10:07
511
Ermənistanda səfərdə olan Fransa prezidenti Emmanuel Makron bildirib ki, “Bakıda saxlanılan “erməni əsirlər”lə (müharibə cinayətlərinə görə məhkum edən separatçılar) bağlı məsələni əvvəlcə Nikol Paşinyanla, daha sonra Prezident İlham Əliyevlə müzakirə edəcək”.
Xalqcebhesi.az-ın xəbərinə görə, siyasi şərhçi Asif Nərimanlı deyib ki, bu, rəsmi Paris üçün yeni çətinlik vəd edir. Çünki separatçıların azad edilməsi istəyi Bakının “qırmızı xətlərini” keçmək cəhdidir, həmçinin, Paşinyanın da məsələyə yanaşması mənfidir. Makron bunu anlayır, hərçənd, İrəvan küçələrində erməni jurnalistlərin sualını cavabsız qoyması, yaxud məsələyə laqeyd mövqe sərgiləməsi Fransanın “erməni siyasətinə” zidd olardı. Fransa prezidentinin açıqlaması həm ölkəsindəki erməni icmasının, həm Yelisey sarayına təsir imkanı olan erməni lobbisinin istəyini qarşılamaq, həm də Ermənistanda revanşist elektoratının inamını itirməmək məqsədi kimi görünür:
"İstisna deyil ki, Makron İrəvan səfərindən sonra Əliyevlə danışmağa cəhd edəcək. Lakin Bakının cavabı bəllidir: ya Əliyev ümumiyyətlə Makronun zənginə cavab verməyəcək, ya da ona “qırmızı xətt”i yenidən göstərəcək;
Makronun məsələni ritorik çərçivədən kənara çıxarmayacağı ehtimalı daha çoxdur. Bunun əksi – Fransanın həbs edilən separatçıların - Vardanyan, Arutyunyan və digərlərinin azad edilməsində israrlı mövqeyi Parisin təkcə Bakı ilə normallaşan münasibətlərini deyil, ümumilikdə Cənubi Qafqazdakı mövqelərini yenidən risk altına sala bilər. Bu, Avropa İttifaqının regionla bağlı siyasətinə də ziddir".
Cavid