AZAL iki nüfuzlu beynəlxalq mükafata layiq görülüb İqtisadiyyat

AZAL iki nüfuzlu beynəlxalq mükafata layiq görülüb

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) sərnişin xidmətinin keyfiyyətinə və uçuş təcrübəsinə görə beynəlxalq səviyyədə iki nüfuzlu mükafata layiq görülüb: “2027 APEX Four-Star Major Airline” və “2027 APEX Best Cabin Service in Central & Southern Asia”.

AZAL-dan verilən məlumata görə, mükafatların xüsusi əhəmiyyəti onların birbaşa sərnişinlərin müstəqil rəy və qiymətləndirmələri əsasında müəyyən edilməsidir. APEX-in reytinqləri “Concur” şirkətinin “TripIt” platforması ilə əməkdaşlıq çərçivəsində toplanan anonim sərnişin qiymətləndirmələrinə əsaslanır. Qiymətləndirmə zamanı göyərtədə xidmətin keyfiyyəti, oturacaqların rahatlığı, qida və içki təminatı, əyləncə sistemləri və internetə çıxış imkanları nəzərə alınır.

Mükafatlar 19 noyabr 2026-cı il tarixində Sinqapurda keçirilən “APEX FTE EXPO 2026” beynəlxalq aviasiya forumu çərçivəsində təqdim olunub. Tədbir aviaşirkətlərin, hava limanlarının, rəqəmsal texnologiyalar sahəsində fəaliyyət göstərən təşkilatların nümayəndələrini və aviasiya sənayesinin aparıcı ekspertlərini bir araya gətirib.

“APEX Four-Star Major Airline” mükafatı Azərbaycan Hava Yollarının ümumi sərnişin təcrübəsi üzrə yüksək göstəricilərini, “Best Cabin Service in Central & Southern Asia” mükafatı isə aviaşirkətin Mərkəzi və Cənubi Asiya regionunda hava gəmisinin göyərtəsində göstərilən xidmət sahəsində əldə etdiyi nailiyyətləri təsdiqləyir.

Qeyd edək ki, aviaşirkət 2026-cı ildə “Skytrax World Airline Awards” mükafatlandırma mərasimində də “Mərkəzi Asiya və MDB üzrə ən yaxşı regional aviaşirkət” adına layiq görülüb.

Bu mükafatlar AZAL-ın sərnişin xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və beynəlxalq aviasiya bazarında mövqeyinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətinin növbəti göstəricisidir.

Azərbaycan Hava Yollarının fəaliyyəti ilə bağlı ən son xəbərlərlə aviaşirkətin rəsmi internet səhifəsində və mobil tətbiqində tanış olmaq mümkündür.