Türkiyədə narkotik əleyhinə əməliyyatlarda 254 nəfər saxlanılıb Gündəm

Türkiyədə narkotik əleyhinə əməliyyatlarda 254 nəfər saxlanılıb

Türkiyənin 33 vilayətində keçirilən genişmiqyaslı narkotik əleyhinə əməliyyatlar nəticəsində 254 nəfər saxlanılıb.

Xalqcebhesi.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Əməliyyatlar baş prokurorluqların və jandarmanın narkotik cinayətkarlığı ilə mübarizə bölmələrinin koordinasiyası ilə həyata keçirilib. Reydlərdə 8 mindən çox jandarm əməkdaşı iştirak edib.

Qurumun məlumatına görə, şübhəli şəxslər çətənə və "skank"ın qanunsuz becərilməsi, həmçinin sosial şəbəkələr və messencerlər vasitəsilə narkotik maddələrin yayılması ilə məşğul olublar.

Əməliyyatlar zamanı 504 kq narkotik vasitə və 104 056 ədəd sintetik narkotik həbi müsadirə edilib. Həmçinin çoxlu sayda çətənə və "skank" kolu məhv edilib.

Saxlanılan 254 nəfərdən 159-u məhkəmənin qərarı ilə həbs edilib, qalan 95 nəfər barəsində isə məhkəmə nəzarəti qətimkan tədbiri seçilib.

Məryəm Quliyeva