10:59
427
“ABŞ Prezidentinin “Hörmüz boğazını ABŞ-nin ərazisi elan edəcəyəm” bəyanatı böyük ajiotaja səbəb olub. Ancaq aydın məsələdir ki, Trampın son bəyanatlarını artıq dünya ictimaiyyəti ciddi şəkildə qəbul etmir. Çünki vaxtı ilə Tramp Qrenlandiyanı Amerika ərazisi elan edəcəyi, Kanadanı Amerikanın 51-ci ştatı elan edəcəyi, Panama kanalını ABŞ-nin növbəti ərazisi elan edəcəyi kimi bəyanatlar səsləndirirdi. Bu bəyanatı isə daha çox noyabr ayında ABŞ-də keçiriləcək aralıq seçkilərinin yaxınlaşması ilə əlaqədar ABŞ-nin İran və Hörmüz boğazı məsələsində istədiyi nəticəni əldə edə bilməməsini cəmiyyətdə ajiotaj yaradacaq bəyanatlarla kompensasiya etmək cəhdi təsiri bağışlayır”.
Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev söyləyib.
Deputat əlavə edib ki, İran tərəfi artıq Hörmüz boğazının yenidən bağlı olduğunu bəyan edir: “Hər gün demək olar ki, Hörmüz boğazında tankerlər vurulur, bu az deyilmiş kimi husilər artıq demək olar ki, Bab-əl-Məndəb boğazını bağlayıblar, Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumlar təşkil edilir. Eləcə də husilər Yəmənin Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən tanınmış hökumətinə qarşı hücumlar təşkil etməyə başlayıblar. Yəni biz burada, əksinə, İranın bu konfiqurasiyadan daha çox güclü çıxdığını görürük”.
T.Gəncəliyevin sözlərinə görə, Türkiyənin Pakistan və Səudiyyə Ərəbistanı ilə bir yerdə pakt imzalaması da göstərir ki, region ölkələri artıq öz təhlükəsizlikləri haqqında düşünməyə başlayıblar: “Ona görə də fikrimcə, Trampın bu bəyanatı daha çox populist bəyanata bənzəyir. Aydın məsələdir ki, Hörmüz boğazı ətrafında vəziyyət hələ qeyri-müəyyəndir, nə İran məğlub olub, nə Hörmüz boğazı. Ona görə də belə bir bəyanat səsləndirmək daha çox daxili auditoriyaya və beynəlxalq ictimaiyyətin bir növ məmnun edilməsinə yönəldilib”.
Röya İsrafilova