“İki ölkə arasındakı münasibətlər yeni mərhələyə keçir” Gündəm

“İki ölkə arasındakı münasibətlər yeni mərhələyə keçir”

“Çexiyanın Baş nazirinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərən siyasi hadisə kimi qiymətləndirilə bilər”.

Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi ekspert Alim Nəsirov söyləyib.

O qeyd edib ki, burada əsas diqqət çəkən məqam siyasi dialoqun intensivləşməsi və onun artıq təkcə ikitərəfli deyil, regional və qlobal gündəliklə uzlaşdırılmasıdır: “İlk görüşün belə geniş müzakirə spektrini əhatə etməsi tərəflərin qarşılıqlı maraqlarının dərinləşdiyini göstərir və bu, Azərbaycanın Avropa ilə münasibətlərində daha aktiv oyunçu kimi çıxış etmək niyyətinin göstəricisidir”.

Siyasi şərhçi əlavə edib ki, səfərin iqtisadi və strateji əhəmiyyəti isə daha çox əməkdaşlığın strukturunun dəyişdirilməsi ilə bağlıdır: “Ticarət dövriyyəsinin əsasən enerji ixracına söykənməsi fonunda onun diversifikasiyası, yeni investisiya layihələrinin müzakirəsi və biznes dairələrinin prosesə cəlb olunması münasibətləri daha dayanıqlı edir. Energetika sahəsində mövcud tərəfdaşlıq qorunmaqla yanaşı, müdafiə sənayesi və birgə istehsal kimi istiqamətlərin gündəmə gəlməsi artıq daha dərin və uzunmüddətli əməkdaşlıq modelinin formalaşdığını göstərir. Bu isə Azərbaycanın Avropa ilə əlaqələrində yalnız resurs təminatçısı deyil, həm də sənaye və təhlükəsizlik sahələrində tərəfdaş kimi mövqeyini gücləndirir”.

Röya İsrafilova