Qlobal güc mübarizəsi dərinləşir: yeni soyuq mərhələ”
22 Aprel 23:48

Belarus Prezidenti Aleksandr Lukaşenko“RT” kanalına müsahibəsində Belarus tərəfinin ABŞ ilə böyük bir razılaşmaya hazır olduğunu bildirib. Lukaşenko “Bizim amerikalılarla həll edilməli daha böyük məsələlərimiz var. Bu da böyük razılaşma mövzusudur. Biz bu razılaşmanı hazırlayan kimi ABŞ prezidenti Donald Trampla görüşməyə və bu sazişi imzalamağa hazırıq” əlavə edib.
O, bu razılaşmada hər iki tərəfin maraqlarının nəzərə alınmalı olduğunu qeyd edib.
“Xalq Cəbhəsi” Lukaşenkonun bu açıqlamasına siyasi şərhçilərin münasibətini öyrənib.
“Rusiya ilə bağlı ciddi problemlər mövcuddur”
Politoloq Elçin Xalidbəyli söyləyib ki, Prezident Aleksandr Lukaşenko Rusiya ilə bağlı hər şeyi daha yaxşı, dəqiq bilən dövlət lideridir: “Əgər o, ABŞ ilə və ya Qərblə yaxınlama əlaməti sayıla biləcək bir anlaşmadan bəhs edirsə, bu, o deməkdir ki, Rusiya ilə bağlı hansısa ciddi problemlər mövcuddur və bu problemlər yaxın gələcəkdə Rusiya ilə bağlı daha böyük kataklizmlər doğura bilər. Ona görə də Belarus Prezidenti indidən özünü sığortalamağa çalışır. Ancaq ABŞ-nin Belarusla hansısa böyük anlaşma imzalayacağı o qədər də inandırıcı görünmür. Çünki Belarus birbaşa ABŞ-nin maraqları çərçivəsində olan dövlət kimi görünmür”.
“ABŞ-dən böyük anlaşma gözləmək qeyri-real istəkdir”
E.Xalidbəylinin fikirlərinə görə, ABŞ daha çox Rusiya ilə qarşılıqlı anlaşma mühiti yaratmağa çalışır: “Rusiya ilə anlaşdığı təqdirdə isə Belarus istənilən halda ABŞ-nin tələblərini və ya istəklərini yerinə yetirmək məcburiyyətindədir. Çünki Belarus faktiki olaraq Kremldən idarə olunan dövlət vəziyyətinə düşüb. Bu baxımdan Belarus Prezidentinin ABŞ-dən böyük bir anlaşma gözləməsi tamamilə qeyri-real bir istəkdir. Ancaq yenə təkrar edirəm belə bir istək gündəmə gətirilirsə, o zaman Prezident Aleksandr Lukaşenko başqalarının bilmədiyi hansısa böyük bir gizli məlumata sahibdir ki, ABŞ ilə belə bir yaxınlaşma cəhdləri göstərir. Bu, ehtimal etməyə əsas verir ki, Rusiya yaxın vaxtlarda olduqca böyük bir təhlükə ilə üzləşə bilər, olduqca böyük zərbələr ala bilər. Yəni Rusiyanın ətrafında hansısa bir kataklizm təhlükəsi mövcuddur”.
“Tramp administrasiyasının Lukaşenko hökumətinə münasibəti heç də pis deyil”
Siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, ABŞ və Belarus arasında müəyyən anlaşmalar mövcuddur: “Tramp hakimiyyətə gəldikdən sonra Belarusla müəyyən məsələlər barəsində az da olsa razılaşmalar əldə olunub. Yəni ən azı danışıqlar aparılıb və belə görünür ki, Tramp administrasiyasının Lukaşenko hökumətinə münasibəti heç də pis deyil, normaldır”.
“Lukaşenko ona görə güzəştə getdi ki...”
O qeyd edib ki, xüsusilə Belarus ABŞ-nin xahişi əsasında siyasi məhbusların çoxunu azad etdi: “Bu da müəyyən dərəcədə razılaşma meyillərini gücləndirir. İndi isə Belarusun ABŞ-dən gözlədiyi ölkəyə investisiya qoyulması və kreditlərin ayrılması məsələsidir. Lukaşenko bu məsələlərdə ona görə güzəştə getdi ki, ölkəyə investisiyalar cəlb edə bilsin. Yəni Qərb şirkətlərinin Belarusa gəlməsini təmin edə bilsin və hansı ki, Belarusa qarşı müəyyən dərəcədə sanksiyalar tətbiq edilmişdi, həmin sanksiyalardan azad olunması istiqamətində həm Avropa İttifaqı, həm də ABŞ tərəfindən addımlar atılsın”.
“Belarusun çox geniş imkanları var”
Z.Əmrəliyevin bildirdiyinə görə, ümumilikdə Belarusun həm turizm, həm kənd təsərrüfatı sahəsi ilə bağlı çox geniş prioritetləri, imkanları var: “Bu imkanlardan maksimum şəkildə Avropaya kənd təsərrüfatı məhsullarının idxalı olsun, Belarusun özünün turizm potensialı olsun bundan istifadə edə bilsin. Bunun üçün də investisiyalara ehtiyac var. Düşünürəm ki, növbəti razılaşmalarda Lukaşenkonun dediyi həmin məsələ məhz budur”.
“Lukaşenkonun mesajı açıqdır”
Siyasi şərhçi Anar Əli qeyd edib ki, Lukaşenkonun açıqlaması sadəcə diplomatik jest kimi qiymətləndirilməməlidir: “Bu bəyanat, əslində, Avropa siyasətində yeni geosiyasi konfiqurasiyanın formalaşmaqda olduğuna işarə edir. Xüsusilə Tramp administrasiyasının Avropaya yanaşması, Rusiya ilə balans siyasəti və Şərqi Avropada yaranan siyasi boşluqlar fonunda bu addım daha geniş strateji məna kəsb edir. Lukaşenkonun mesajı açıqdır: Belarus artıq yalnız sanksiyaların hədəfi olan passiv aktor deyil, əksinə, öz geosiyasi rolunu yenidən tanımlamaq istəyən aktiv oyunçudur. “Böyük razılaşma” ifadəsi isə klassik diplomatik normallaşmadan daha irəli gedərək, geniş spektrli – siyasi, iqtisadi və təhlükəsizlik komponentlərini əhatə edən bir paket anlaşmanı nəzərdə tutur. Bu, eyni zamanda, Minsk rəhbərliyinin Qərblə münasibətlərdə yeni səhifə açmaq niyyətini göstərir. Belarus uzun müddət Rusiya orbitində olsa da, tam asılılıqdan qaçmaq üçün alternativ kanallar axtardığını bu cür siqnallarla nümayiş etdirir. Donald Trampın xarici siyasət yanaşması ənənəvi ABŞ diplomatiyasından fərqlənir. O, ideoloji yanaşmadan daha çox “razılaşma əsaslı” (deal-oriented) siyasət yürüdür. Bu kontekstdə Belarus kimi ölkələrlə əlaqələrin normallaşdırılması, Vaşinqtonun Avropada yeni təsir alətləri formalaşdırmaq istədiyini göstərir”.
“Belarus “strateji tampon zona” kimi çıxış edə bilər”
Onun sözlərinə görə, xüsusilə Avropa İttifaqı ilə münasibətlərdə yaranan gərginliklər və transatlantik əlaqələrdə soyuqluq fonunda, ABŞ-nin Şərqi Avropada alternativ tərəfdaşlar axtarması məntiqi görünür: “Belarus bu baxımdan həm coğrafi, həm də geosiyasi baxımdan “strateji tampon zona” kimi çıxış edə bilər. Macarıstanın keçmiş baş naziri Viktor Orban uzun müddət Avropa daxilində Tramp administrasiyası üçün fərqli siyasi xətti təmsil edən liderlərdən biri idi. Əgər Orbanın seçkiləri uduzması nəticəsində bu xətt zəifləyərsə, Trampın Orban çizgisinə yaxın Avropada alternativ siyasi dayaqlar axtarması qaçılmaz ola bilər. Bu kontekstdə Lukaşenkonun potensial olaraq “yeni balans aktoru” kimi önə çıxarılması ehtimalı müzakirə edilə bilər. Lakin burada ciddi bir fərq mövcuddur: Orban hər nə qədər Avropa İttifaqı ilə problemlər yaşasa da sistem daxilində hərəkət edən bir aktor idi, Lukaşenko isə sistem xaricində, daha çox avtoritar idarəetmə modeli ilə tanınan bir liderdir. Buna görə də Belarusun Orbanın yerini tam doldurması real görünməsə də, alternativ təsir nöqtəsi kimi istifadə olunması mümkündür”.
“Bu, Rusiya üçün ikili təsir yarada bilər”
Siyasi şərhçi eləcə deyib ki, Belarusun ABŞ ilə yaxınlaşma siqnalları Vladimir Putin rəhbərliyindəki Rusiya üçün ikili təsir yarada bilər: “Bir tərəfdən, bu proses Moskvanın öz ən yaxın müttəfiqlərindən biri üzərində təsir imkanlarının zəifləməsi kimi qiymətləndirilə bilər. Belarusun Qərblə yaxınlaşması, xüsusilə təhlükəsizlik və iqtisadi sahələrdə, Ukraynadan sonra Rusiyanın regional hegemonluğuna zərbə vura bilər. Digər tərəfdən isə Kremlin bu prosesi tamamilə neqativ qəbul etməsi də gözlənilmir. Çünki Lukaşenko uzun illərdir balans siyasəti yürüdür və Rusiyadan tam uzaqlaşmaq Minsk üçün strateji baxımdan risklidir. Bu səbəbdən, Moskva müəyyən həddə qədər Belarusun Qərblə məhdud yaxınlaşmasına dözümlü yanaşa bilər – xüsusilə bu, Rusiyanın əsas təhlükəsizlik maraqlarını təhdid etmədiyi müddətdə. ABŞ-nin Belarusla münasibətləri normallaşdırmaq istiqamətində addımlar atması transatlantik münasibətlərdə yeni gərginliklər yarada bilər. Avropa İttifaqı uzun müddətdir Belarus rejiminə qarşı sərt mövqe tutur. Tramp administrasiyasının isə daha praqmatik yanaşma sərgiləməsi, ABŞ və Avropa arasında siyasət fərqlərini daha da dərinləşdirə bilər. Lukaşenkonun “böyük razılaşma” açıqlaması təsadüfi diplomatik mesaj deyil. Bu, Trampın Avropa siyasətində yeni istiqamətlər axtardığını, Belarusun isə bu prosesdə aktiv rol oynamaq istədiyini göstərir. Lakin bu yaxınlaşmanın nə dərəcədə davamlı olacağı bir sıra amillərdən asılıdır: Rusiyanın reaksiyası, Avropa İttifaqının mövqeyi və ən əsası, ABŞ-nin bu prosesi nə qədər strateji prioritetə çevirəcəyi. Aydın olan budur ki, Şərqi Avropada yeni balans formalaşır və Minsk artıq bu balansın passiv elementi deyil – aktiv iştirakçısına çevrilmək istəyir”.
Röya İsrafilova