12:42
1 183
ABŞ İrana qarşı hərbi-dəniz əməliyyatlarını Yaxın Şərq hüdudlarından kənara çıxarıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Washington Post" (WP) rəsmi mənbələrə istinadən məlumat yayıb.
Ötən gün ABŞ Hərbi Dəniz Qüvvələri Hind-Sakit okean regionunda "Tifani" tankerini ələ keçirib və Hindistanın qərb sahillərində daha bir gəmini müşayiət edib.
Nəşr, təxminən 2 milyon barel neft daşımaq qabiliyyətinə malik olan "Tifani"nin ələ keçirilməsini "bu qəbildən olan silsilə əməliyyatların başlanğıcı" adlandırır. ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn daha əvvəl ehtimal etmişdi ki, bu növ operativ hərəkətlər Hind-Sakit okean regionunda da həyata keçirilə bilər. Keynin sözlərinə görə, Amerika qüvvələri "İran bayrağı altında üzən və ya İrana real dəstək verməyə çalışan istənilən gəmini" təqib edəcək.
Hazırda Ərəb dənizində ABŞ-ın "USS Abraham Lincoln" aviadaşıyıcı zərbə qrupu və "USS Tripoli" desant gəmisi başda olmaqla bir qrup gəmi İranın dəniz blokadasında iştirak edir. Onlara tərəf həmçinin "USS George H. W. Bush" aviadaşıyıcısının rəhbərlik etdiyi qrup da hərəkət etməkdədir.
Məryəm Quliyeva