
“Milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi dövlətin, ailənin, təhsil müəssisələrinin və bütövlükdə cəmiyyətin qarşısında duran mühüm vəzifələrdəndir”.
Bunu Milli Məclisin deputatı Elnarə Akimova bu barədə “Xalq Cəbhəsi”nə açıqlamasında söyləyib.
O qeyd edib ki, milli mənlik şüuru formalaşmış, tarixini bilən, ana dilinə və mədəniyyətinə sahib çıxan, dövlətinin gələcəyi qarşısında məsuliyyətini dərk edən gənclik Azərbaycanın gələcəyinin ən etibarlı təminatıdır: “Gənclərin milli ruhda tərbiyəsi yalnız ailənin və ya təhsil müəssisələrinin deyil, dövlətin, cəmiyyətin, ziyalıların və medianın birgə məsuliyyətidir. Azərbaycanda ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir. Gənclərin intellektual, mənəvi və fiziki inkişafı, ölkənin ictimai-siyasi və mədəni həyatında fəal iştirakı dövlət siyasətinin mühüm istiqamətlərindəndir”.
Deputat vurğulayıb ki, milli-mənəvi dəyərlərə bağlı, eyni zamanda müasir dünyanın inkişaf meyillərinə uyğun düşünən gəncliyin formalaşdırılması əsas məqsədlərdən biridir. Bu baxımdan, milli kimliklə müasirlik bir-birini tamamlamalıdır: “Milli-mənəvi tərbiyə təhsil sisteminin də əsas vəzifələrindəndir. Məktəblərdə Azərbaycan tarixinin, dövlətçilik ənənələrinin, ana dilinin və mədəni irsin öyrədilməsi ilə yanaşı, şagirdlərdə müstəqil düşüncə, vətəndaş məsuliyyəti və dövlət rəmzlərinə hörmət hissi formalaşdırılmalıdır. Vətənpərvərlik tərbiyəsi tariximizin mühüm hadisələrinin mahiyyətinin gənc nəslə düzgün çatdırılmasını da tələb edir. 20 Yanvar faciəsi, Birinci Qarabağ müharibəsi, şəhidlərimizin qəhrəmanlığı, 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ildə dövlət suverenliyimizin tam bərpası milli yaddaşımızın ayrılmaz hissəsidir”.
Onun sözlərinə görə, bu hadisələr gənclərə müstəqilliyin və suverenliyin hansı qurbanlar bahasına qorunduğunu anlatmalı, onlarda milli birlik və güclü dövlətin əhəmiyyəti barədə aydın təsəvvür yaratmalıdır: “Məktəblilərin şəhid ailələri və müharibə iştirakçıları ilə görüşləri, tarixi məkanlara səfərləri və hərbi-idman yarışları da vətənpərvərlik hisslərinin gücləndirilməsində mühüm rol oynayır”.
Deputat milli kimliyin təməlində ailənin dayandığını da vurğulayıb.
O bildirib ki, uşaqlar ana dilinə, milli adət-ənənələrə, böyüklərə hörmətə və mənəvi dəyərlərə münasibəti ilk növbədə ailədə öyrənirlər: “Bu səbəbdən ailə ilə məktəb arasında əməkdaşlıq gücləndirilməli, uşaqların dünyagörüşünə və rəqəmsal mühitdə qarşılaşdıqları məlumatlara diqqət yetirilməlidir”.
E.Akimova ana dilinin milli kimliyin əsas sütunlarından biri olduğunu qeyd edərək, məktəblərdə mütaliə mədəniyyətinin inkişaf etdirilməsinin, Azərbaycan ədəbiyyatının təbliğinin və milli mədəni irsə marağın artırılmasının vacibliyini diqqətə çatdırıb.
Onun fikrincə, müasir texnologiyalardan istifadə etməklə milli dəyərlərin təbliği gənclərin bu irsə marağını daha da artıra bilər:
“İctimai diqqət yalnız şöhrət və maddi uğur qazanan şəxslərə deyil, elmə, təhsilə, mədəniyyətə və ictimai rifaha töhfə verən insanlara da yönəldilməlidir.Vətənpərvərlik təkcə tarixi qəhrəmanlara ehtiram deyil, bu gün ölkənin inkişafına töhfə verməkdir. Gənclərin elm, təhsil, mədəniyyət və sosial sahələrdə təşəbbüslərinin dəstəklənməsi, yaradıcı ideyalarının təşviqi və ictimai fəallığının artırılması milli-mənəvi dəyərlərin təbliği üçün yeni imkanlar yaradır”.
Deputat, həmçinin milli dəyərlərə bağlılığın dünyadan təcrid olunmaq demək olmadığını bildirib: “Azərbaycan gənci müasir elmi və texnologiyaları mənimsəməli, xarici dilləri öyrənməli, beynəlxalq rəqabətə hazır olmalı, eyni zamanda milli kimliyini qorumalıdır. Milli mənlik şüuru ilə vətənpərvərlik bir-birini tamamlayan anlayışlardır. Dövlətin siyasəti, təhsil müəssisələrinin fəaliyyəti, ailənin nümunəsi və cəmiyyətin dəstəyi tarixini bilən, milli-mənəvi dəyərlərinə sahib çıxan və ölkəsinin gələcəyi qarşısında məsuliyyətini dərk edən nəslin yetişdirilməsinə xidmət etməlidir”.
Günel Elxan