Qlobal güc mübarizəsi dərinləşir: yeni soyuq mərhələ”
22 Aprel 23:48

Türkiyənin Antalya şəhərində 17-19 aprel tarixlərində 5-ci Antalya Diplomatiya Forumu keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev sözügedən forumda iştirak edib və bir sıra görüşlər keçirib.
Millət vəkilləri Prezident İlham Əliyevin forumda iştirakı, keçirdiyi görüşlər, verilən mesajlar haqqında “Xalq Cəbhəsi”nə danışıb.
Azərbaycanın artan beynəlxalq nüfuzu və diplomatik fəallığı
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib ki, 5-ci Antalya Diplomatiya Forumu da beynəlxalq münasibətlər sistemində ciddi transformasiyaların baş verdiyi bir dövrdə keçirildi: “Elə bir mürəkkəb geosiyasi şəraitdə Prezident İlham Əliyevin bu mötəbər tədbirdə iştirakı ölkəmizin artan beynəlxalq nüfuzunun və diplomatik fəallığının bariz göstəricisidir. Əvvəla, qeyd etmək lazımdır ki, bu forum artıq qlobal səviyyədə mühüm siyasi platformaya çevrilib. Dünyanın müxtəlif regionlarından dövlət və hökumət başçıları, siyasətçilər, ekspertlər burada bir araya gələrək ən aktual məsələləri müzakirə edirlər. Belə bir mühitdə Azərbaycanın mövqeyinin birbaşa dövlət başçısı tərəfindən təqdim olunması xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin forum çərçivəsində keçirdiyi çoxsaylı görüşlər Azərbaycanın aktiv və çoxşaxəli xarici siyasət kursunun davam etdiyini göstərir. Xüsusilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə keçirilən görüş strateji müttəfiqliyimizin sarsılmaz olduğunu bir daha təsdiqlədi. Bu münasibətlər təkcə iki ölkə arasında deyil, bütövlükdə regionda sabitliyin və inkişafın əsas sütunlarından biridir. Eyni zamanda, digər ölkələrin liderləri ilə keçirilən görüşlər Azərbaycanın beynəlxalq əməkdaşlıq coğrafiyasını genişləndirdiyini nümayiş etdirir. Bu, ölkəmizin yalnız regional deyil, daha geniş miqyasda etibarlı tərəfdaş kimi qəbul olunduğunu göstərir”.
“Azərbaycan qlobal müzakirə platformalarında söz sahibi olan ölkələrdəndir”
Deputat bildirib ki, forum zamanı verilən əsas mesajlara gəldikdə isə burada bir neçə mühüm istiqamət ön plana çıxır: “Birincisi, Azərbaycan post-münaqişə dövründə regionda sülh və əməkdaşlıq gündəliyini irəli aparan əsas təşəbbüskarlardan biri kimi çıxış edir. İkincisi, ölkəmizin nəqliyyat və logistika imkanları – xüsusilə Orta Dəhliz layihəsi – Avrasiya məkanında strateji əhəmiyyət daşıyan faktor kimi təqdim olunur. Üçüncüsü, türk dünyası daxilində inteqrasiyanın dərinləşdirilməsi Azərbaycanın xarici siyasət prioritetləri sırasında mühüm yer tutur. Bütün bunları ümumiləşdirərək deyə bilərik ki, Prezident İlham Əliyevin Antalya Diplomatiya Forumundakı iştirakı formal xarakter daşımırdı. Bu iştirak konkret siyasi mesajların verilməsi, yeni əməkdaşlıq imkanlarının müzakirəsi və Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli idi. Bu gün Azərbaycan öz prinsipial mövqeyi, müstəqil siyasəti və artan iqtisadi-siyasi gücü ilə qlobal müzakirə platformalarında söz sahibi olan ölkələr sırasındadır. Antalya Forumu isə bu reallığın növbəti təsdiqi kimi qiymətləndirilə bilər”.
“Forum Azərbaycanın diplomatik fəallığını artırmaq üçün əvəzsiz imkanlar açır”
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı söyləyib ki, Antalya Diplomatiya Forumu müasir dünya nizamında cərəyan edən dərin geosiyasi transformasiyaların fonunda həm regional müzakirə platforması, həm də qlobal siyasətin strateji istiqamətlərinin müəyyənləşdirildiyi nüfuzlu bir mərkəzə çevrilib: “2021-ci ildə təsis edildiyi qısa müddət ərzində qlobal dialoqun aparıcı mexanizmlərindən biri kimi özünü təsdiqləyən bu forum Azərbaycanın diplomatik fəallığını artırmaq üçün mühüm və əvəzsiz imkanlar açır. Azərbaycanın bu platformaya ilk gündən siyasi və diplomatik dəstək verməsi rəsmi Bakının uzaqgörən xarici siyasət kursunun nəticəsidir. Xüsusilə 2020-ci il Zəfərindən sonra yaranmış yeni regional status-kvo, iqtisadi-logistik layihələr və təhlükəsizliyin yenidən qurulması barədə Azərbaycanın konseptual baxışı məhz bu tribuna vasitəsilə beynəlxalq birliyə çatdırılır. Ölkə başçımız Cənab İlham Əliyevin forumda iştirakı və keçirdiyi intensiv görüşlər Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki strateji çəkisini, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş qalib dövlət kimi masada şərtləri müəyyən edən tərəf olduğunu bir daha nümayiş etdirdi”.
Türk dünyasında həmrəylik praktik müstəviyə keçir
G.Ağamalı diqqətə çatdırıb ki, forumun gündəliyində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən müzakirələr "Bir millət, iki dövlət" modelinin mənəvi və siyasi, iqtisadi və hərbi-təhlükəsizlik mexanizmləri ilə necə təkmilləşdiyini sübut etdi: “Sözügedən qardaşlıq nümunəsi eyni zamanda Türk Dövlətləri Təşkilatının (TDT) möhkəmlənməsinə yönəlmiş strateji addımdır. Tədbir çərçivəsində Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürmanla baş tutan görüş və Azərbaycanın dost dövlətə verdiyi daimi mənəvi-siyasi dəstəyin vurğulanması türk dünyasında həmrəyliyin artıq praktik müstəviyə keçdiyinin bariz göstəricisidir. Bakıda keçirilən parlamentlərarası dostluq qruplarının iclasları və Şimali Kipr Türk Cümhuriyyətinin TDT-yə müşahidəçi qismində qatılması istiqamətindəki fəaliyyət, Azərbaycanın türk dünyasının bütövlüyü yolunda atdığı prinsipial addımlardır. Bu koordinasiyalı fəaliyyət göstərir ki, rəsmi Bakı və rəsmi Ankara regionun gələcəyini və təhlükəsizlik arxitekturasını müəyyən edən əsas hərəkətverici güclərdir”.
Parlament diplomatiyasının əhəmiyyəti
Onun sözlərinə görə, normallaşma prosesində parlament diplomatiyasının əhəmiyyəti də forumun diqqət mərkəzində idi: “Milli Məclisin sədri hörmətli Sahibə xanım Qafarovanın Ermənistan parlamentinin spikeri ilə görüşü göstərir ki, artıq gündəlikdə yalnız təhlükəsizlik məsələləri dayanmır, həm də gələcək iqtisadi inteqrasiya imkanları yer alır. Cənab Prezidentin köməkçisi Hikmət Hacıyevin çıxışında vurğulanan üçtərəfli və çoxtərəfli əməkdaşlıq modelləri Cənubi Qafqazın yeni inteqrasiya mərhələsinə qədəm qoyduğundan xəbər verir. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın qlobal sistemin legitimlik böhranı və beynəlxalq institutların effektivliyini itirməsi ilə bağlı xəbərdarlığı fonunda, Azərbaycan və Türkiyə daha ədalətli və inklüziv bir dünya nizamının formalaşmasına töhfə verirlər”.
“Rəsmi Bakı qlobal siyasi prosesləri yönləndirən əvəzolunmaz aktordur”
O eləcə də əlavə edib ki, dövlət başçımız cənab İlham Əliyevin səfərindən və keçirdiyi görüşlərdən belə qənaətə gəlmək olar ki, Antalya Diplomatiya Forumu artıq Davos və Münhen kimi mötəbər platformalarla rəqabət aparacaq səviyyəyə yüksəlib: “Azərbaycanın bu prosesdəki proaktiv iştirakı isə göstərir ki, rəsmi Bakı qlobal siyasi prosesləri yönləndirən, strateji təşəbbüslər irəli sürən əvəzolunmaz aktordur. Ermənistanla sülh prosesindən tutmuş enerji və logistika layihələrinə, türk dünyası ilə birlikdə Yaxın Şərqdəki humanitar dəstəyə qədər atılan hər bir addım Azərbaycanın Şərq və Qərb üçün strateji tərəfdaş kimi mövqeyini sarsılmaz edir. Regional gücdən və qlobal təsir imkanlarına malik olan Azərbaycan dövləti özünün müstəqil və milli maraqlara söykənən siyasəti ilə dünyanın yeni geosiyasi quruluşunun formalaşmasında həlledici rolunu davam etdirir”.
“Azərbaycan hər il yüksək səviyyədə təmsil olunur”
Milli Məclisin deputatı Pərvanə Vəliyeva vurğulayıb ki, Antalya Diplomatiya Forumu (ADF) çərçivəsində Azərbaycan hər il yüksək səviyyədə təmsil olunur: “Bu iştirak ölkəmizin həyata keçirdiyi uğurlu və balanslaşdırılmış regional diplomatiyanın beynəlxalq ictimaiyyətə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Forum çərçivəsində aparılan müzakirələr, keçirilən görüşlər və ikitərəfli danışıqlar Azərbaycanın xarici siyasət prioritetlərini və regional təşəbbüslərini təqdim etmək üçün geniş imkanlar yaradır. Tədbir çərçivəsində müasir dövrün ən aktual qlobal çağırışları geniş şəkildə müzakirə olunur. Bu mövzular sırasında enerji təhlükəsizliyi, qlobal təchizat zəncirlərinin dayanıqlılığı, rəqəmsal iqtisadiyyatın inkişafı və yaşıl enerjiyə keçid xüsusi yer tutur. Xüsusilə son illərdə baş verən geosiyasi dəyişikliklər və enerji bazarlarında yaranan qeyri-sabitlik bu məsələlərin əhəmiyyətini daha da artırıb. Bu baxımdan dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi, alternativ enerji mənbələrinin inkişafı və dayanıqlı iqtisadi modellərin formalaşdırılması forumun əsas müzakirə istiqamətlərindəndir”.
“Bakının beynəlxalq arenadakı çəkisinin artır”
Deputat bildirib ki, Azərbaycan bu kontekstdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaş kimi çıxış edir: “Xüsusilə ölkəmizin zəngin enerji resursları, inkişaf etmiş infrastruktur imkanları və strateji coğrafi mövqeyi onu etibarlı enerji təchizatçısına çevirir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq enerji layihələri və alternativ enerji marşrutlarının formalaşdırılmasında fəal iştirakı ölkəmizin qlobal enerji xəritəsindəki rolunu əhəmiyyətli dərəcədə artırıb. Bu baxımdan forum yeni enerji layihələrinin təşviqi, beynəlxalq tərəfdaşlıqların qurulması və xarici investisiyaların cəlbi üçün mühüm platforma rolunu oynayır. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu və ölkəmizin logistik imkanları artıq dəfələrlə forumun əsas müzakirə mövzularından biri olub. Bu isə Bakının beynəlxalq arenadakı çəkisinin artdığını və ona olan marağın yüksəldiyini göstərir. Xüsusilə ölkə rəhbərliyinin forum çərçivəsində keçirdiyi yüksəksəviyyəli görüşlər və əldə olunan razılaşmalar Azərbaycanın qlobal əməkdaşlıqda fəal iştirakını bir daha nümayiş etdirir”.
Röya İsrafilova