11:48
798
“Son dövrlər Azərbaycanda və regionda müşahidə olunan intensiv yağışlar və qeyri-adi iqlim təzahürləri qlobal iqlim dəyişmələrinin fəsadları ilə əlaqələndirilir. Ekspertlər hesab edir ki, temperatur artdıqca atmosfer daha çox su buxarı saxlayır. Nəticədə normadan artıq yağışlar yağır, sel və daşqınlar artır. Mövsümlər yerini dəyişir, quraqlıq artır, bəzi bölgələrdə intensiv yağışlar yağır, anormal hava hadisələri kəskin xarakter alır”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında “Yaşıl Dünya” Ekoloi Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli bildirib.
E.Cəfərli söyləyib ki, Azərbaycan və Cənubi Qafqaz bütövlükdə qlobal iqlim dəyişikliyinin fəsadlarından əziyyət çəkən bölgədir: “Son illər təkcə ölkəmizdə deyil, regionda, hətta Mərkəzi Asiyada, Rusiyanın bəzi bölgələrində, Türkiyədə, İranda yaz və payız yağışları intensivləşib, çaylar daşır, insanlar sel və daşqınların yaratdığı fəsadlardan əziyyət çəkilər. Daşqınlar bəzi hallarda insan itkilərinə yol açır, kənd təsərrüfatına, münbit torpaqlara zərər vurur. Normadan artıq yağışların bəzi hallarda müsbət təsirləri də hiss olunur. Hətta Güney Azərbaycan Urmu gölü hövzəsi intensiv yağışlar sayəsində yenidən dolub. Ümumilikdə İran, Əfqanıstan quraqlıqdan əziyyət çəkən ölkələrdir. Son illərin təcrübəsi göstərir ki, intensiv yağışlar növbəti mövsümlərdə də davam edəcək. Buna görə də qlobal iqlim dəyişikliyinə qarşı mübarizə, daha dəqiqi adaptasiya tədbirləri gücləndirilməlidir”.
O həmçinin qeyd edib ki, bu gün dünya təcrübəsində yağış sularının depolanması layihələri icra olunur: “Bu metod həm sel riskini azaldır, həm də anormal və intensiv yağıntıların artdığı dövrdə yağış sularından səmərəli istifadəni təmin edir. Beynəlxalq təcrübədə yağış suları bu cür depolanır: evlərin damlarına xüsusi çənlər qoyulur, süni gölməçələr, su anbarları yaradılır. Toplanan su filtrdən keçirilərək kənd təsərrüfatında, yaşıllaşdırmada, avtoyumada istifadə olunur. Yağış suyu bəzi hallarda təmizləndikdən sonra hətta məişətdə də istifadə edilir. Niderland, Avstraliya və Sinqapur bu sahədə böyük təcrübəyə malikdir. Hətta Niderlandın iri şəhərlərində yağış sularını depolayan xüsusi meydanlar, sel və daşqın riskini minimuma endirən su parkları yaradılıb”.
Röya İsrafilova