
Beynəlxalq münasibətlər sistemində elə əlaqələr var ki, onların əhəmiyyəti yalnız diplomatik münasibətlərin qurulduğu tarixlə, imzalanmış sənədlərin sayı və ya qarşılıqlı səfərlərin intensivliyi ilə ölçülmür. Belə münasibətlərin əsasını xalqlar arasında zamanın sınağından keçmiş dostluq, qarşılıqlı etimad, ortaq tarixi yaddaş və gələcəyə dair uzlaşan maraqlar təşkil edir. Azərbaycan ilə Vyetnam arasındakı münasibətlər məhz bu xüsusiyyətləri özündə birləşdirən nümunələrdəndir. Prezident İlham Əliyevin 2026-cı il noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə iki ölkə arasında əlaqələrin mahiyyətini, onların tarixi əsaslarını və müasir beynəlxalq şəraitdə qazandığı yeni məzmunu anlamaq baxımından mühüm əhəmiyyət daşıyır. Müsahibədə diqqət çəkən başlıca məqam Azərbaycanın Vyetnamla münasibətlərə yalnız ənənəvi dostluq əlaqələri kimi deyil, həm də qarşılıqlı iqtisadi maraqlara, strateji baxışa və uzunmüddətli əməkdaşlıq perspektivlərinə əsaslanan tərəfdaşlıq kimi yanaşmasıdır. Bu müsahibə eyni zamanda Azərbaycanın xarici siyasətinin mühüm xüsusiyyətlərindən birini – coğrafi baxımdan fərqli regionlarda yerləşən dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı faydalı və etibarlı münasibətlərin inkişaf etdirilməsini bir daha nümayiş etdirir.
Azərbaycan–Vyetnam münasibətlərinin təməlində dayanan tarixi hadisələrə nəzər saldıqda, bu əlaqələrin təsadüfi siyasi yaxınlaşma nəticəsində yaranmadığı aydın görünür. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri iki xalqın dostluq tarixində xüsusi yer tutur. Həmin səfər Azərbaycan ilə Vyetnam arasında qarşılıqlı hörmət və rəğbətə əsaslanan münasibətlərin başlanğıc nöqtəsi olmaqla yanaşı, gələcək əməkdaşlıq üçün mənəvi zəmin formalaşdırdı. Bu tarixi əlaqələrin inkişafında Ümummilli Lider Heydər Əliyevin xidmətləri də xüsusi qeyd edilməlidir. 1983-cü ildə onun rəhbərlik etdiyi nümayəndə heyətinin Vyetnama səfəri iki ölkə arasında münasibətlərin genişlənməsinə mühüm töhfə verdi. Səfərin səkkiz gün davam etməsi və Vyetnamın əsas regionlarını əhatə etməsi Ümummilli Lider Heydər Əliyevin əməkdaşlığa verdiyi strateji əhəmiyyətin göstəricisi idi. Həmin səfər zamanı əldə olunan razılaşmalar Vyetnam iqtisadiyyatının inkişafına dəstək göstərməklə yanaşı, uzunmüddətli əməkdaşlığın istiqamətlərini də müəyyənləşdirdi. Bu, diplomatik təmasların real iqtisadi nəticələrə çevrilməsinin, siyasi iradənin praktiki əməkdaşlıqla tamamlanmasının mühüm nümunəsi idi. Müstəqillik dövründə Azərbaycan bu tarixi ənənəni qoruyaraq Vyetnamla münasibətləri yeni siyasi və iqtisadi reallıqlar əsasında inkişaf etdirdi. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri və 2015-ci ildə Vyetnam Prezidentinin Azərbaycana cavab səfəri əlaqələrin fəallaşmasına təkan verdi. Lakin müasir münasibətlərin ən mühüm mərhələlərindən biri 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri oldu. Səfər çərçivəsində imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini təsdiqlədi. Bu sənədin əhəmiyyəti ondan ibarətdir ki, o, tarixi dostluq münasibətlərini müasir beynəlxalq əməkdaşlığın tələbləri ilə uzlaşdırır. Artıq tərəfdaşlığın gündəliyində yalnız siyasi dialoq və ənənəvi iqtisadi əlaqələr deyil, energetika, investisiya, müdafiə, kibertəhlükəsizlik və digər strateji sahələr də yer alır.
Azərbaycanın xarici siyasətində Asiya istiqamətinin əhəmiyyəti son illərdə daha da artır. Qlobal iqtisadi mərkəzlərin dəyişməsi, Asiya dövlətlərinin beynəlxalq ticarətdə və istehsalda rolunun genişlənməsi, yeni nəqliyyat və logistika marşrutlarının formalaşması bu regionla əlaqələrin inkişafını zəruri edir. Azərbaycanın coğrafi mövqeyi ölkəmizə bu proseslərdə fəal iştirak etmək üçün mühüm üstünlüklər verir. Avropa ilə Asiyanın kəsişməsində yerləşən ölkəmiz beynəlxalq nəqliyyat və enerji marşrutlarının inkişafında mühüm rol oynayır. Bu baxımdan Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən dövlətlərindən biri olan Vyetnamla əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici iqtisadi əlaqələrinin şaxələndirilməsi baxımından da əhəmiyyətlidir. Vyetnam özünün istehsal imkanları, sənaye potensialı, kənd təsərrüfatı, texnologiya və ixrac yönümlü iqtisadiyyatı ilə beynəlxalq bazarlarda mövqeyini gücləndirən ölkələrdəndir. Azərbaycan isə enerji resursları, nəqliyyat infrastrukturu, logistika imkanları və regional bazarlara çıxış baxımından fərqli üstünlüklərə malikdir. Bu iki iqtisadi model arasında əməkdaşlıq üçün qarşılıqlı tamamlayıcılıq mövcuddur. Məhz bu amil münasibətlərin gələcək inkişafını şərtləndirən əsas imkanlardan biridir. Prezident İlham Əliyevin müsahibəsində hər iki ölkənin yeni bazarlara çıxmaq, birgə layihələr həyata keçirmək, biznes və investisiya imkanlarını genişləndirmək potensialına malik olduğu xüsusi vurğulanır. Bu yanaşma əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirən mühüm strateji baxışdır.
İki ölkə arasında iqtisadi əlaqələrin inkişafını qiymətləndirərkən ticarət dövriyyəsinin dinamikası mühüm göstəricidir. 2025-ci ilin yekunlarına əsasən, Azərbaycan ilə Vyetnam arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Bu göstərici münasibətlərin inkişaf etdiyini təsdiqləsə də, dövlət başçısının da qeyd etdiyi kimi, mövcud imkanlarla müqayisədə hələ kifayət qədər yüksək deyil. Əslində, bu rəqəm gələcək əməkdaşlığın məhdudiyyətini deyil, genişləndirilməsi üçün mövcud olan potensialı göstərir. İki ölkənin iqtisadi strukturu və beynəlxalq bazarlardakı mövqeyi nəzərə alındıqda, qarşılıqlı ticarətin artırılması üçün geniş imkanlar mövcuddur. Bu imkanlardan istifadə etmək üçün biznes dairələri arasında əlaqələrin intensivləşdirilməsi, sahibkarların qarşılıqlı səfərlərinin təşkili, birgə müəssisələrin yaradılması və investisiya layihələrinin təşviqi vacibdir. Dövlətlərarası siyasi iradə bu prosesin əsasını təşkil etsə də, iqtisadi münasibətlərin davamlı inkişafı üçün özəl sektorun fəallığı xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın beynəlxalq investisiya forumları və biznes platformaları vasitəsilə xarici şirkətlərlə əməkdaşlığı genişləndirməsi Vyetnam biznes dairələri üçün də yeni imkanlar yaradır. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Vyetnamın “ROX Group” şirkəti ilə müvafiq sənədlərin imzalanması bu marağın konkret əməkdaşlıq istiqamətinə çevrilməsinin nümunəsidir. Şirkətin tikinti, infrastruktur, Günəş və külək enerjisi layihələrinə maraq göstərməsi Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində Vyetnam investisiyalarının genişlənə biləcəyini nümayiş etdirir. Belə layihələr yalnız kapital qoyuluşu baxımından deyil, həm də texnologiya transferi, yeni iş yerlərinin yaradılması, yerli istehsal imkanlarının genişləndirilməsi və iqtisadiyyatın şaxələndirilməsi baxımından əhəmiyyətlidir.
Azərbaycan və Vyetnam arasında energetika sahəsində əməkdaşlıq münasibətlərin ənənəvi və eyni zamanda perspektivli istiqamətlərindən biridir. Bu sahədə əlaqələrin tarixi sovet dövründən başlayır və Azərbaycan neft sənayesinin zəngin təcrübəsi ilə sıx bağlıdır. Bu gün həmin təcrübənin müasir texnologiyalar və yeni iqtisadi yanaşmalar əsasında davam etdirilməsi üçün əlverişli şərait mövcuddur. SOCAR ilə PetroVietnam arasında əməkdaşlığın dərinləşdirilməsi də məhz bu məqsədə xidmət edir. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər və mütəxəssis hazırlığı sahələrində qarşılıqlı fəaliyyət üçün imkanlar yaradır. Bu əməkdaşlıq iki ölkənin enerji şirkətləri arasında təcrübə mübadiləsini gücləndirməklə yanaşı, yeni birgə layihələrin həyata keçirilməsinə də şərait yarada bilər. Bununla yanaşı, dünya enerji bazarlarında baş verən dəyişikliklər Azərbaycan–Vyetnam əməkdaşlığının gündəliyinə yeni istiqamətlər daxil edir. Bərpaolunan enerji mənbələrinin inkişafı, karbon emissiyalarının azaldılması və enerji səmərəliliyinin artırılması müasir iqtisadiyyatların qarşısında duran mühüm vəzifələrdəndir. Azərbaycanın Günəş və külək enerjisi sahəsindəki potensialı, Vyetnam şirkətlərinin bu istiqamətdə təcrübə və investisiya imkanları tərəfdaşlığın yeni mərhələsi üçün əlverişli zəmin yaradır. Beləliklə, ənənəvi neft-qaz əməkdaşlığı ilə yanaşı, yaşıl enerji sahəsində də yeni layihələrin reallaşdırılması perspektivi formalaşır.
Müasir dövrdə iqtisadi güc yalnız istehsal imkanları ilə deyil, həm də məhsulların beynəlxalq bazarlara hansı sürətlə və səmərəliliklə çatdırılması ilə müəyyən olunur. Bu baxımdan nəqliyyat və logistika infrastrukturu dövlətlərin iqtisadi rəqabət qabiliyyətinin əsas amillərindən birinə çevrilib. Azərbaycan son illərdə həyata keçirdiyi infrastruktur layihələri ilə Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində mühüm nəqliyyat bağlantılarının inkişafına töhfə verir. Orta Dəhliz ölkəmizin beynəlxalq logistika sistemində mövqeyini gücləndirən əsas marşrutlardan biridir. Prezident İlham Əliyevin müsahibəsində Vyetnamdan Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün Azərbaycanın nəqliyyat-logistika imkanlarından istifadə məsələsinə xüsusi diqqət yetirilməsi bu baxımdan təsadüfi deyil. 2026-cı ilin yanvar-sentyabr aylarında tranzit daşımalarının həcminin əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondan çox olması bu istiqamətdə müsbət dinamikanı nümayiş etdirir. Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi Vyetnamın beynəlxalq ticarət əlaqələrinin genişləndirilməsi üçün əlavə marşrut imkanları yarada bilər. Azərbaycan isə bu prosesdə tranzit ölkə olmaqla yanaşı, logistika xidmətləri, yük emalı və regional paylama mərkəzlərinin inkişafı baxımından da fayda əldə edə bilər. Burada əsas məsələ nəqliyyat infrastrukturunun yalnız mövcud imkanlarından istifadə etməklə kifayətlənməmək, onu yeni iqtisadi əməkdaşlıq modelinin tərkib hissəsinə çevirməkdir. Vyetnam məhsullarının Azərbaycan üzərindən Avropa bazarlarına çatdırılması, eyni zamanda Azərbaycan məhsullarının Cənub-Şərqi Asiya bazarlarına çıxarılması qarşılıqlı ticarətin genişlənməsinə real töhfə verə bilər.
Dövlətlərarası münasibətlərin dayanıqlılığı yalnız siyasi sənədlər və iqtisadi göstəricilərlə müəyyən edilmir. Bu münasibətlərin arxasında xalqlar arasında qarşılıqlı anlaşma, mədəni yaxınlıq və humanitar əlaqələr dayanmalıdır. Azərbaycan ilə Vyetnam arasında bu istiqamətdə zəngin ənənələr mövcuddur. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması iki ölkə arasında formalaşmış akademik əlaqələrin miqyasını göstərir. Həmin şəxslərin bir çoxu sonradan öz ölkələrinin müxtəlif sahələrində çalışaraq əldə etdikləri bilik və təcrübəni Vyetnamın inkişafına yönəldiblər. Bu gün universitetlər arasında əməkdaşlıq müqavilələri, akademik mübadilə proqramları və Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış təhsil qrantları həmin ənənənin davam etdirilməsinə xidmət edir. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar layihələr də iki ölkə arasında münasibətlərin mənəvi əsaslarını möhkəmləndirir. Ha Giang əyalətində ibtidai məktəbin tikintisinə dəstək, təhsil proqramlarının təşviqi və digər sosial təşəbbüslər Azərbaycanın dost ölkənin inkişafına verdiyi töhfənin ifadəsidir. Mədəniyyət sahəsində də qarşılıqlı əlaqələr genişlənir. Vyetnam Günləri festivalının 2026-cı ildə ilk dəfə Bakı və Qəbələ şəhərlərini əhatə etməsi, Mai Van Phanın “Gün doğarkən” şeirlər toplusunun Azərbaycanda nəşri bu əlaqələrin müasir nümunələridir. Eyni zamanda, Qara Qarayevin “Vyetnam süitası”, Əjdər İbrahimovun Vyetnam kino sənətinin inkişafına verdiyi töhfələr iki ölkə arasında mədəni əməkdaşlığın dərin tarixi köklərə malik olduğunu təsdiqləyir.
Azərbaycan ilə Vyetnam arasında münasibətlərin mühüm xüsusiyyətlərindən biri də çətin məqamlarda nümayiş etdirilən qarşılıqlı diqqət və həmrəylikdir. 2024-cü ildə Vyetnamda baş vermiş “Yaqi” fırtınasının və 2025-ci ildə qeydə alınmış genişmiqyaslı daşqınların nəticələrinin aradan qaldırılması üçün Azərbaycanın maliyyə yardımı göstərməsi bunun konkret nümunəsidir. Belə addımlar dövlətlərarası münasibətlərə humanitar məzmun qazandırmaqla yanaşı, xalqlar arasında etimadı da gücləndirir. Beynəlxalq münasibətlərdə həmrəylik və qarşılıqlı dəstək yalnız siyasi maraqlardan irəli gələn addımlar deyil, həm də dostluğun mənəvi məsuliyyətinin ifadəsidir. Azərbaycanın bu yanaşması ölkəmizin beynəlxalq əməkdaşlıq fəlsəfəsində insan amilinə və humanitar dəyərlərə verilən önəmi nümayiş etdirir.
Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibənin əsas siyasi məzmunu ondan ibarətdir ki, Azərbaycan–Vyetnam münasibətləri artıq yeni inkişaf mərhələsindədir. Tarixi dostluq bu gün strateji tərəfdaşlıq üçün etibarlı zəmin yaradır, iqtisadi imkanlar isə həmin münasibətlərin konkret nəticələrlə zənginləşdirilməsinə şərait formalaşdırır. Bu əməkdaşlığın gələcək uğuru bir neçə mühüm amildən asılı olacaq: siyasi dialoqun davamlılığı, biznes dairələrinin fəallığı, birgə investisiya layihələrinin həyata keçirilməsi, enerji və nəqliyyat sahələrində qarşılıqlı imkanlardan istifadə, eləcə də humanitar əlaqələrin daha da genişləndirilməsi. Azərbaycan üçün Vyetnamla münasibətlərin inkişafı Cənub-Şərqi Asiya istiqamətində mövqelərin gücləndirilməsi və yeni iqtisadi tərəfdaşlıqların qurulması baxımından əhəmiyyətlidir. Vyetnam üçün isə Azərbaycan Avropa və Asiya arasında mühüm nəqliyyat, energetika və iqtisadi əməkdaşlıq imkanları təqdim edən etibarlı tərəfdaşdır. Beləliklə, iki ölkə arasında münasibətlərin inkişafı yalnız keçmişin uğurlu ənənələrinin davam etdirilməsi deyil, həm də yeni beynəlxalq iqtisadi və siyasi reallıqlara uyğun əməkdaşlıq modelinin formalaşdırılmasıdır. 1959-cu ildə Ho Şi Minin Bakı səfəri ilə möhkəmlənən, Ümummilli Lider Heydər Əliyevin tarixi təşəbbüsləri ilə inkişaf edən və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan–Vyetnam münasibətləri qarşılıqlı etimadın və siyasi ardıcıllığın nümunəsidir. Bu münasibətlərin gələcək inkişafı üçün ən mühüm üstünlük isə artıq mövcuddur: tərəflər arasında tarixi dostluq, siyasi iradə və bir-birini tamamlayan iqtisadi imkanlar. İndi əsas vəzifə həmin üstünlükləri daha geniş praktiki əməkdaşlığa çevirməkdir. Əminliklə demək olar ki, Azərbaycan və Vyetnam arasında formalaşmış strateji tərəfdaşlıq qarşıdakı illərdə həm ölkələrimizin, həm də xalqlarımızın maraqlarına xidmət edən yeni nəticələrlə zənginləşəcəkdir.
Şahin Seyidzadə
Milli Məclisin deputat