12:13
574
Son vaxtlarda ABŞ-İran arasında baş verənlər, əlbəttə ki İsrailin təsir mexanizmlərindən öz nəsibini almaqdadır. Bu baxımdan ABŞ -İran razılaşmasının uğur qazanma şansı az da olsa var, amma, əsas risk amili İsrailin təhlükəsizlik narahatlıqları və bununla bağlı regiondakı hərbi-siyasi gərginliklərin yenidən alovlanmasına səbəb ola biləcək hər hansı bir münaqişə zəminində baş verən hadisələrin olmasıdır.
Bunu xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi deyib.
"Bu baxımdan iki ölkə arasında əldə olunan razılaşmanı " məsələ həll olundu" kimi qəbul etmək doğru olmazdı. Bu baxımdan görünən odur ki, İran iqtisadi təzyiqlərdən və sanksiyalardan çıxmağa çalışır. ABŞ isə müharibənin yenidən başlanmasından çəkinir və çalışır ki, məsələ hərbi əməliyyatlara ehtiyac qalmadan həll olunsun. Baxmayaraq ki, bu istiqamətdə İrana qarşı təhdidlər edir. Buna görə də hər ikisinin də razılaşmanı davam etdirmək motivasiyası açıq şəkildə ifadə olunur" - politoloq deyib.
O, qeyd edib ki, İranın Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndələrini yenidən qəbul etməsi və ABŞ-ın bəzi sanksiyaları yumşaldması buna sübutdur və bu istiqamətdə işlər hər iki tərəfdən müsbət qiymətləndirilir:
"Bilirsiniz ki tərəflər 60 günlük keçid mərhələsi çərçivəsində sənəd imzaladılar və ən çətin məsələlər məhz bu mərhələdə olacağı gözlənilir. İranın nüvə proqramı, raket imkanları, regional müttəfiqləri və digər məsələlər həll olunmadan qalır. Buna görə də prosesin pozulması ehtimalı yüksəkdir. Həmçinin, proseslərin pozulmasında maraqlı olan İsrail faktoru da öz sözünü deyir. Çünki, İsrailin bir çox siyasi dairələrində ABŞ-İran razılaşmasını və danışıqlar prosesini strateji geriləmə kimi görürlər və hesab olunur ki, bu, İranın mövqeyini gücləndirə bilər. Bu baxımdan əlbəttə ki İsrailin kənardan durub baxacağına inanmaq çətindir və İsrail, hesab edirəm ki, müharibənin yenidən başlanmasına səbəb ola biləcək bütün mexanizmləri istər siyasi, istərsə də digər vasitələrlə təmin olunmasına çalışacaq. Hazırda vəziyyət, yaxın günlərdə böyük ABŞ-İran müharibəsinin yenidən başlaması ehtimalı, əvvəlki aylarda olduğu kimi nisbətən azdır. Lakin İsrail-İran qarşıdurmasının kökündə duran problemlər həll olunmadığı üçün sabitlikdən danışmaq tezdir və hesab edirəm ki, qarşılıqlı etimadsızlıq mühiti davam edəcək və tərəflər diplomatiyanı davam etdirmək məcburiyyətindədirlər, amma, ara-sıra gərginlik yaşanacaq".
Cavid