini ölümə göndərən şəxsdir. İranı vurur, dağıdır, viranə qoyur, məktəbi vurub 168 qız şagird ölüb, budur onun İran xalqına sevgisi, hörməti. Konqresdə belə bu hadisə gündəmə gətirildi, indi boynundan atır ki, məktəbi ABŞ vurmayıb. İrana hücum ABŞ tarixində qara bir pərdədir. Bununla da Tramp həm ölkəsində, həm də dünyada imicinə ağır zərbə vurdu. Növbəti seçkilərdə də tərəfdaşları səs qazanmayacaqlar, elə bir siyasət həyata keçirdi ki, özünü yandırdı. Düzdür, yenə İrandan istəyini almayacaq, amma ölkəmiz ziyan görəcək. Müharibə genişlənəcək, regionda təhlükə artacaq, dünya iqtisadiyyatı ziyan görəcək, Babül-Məndəb boğazı da bağlanacaq.

- İranın beş ərəb ölkəsindən kompensasiya tələb etmək istəməsinə münasibətiniz necədir..

- Hansı ərəb ölkəsi ərazisində yerləşən ABŞ hərbi bazalarından İrana hücum olunubsa, məsələn, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ və İordaniya, onlardan təzminat tələb edilməlidir, elə ABŞ-ın özündən də. Bunun hansı formada həyata keçiriləcəyini indidən demək olmaz, bu beynəlxalq səviyyəli bir prosedurdur. Uzun məsələdir, İran bunun üçün sənədlər toplamalıdır beynəlxalq məhkəməyə müraciət etməlidir, İranın cavab zərbələrindən zərər görən ərəb ölkələri də Tehrandan təzminat istəyirlər. Bilirsiz, ABŞ - İran müharibəsi beynəlxalq sistemdə çox dəyişikliklər yaradacaq. Əsas məqsəd müharibəni dayandırmaqdır.

- Ümumiyyətlə, müharibənin başlamasında günahkar hansı tərəfdir - İranın nüvə əldə etmək istəməsi, ABŞ, yoxsa İsrail...

- Təbii ki, ABŞ və İsrail günahkardır. BMT Təhlükəsizlik Şurasının hansısa sübut olunan qərarına əsasən hücum olsaydı, başqa məsələ, deyərdik ki, region, dünya ölkələri üçün təhlükə olduğunu nəzərə alıb bu addım atılıb. Amma burada heç bir səbəb göstərilmədən ABŞ və İsrail İrana hücum ediblər, ehtimallar əsas gətirilib. Hətta İranda müxalifət onlar belə bu addımı beynəlxalq hüquq normalarına zidd hesab edirlər. ABŞ və İsrail İrandan dünya üçün təhlükə gələcəyini görürsə və bundan narahatdırsa, insan hüquq və azadlıqlarını belə qoruyandırlarsa o zaman problemi beynəlxalq təşkilatlar səviyyəsində gündəmə gətirsinlər. Yoxsa, onlara kim, hansı təşkilat haqq verib ki, başqa ölkəyə hücum etsinlər. İsrailin özü işğalçı ölkədir, beynǝlxalq qaydalara, qətnamələrə əməl etmir. İndi İranda hər şeyi dağıdırlar, amma ortaya bir sübut, dəlil tapıb qoya bilmirlər. 2003-cü ildə ABŞ Səddamı kütləvi qırğın silahlarına sahib olmaqda günahlandırdı İraqa hücum etdi, hakimiyyətini devirdi, sonradan məlum oldu ki, orada atom silahı olmayıb. Vaşinqton nə qazandı, heç nə.

- Bu müharibə İranı ərəb ölkələri ilə də düşmən etdi, elə deyilmi?

- Əlbəttə, ABŞ İranla ərəb ölkələri arasında münasibətləri pozmaqda birbaşa günahkardır. Ərəb ölkələri elə düşünürdülər ki, ərazilərində, ABŞ hərbi bazalarına yer ayrıblarsa, Pentaqon onları müdafiə edəcək, amma etmədi. İran heç vaxt ərəb ölkələri ilə münaqişəyə həvəsli olmayıb. Xatırlayırsızsa, Pezeşkian raket hücum cavabına görə hətta qonşu ölkələrin xalqlarından da üzr istədi. Qonşular arasında münasibətlərin normallaşması zaman məsələsidir. Onlar da İrana qoşulub təhlükəsizliklərinin qorumaq üçün bir təşkilat yaratsalar yaxşıdır. Fikrimcə, Fars Körfəzi Əməkdaşlıq Təşkilatına İran da qatılıb, yeni bir təşkilat yaransın. Region ölkələri təhlükəsizliklərini özləri qorumalıdır. ABŞ bu prosesdə zəifləmiş bir halda çıxacaq. Əgər ölkələr enerji sahəsində ticarəti öz valyutaları ilə həyata keçirsələr ABŞ bu oyunda kənarda qalacaq, düzdür, bu uzun bir zaman tələb edəcək.

- O da söylənilir ki, ABŞ-İsrail cütlüyünə qarşı İranın ayaqüstə qalmasının əsas səbəblərindən biri də Çin və Rusiyanın onu silahlandırmasıdır. İsrailin yanında ABŞ dayanıb, bəs İranın yanında hansı ölkə dayanıb.

- İranın yanında deyilənə görə Çin və Rusiya dayanıb. Dayanmaq deyəndə hər hansı bir silah yardımı edilibsə, pulla satılıb. İranın geopolitik mövqeyi güclüdür, xüsusilə Hörmüz boğazı. Bundan başqa bu müharibədə İran öz istehsalı olan raketlərdən istifadə edib, Rusiya, Çin İrana raket verməyib. Rusiya ABŞ siyasətini nəzərə alıb İranla ciddi əməkdaşlıq etməyib. Rusiyanın İranda AES tikintisində yardım edib. Çin də İranla ancaq neft, enerji ehtiyatlarını alıb. Bunlar həmin ölkələrin öz maraqlarına xidmət edib. Rusiya istəyir ki, ABŞ-ın başı müharibəyə qarışsın. Neft bahalaşır, sanksiyalar azalır, Ukrayna üzərinə gediş sürətlənir və s. Çin özü də regional mənafelərinə görə İranı dəstəkləyir. Hər iki ölkənin marağındadır ki, ABŞ zəifləsin, çöksün, Tramp da ölkəni bina sürükləyir. ABŞ əvvəlki ölkə deyil, Tramp onu çox zəiflədib, bir trilyon dollar borcu var.

Cavid