Qlobal güc mübarizəsi dərinləşir: yeni soyuq mərhələ”
22 Aprel 23:48

Son dövrlərdə beynəlxalq münasibətlər sistemində gərginliklərin artması və böyük güc mərkəzləri arasında rəqabətin dərinləşməsi qlobal siyasətdə yeni reallıqlar formalaşdırır. Xüsusilə ABŞ və Rusiya arasında müşahidə olunan strateji qarşıdurma müxtəlif regionlara da təsir göstərərək təhlükəsizlik müzakirələrini daha da aktuallaşdırıb. Bu proses təkcə siyasi və hərbi sahə ilə məhdudlaşmır, eyni zamanda iqtisadi və informasiya müstəvilərini də əhatə edir.
Mövzu ilə bağlı politoloqlar müxtəlif yanaşmalar səsləndirərək dünyada formalaşan geosiyasi vəziyyətin “yeni soyuq rəqabət” mərhələsinə keçdiyini qeyd edirlər. Onların fikrincə, baş verən proseslər region ölkələrinin təhlükəsizlik siyasətinə də birbaşa təsir göstərir və yeni çağırışlar yaradır.
“Yeni soyuq rəqabət..”
Politoloq Azad Məsiyev “Xalq Cəbhəsi”nə açıqlamasında nəzərə çatdırıb ki, dünyada formalaşan geosiyasi münasibətlər getdikcə daha gərgin və təhlükəli mərhələyə daxil olur.
O qeyd edib ki, hazırda qlobal siyasətdə iki əsas güc mərkəzi arasında açıq rəqabət müşahidə edilir: “Bu gün faktiki olaraq ABŞ ilə Rusiya arasında iqtisadi, siyasi və hərbi müstəvidə ciddi qarşıdurma mövcuddur. Bu proses yalnız iki ölkə ilə məhdudlaşmır, eyni zamanda onların müttəfiqlərini də əhatə edib. Qərb blokunun siyasətində Rusiyaya qarşı sərt xətt açıq şəkildə görünür. Başda ABŞ olmaqla NATO bloku Rusiyanı əsas təhlükə kimi təqdim edir və onu beynəlxalq sistemdə təcrid etmək istiqamətində strateji addımlar atır. Bu yanaşmanın kökləri Varşava Müqaviləsi Təşkilatı dağıldıqdan və Sovetlər birliyi süqut etdikdən sonrakı dövrə gedib çıxır. Həmin mərhələdən etibarən NATO-nun genişlənməsi Rusiyanın sərhədlərinə doğru istiqamətlənib və bu, Moskva tərəfindən təhlükəsizlik riski kimi qəbul olunub”.
Politoloqun fikrincə, regionda baş verən bir çox proseslər də bu geosiyasi rəqabətin tərkib hissəsidir: “Rusiya ətrafında gərginlik ocaqlarının formalaşdırılması, bəzi ölkələrdə rəngli inqilablar fonunda hakimiyyət dəyişikliklərinin baş verməsi böyük güclər arasında mübarizənin elementləri kimi qiymətləndirilə bilər. Burada əsas məqsəd Rusiyanın hərbi və iqtisadi potensialını zəiflətməkdir”.
A. Məsiyev qeyd edib ki, bu gün artıq Pribaltika respublikaları da bu təxribatın elementinə çevrilməkdədir: “Yəni, Birləşmiş Ştatlar Avropa İttifaqı ilə Rusiya arasında uzunmüddətli bir münaqişənin olmasında maraqlıdır. Bu baxımdan Ukrayna münaqişəsi də bu planın elementidir və bu məqsəd üçün yaradılıb.
Məqsəd Avropa iqtisadiyyatını çökdürmək, onun pul vahidi olan avronu dünya valyutası kimi dövriyyədən çıxartmaqdır. Çünki Amerika strategiyasına görə, Amerika imperatorluğuna təhlükə yaradan elementlərdən biri də Avropanın pul vahidi olan avrodur. Amerikanın gücü onun valyutası olan dollardadır və dollar dünya valyutası kimi zəiflədikcə onun nüfuzu və iqtisadi gücü də zəifləyir.
Bu baxımdan Avropanın pul vahidi olan avronu dollara rəqib kimi rəqabət apardığına görə, Amerika Birləşmiş Ştatları Avropa iqtisadiyyatını çökdürmək üçün uzunmüddətli bir Avropa ilə Rusiya arasında münaqişə yaratmaqdır. Və hazırda da Amerikanın apardığı təbliğat buna yönəlib ki, guya Rusiya Avropa dövlətlərinə hücum edəcək və xüsusilə də Polşa, Pribaltika respublikalarını hədəf göstərir.
Və məsələ də burasındadır ki, bu informasiya müharibəsində Amerika açıq şəkildə Avropanı Rusiya üzərinə yönəltməkdədir. Məsələ burasındadır ki, hələ Ukrayna münaqişəsi başlamazdan qabaq Avropa ilə Rusiya arasında iqtisadi-siyasi münasibətlər yüksək sürətlə inkişaf edirdi. Hətta Avropanın 800 milyard dollar pulu Rusiyada sərmayə qoyulmuşdu.
Məsələ də burasındadır ki, bu gün Pribaltika respublikalarını oyuna salaraq Rusiyaya qarşı bir psixoloji təbliğat aparırlar. Dəfələrlə Rusiya da bəyan edir ki, Rusiyanın indiki məqamda Avropa dövlətləri ilə hər hansı bir münaqişəyə girmək fikrində deyil, çünki Rusiya istər iqtisadi, istərsə də siyasi baxımdan özündə güc toplamaq istəyir."
“Təhlükə görünməsə də, risk qalır”
Politoloq Elman Telmanoğlu söyləyib ki, Margus Tsahkna-nın “birbaşa hücum əlamətləri görünmür” fikri risklərin tam aradan qalxdığı anlamına gəlmir:
“Estoniya və Finlandiyanın atdığı addımlar daha çox potensial və uzunmüddətli təhlükələrə qarşı qabaqlayıcı siyasətin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Politoloq qeyd edib ki, Rusiyanın son illərdəki davranışı, xüsusilə Rusiyanın Ukraynaya müdaxiləsi region ölkələrinin təhlükəsizlik yanaşmasını köklü şəkildə dəyişib. Bu gün Baltikyanı dövlətlər və Finlandiya üçün niyyət yox, imkan prinsipi daha аktualdır. Yəni hazırda açıq hücum hazırlığı müşahidə olunmasa da, mövcud hərbi potensial risk olaraq qalır. Görülən tədbirlər NATO çərçivəsində kollektiv müdafiənin gücləndirilməsi strategiyasına uyğundur. Sərhədlərdə müdafiə infrastrukturunun qurulması yalnız milli təhlükəsizliyi təmin etmir, eyni zamanda alyans daxilində ciddi çəkindirici siqnal rolunu oynayır. Hazırkı mərhələdə təhlükələr yalnız klassik hərbi hücumla məhdudlaşmır. Region ölkələri hibrid təhdidlərdən – kibertəhlükələrdən, sərhəd təxribatlarından və miqrasiyanın siyasi alət kimi istifadəsindən də ehtiyatlanır. Bu baxımdan atılan addımlar qeyri-ənənəvi risklərə qarşı hazırlığın da mühüm hissəsidir”.
Sonda o əlavə edib ki, Estoniya və Finlandiyanın sərhədlərdə müdafiəni gücləndirməsi ziddiyyət deyil: “Bu, mövcud şəraitdə təhlükə yoxdur qiymətləndirməsi ilə yanaşı, gələcək qeyri-müəyyənliklərə qarşı strateji ehtiyatlılıq və çəkindiricilik siyasətinin təzahürüdür”.
“Estoniya Ukrayna dərsindən nəticə çıxarır”
Politoloq Cavanşir Abbaslı diqqətə çatdırıb ki, Estoniya hakimiyyəti artıq regionda gedən prosesləri daha realist qiymətləndirməyə başlayıb və Ukrayna ətrafında formalaşan vəziyyətdən ciddi nəticələr çıxarır:
“Beynəlxalq münasibətlərdə səsləndirilən bəyanatlarla real vəziyyət arasında fərq aydın şəkildə görünür: “Bir müddət əvvəl Ukrayna tərəfindən Rusiyanın NATO üçün ciddi təhdid olduğu ilə bağlı açıqlamalar verilirdi. Lakin bu gün müharibənin gedişi göstərir ki, proseslər fərqli istiqamətdə inkişaf edir və Ukrayna faktiki olaraq meydanda tək qalıb. Hazırda qlobal diqqətin başqa istiqamətlərə yönəlməsi region ölkələrində narahatlıq yaradır. Xüsusilə Yaxın Şərqdə, o cümlədən İran ətrafında baş verən hadisələr fonunda ABŞ və Avropa ölkələrinin diqqəti Ukraynadan yayınıb. Bu isə Estoniya kimi ölkələrə göstərir ki, oxşar situasiyada onlar da tək qala bilərlər”.
C.Abbaslı hesab edir ki, məhz bu səbəbdən Estoniya Rusiya ilə münasibətləri kəskinləşdirməkdən çəkinir: “Moskva hazırda bütün diqqətini Ukrayna istiqamətinə yönəldib və tarixi təcrübə göstərir ki, Rusiya eyni vaxtda bir neçə cəbhədə müharibə aparmır. 2008-ci ildə Gürcüstan, daha sonra 2014 və 2022-ci illərdə Ukrayna istiqamətində baş verənlər bunu təsdiqləyir. Ukrayna müharibəsi başa çatmadan və ya dərhal sonra Rusiyanın başqa ölkəyə hücum ehtimalı yüksək deyil. Adətən belə hallarda müəyyən zaman fasiləsi yaranır və bu da region ölkələri üçün nisbi təhlükəsizlik mühiti formalaşdırır”.
Sonda o əlavə edib ki, Estoniya və Finlandiyanın müdafiə tədbirlərini gücləndirməsi tam normal və məntiqli addımdır: “Hər bir dövlət sərhədlərinin təhlükəsizliyini təmin etməyə çalışır. Bu, həm hüquqi, həm də strateji baxımdan vacibdir. Çünki sərhədlərin qorunması dövlət müstəqilliyinin əsas şərtlərindən biridir”.
Günel Elxan