“Vyetnamla münasibətlərimiz çox yüksək səviyyəyə çatıb” Siyasət

“Vyetnamla münasibətlərimiz çox yüksək səviyyəyə çatıb”

“Bu gün Azərbaycanın güclənən beynəlxalq münasibətlər sistemindəki mövqeləri ayrı-ayrı coğrafiyalar üzrə inkişaf etməyə davam edir və Cənub-Şərqi Asiyanın həm tarixi baxımdan, həm də özünəməxsus inkişafı baxımından çox vacib və önəmli ölkələrindən biri Vyetnamla bizim münasibətlərimiz çox yüksək səviyyəyə gəlib çatıb. Özəlliklə nəzərə almaq lazımdır ki, Azərbaycan-Vyetnam münasibətlərindəki əlaqələr son illərdə xüsusilə inkişaf edir. Biz bilirik ki, daha əvvəl Azərbaycan və Vyetnam arasında münasibətlərin strateji səviyyəyə çatdırılması ilə bağlı razılaşma əldə edilmişdi”.

Bu sözləri xalqcebhesi.az-a politoloq Tural İsmayılov deyib.

T.İsmayılov qeyd edib ki, cənab Prezidentin Vyetnama səfəri və orada Azərbaycan-Vyetnam münasibətlərinin inkişafı ilə bağlı əldə edilən razılaşmalar iki ölkə arasındakı münasibətlərin perspektivlərini ortaya qoyur: “Yəqin ki, yaxın gələcəkdə ölkəmizdə Vyetnamın səfirliyi fəaliyyətə başlayacaq, eyni zamanda, hər iki ölkə qarşılıqlı şəkildə həm ənənəvi enerji məhsulları, həm alternativ enerji məhsulları, özəlliklə yaşıl enerji sahəsində əməkdaşlığı dərinləşdirə bilərlər. Eləcə də biz kənd təsərrüfatı, digər sahələr və həmçinin süni intellekt, informasiya-kommunikasiya texnologiyaları sahəsində də Vyetnamla əməkdaşlığın daha da dərinləşəcəyini söyləyə bilərik”.

“Hər bir halda bu gün Vyetnam özünə xas strukturu, həm də mübariz keçmişi, bundan əlavə dünya siyasətində kifayət qədər neytral, həmçinin beynəlxalq münasibətlərdə başqa ölkələrin daxili işlərinə qarışmamaq üçün önəmli bir prinsipi hər zaman rəhbər tutan, baxışlara malik olan bir ölkədir. Cənab Prezident İlham Əliyevin bu baxımdan Vyetnama səfəri Azərbaycan-Vyetnam münasibətlərinin gələcək inkişafı baxımından da müstəsna əhəmiyyətə malikdir” - deyə politoloq vurğulayıb.

Röya İsrafilova