DSX-nin şəhid hərbi qulluqçuları “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Dövlət əmlakının xüsusi mülkiyyətdə olan əmlakla dəyişdirilməsi qaydası müəyyənləşəcək
Prezident İlham Əliyev DSX-nin bir qrup hərbi qulluqçusunu təltif edib
DSX-nin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verilib - SƏRƏNCAM
“Türkiyə öz gələcəyini yalnız Aİ üzvlüyü perspektivi ilə əlaqələndirmir”
11:23
882
“Ərdoğanın “Aİ-yə üzvlük Türkiyənin prioriteti deyil” açıqlamasını Türkiyənin Avropa İttifaqından tamamilə uzaqlaşması kimi qiymətləndirmək düzgün olmaz. Bu, daha çox Ankaranın uzun illərdir davam edən üzvlük prosesində özünü “Avropanın qapısında gözləyən ölkə” kimi təqdim etməkdən imtina etdiyini göstərir. Türkiyə Aİ ilə münasibətlərdə daha bərabərhüquqlu və qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq modelinə keçmək istəyir”.
Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Elman Telmanoğlu söyləyib.
E.Telmanoğlunun fikrincə, Ərdoğanın əsas siyasi mesajlarından biri Brüsselə yönəlib, “Türkiyənin alternativləri var” Ankara bununla göstərir ki, ölkənin xarici siyasəti yalnız Avropa istiqaməti ilə məhdudlaşmır: “Türkiyə Yaxın Şərqdə, Qafqazda, Mərkəzi Asiyada, İslam dünyasında və digər regionlarda öz geosiyasi təsir imkanlarını genişləndirir və çoxvektorlu xarici siyasət yürüdür. Digər mühüm mesaj isə Avropanın Türkiyəyə ehtiyacının vurğulanmasıdır. Miqrasiya, enerji, təhlükəsizlik, ticarət və NATO çərçivəsində əməkdaşlıq Türkiyəni Avropa üçün strateji əhəmiyyətli tərəfdaşa çevirir. Ərdoğan demək istəyir ki, Türkiyə Aİ-yə daxil olmaq üçün hər hansı şərtləri qəbul etməyə məcbur olan ölkə deyil; Avropanın da Türkiyəyə ciddi ehtiyacı var”.
Politoloq eləcə də qeyd edib ki, bu baxımdan açıqlamanı Aİ ilə münasibətlərdən imtina deyil, danışıqlarda mövqelərin dəyişdirilməsi cəhdi kimi qiymətləndirmək daha doğrudur: “Ankara bundan sonra üzvlük məsələsindən daha çox iqtisadi, təhlükəsizlik və siyasi əməkdaşlıq imkanlarına diqqət yetirməklə Brüssel qarşısında daha sərbəst və iddialı mövqe nümayiş etdirmək istəyir. Ərdoğanın mesajı mahiyyət etibarı ilə budur: Türkiyə artıq Avropanın qərarını gözləyən ölkə deyil, Avropanın da nəzərə almalı olduğu müstəqil geosiyasi gücdür”.
Röya İsrafilova