“Avropa Azərbaycanla daha geniş əməkdaşlığa can atır” Gündəm

“Avropa Azərbaycanla daha geniş əməkdaşlığa can atır”

“Vətən müharibəsində Azərbaycanın qazandığı şanlı qələbə və Cənubi Qafqaz regionunda yaratdığı sülh və sabitlik ölkəmizin beynəlxalq mövqelərinin daha da güclənməsi ilə nəticələnib. Ötən dövrdə Azərbaycan yeni nəqliyyat-logistika və enerji layihələrinə imza atdı. Bura həm ənənəvi enerji - Cənub Qaz dəhlizinin yeni interkonnektorlar şəbəkəsi ilə Avropaya yayılması, həm Zəngəzur dəhlizi, həm də Yaşıl Enerji Dəhlizi kimi qlobal əhəmiyyətli layihələri aid etmək olar”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə söyləyib.

O əlavə edib ki, bununla yanaşı Mərkəzi Asiyanın Qərblə əlaqələndirilməsində Azərbaycanın yaratdığı yeni imkanlar - Orta Dəhlizin (Trans-Xəzər marşrutu) inkişafı ölkəmizin bağlayıcı rolunu daha da artırır: “Nəticə olaraq Azərbaycanın yaratdığı geosiyasi reallıqlar ənənəvi marşrutların və əlaqələrin kəsintiyə məruz qaldığı dünyada Azərbaycana olan tələbi artırmaqdadır. Bu gün Avropa Azərbaycanla daha geniş əməkdaşlığa can atır. Təsadüfi deyil ki, son 1 ayda Avropanın 4 ölkə rəhbəri ardıcıl olaraq ölkəmizə səfər edib. Öncə Litva Baş naziri, sonra Latviya Prezidenti, Ukrayna Prezidenti və Çexiya Baş naziri Azərbaycana gəlib. Bu səfərlərin hər birində nəqliyyat-logistika və enerji əməkdaşığı məsələlərinə vurğu edilib. Xüsusilə Ukrayna ilə hərbi sənaye sahəsində əməkdaşlıq fərqli məqam olaraq diqqət çəkir”.

Ş.Cəlilzadə ifadə edib ki, Çexiya ilə də müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub: “Başqa sözlə, Ermənistan Avropanın “Sülh Fondu”ndan hərbi “yardım” dilərkən, Azərbaycan Avropa ilə qarşılıqlı faydalı-strateji əməkdaşlıqlarını dərinləşdirir. Ümumilikdə bu səfərlər həm də Azərbaycanın etibarlı tərəfdaş olaraq dəyərləndirildiyini göstərir. Bu mənada Çexiya da Azərbaycan üçün etibarlı tərəfdaş sayıla bilər. Məsələn, Şərq-Qərb dəhlizinin ilkin və önəmli parçasına çevrilən Bakı-Tiflis-Qars layihəsinin birinci mərhələsində Çexiyanın da sərmayəsi vardı. Artıq tamamilə yeni marşrutlar üzərində layihələndirmə gedir və burada Avropanın əməkdaşlıq istəyi onların öz tələbatlarını qarşılamaq, enerji təhlükəsizliyi, nəqliyyat təhlükəsizliyi kimi qayğılarını təmin etmək məqsədinə xidmət edir. Cənub Qaz dəhlizinin genişləndirilməsi bu baxımdan Avropa üçün böyük əhəmiyyət daşıyır”.

O həmçinin deyib ki, gələcəkdə Trans-Xəzər enerji (qaz boru kəməri) layihəsi də reallaşarsa, bu, Cənub Qaz Dəhlizinin Çexiyayadək uzanmasına, interkonnektorlar şəbəkəsinin daha da genişlənməsinə gətirib çıxara bilər: “Hazırda Yunanıstan-Bolqarıstan (2022) və Serbiya-Bolqarıstan (2023) interkonnektorları mövcuddur. Babiş Azərbaycandan qaz almağa başlayacaqlarını bəyan edib. Göründüyü kimi, digər dövlətlər öz strateji resurslarını və mövqelərini dünyanı təhdid etmək üçün istifadə edərkən (məsələn, Rusiya Avropanı daima “soyuq qış” ilə təhdid edib, İran Hörmüz boğazını bağlamaqla qlobal enerji böhranına yol açıb) Azərbaycan daima öz strateji imkanlarından qlobal əməkdaşlıq və qarşılıqlı fayda prinsipinə əsaslanaraq yararlanmağa çalışır”.

Röya İsrafilova