
“Paytaxt və region məktəbləri arasında müəllim potensialı, maddi-texniki baza, hazırlıq kursları və şagirdlərin əlavə təhsil imkanları baxımından fərqlər mövcuddur. Bu fərqlər şagirdlərin təhsil və gələcək inkişaf imkanlarına da təsir göstərir”.
Bunu təhsil eksperti Ramin Nuraəliyev Xalqcəbhəsi.az-a açıqlamasında paytaxt və region məktəbləri arasındakı fərqlərdən danışarkən bildirib.
Ekspertin sözlərinə görə, mərkəzi şəhərlərdəki məktəblərlə kənd məktəbləri arasında fərqlərin olması dünyanın müxtəlif ölkələrində müşahidə edilən haldır.
O qeyd edib ki, Azərbaycanda da Bakı məktəbləri ilə region məktəbləri, eləcə də region mərkəzlərində yerləşən məktəblərlə kənd məktəbləri arasında müəyyən fərqlər var:
“Bu gün Bakı məktəbləri ilə region məktəblərini müqayisə etsək, əlbəttə, Bakı məktəblərinin bir çox imkanları region məktəblərindən üstündür. Müəllimlərin seçimində fərq var. Kursların çoxluğunu nəzərə alsaq, fərq var. Maddi-texniki baza imkanları daha genişdir, şagird potensialı daha genişdir. Şagird sayı və məktəblərin tutumu da nisbətən çoxdur. Bununla yanaşı, repetitorluq və hazırlıq kursları baxımından da fərqlər mövcuddur”.
Ramin Nuraəliyev vurğulayıb ki, Bakı şəhərində şagirdlərin müxtəlif hazırlıq kurslarında iştirak etmək, sınaq imtahanlarına qoşulmaq və əlavə biliklər əldə etmək imkanları daha genişdir.
Onun sözlərinə görə, paytaxtda fəaliyyət göstərən kursların çoxluğu şagirdlərə fərqli seçim imkanları yaradır.
Ekspert müəllim potensialına da diqqət çəkib. O bildirib ki, regionlarda peşəkar və yaxşı müəllimlər olsa da, daha çox müəllim paytaxtda işləməyə üstünlük verir.
“Ən yaxşı müəllimlər Bakıya istiqamətlənmək istəyirlər. Bu, o demək deyil ki, regionlarda yaxşı müəllim yoxdur. Əlbəttə, regionlarda da çoxlu yaxşı müəllim var. Amma Bakıda regionlarla müqayisədə onların sayı daha çoxdur”, – deyə o qeyd edib.
Təhsil ekspertinin fikrincə, valideynlərin övladlarının daha yaxşı təhsil alması və ali məktəblərə qəbul imkanlarını artırması istəyi də paytaxt məktəblərində şagird potensialının yüksəlməsinə təsir göstərir. Maddi imkanları və Bakıda yaşamaq şəraiti olan bəzi ailələr uşaqlarının təhsilini paytaxtda davam etdirməyə üstünlük verirlər. Nəticədə perspektivli şagirdlərin və müəllimlərin paytaxtda cəmləşməsi məktəblər arasındakı fərqi daha da artırır.
Ramin Nuraəliyev hesab edir ki, paytaxt və region məktəbləri arasındakı fərqlər təkcə Azərbaycana xas deyil. Onun sözlərinə görə, beynəlxalq təcrübədə də paytaxt və iri şəhərlərdəki məktəblərin bir sıra imkanları digər ərazilərlə müqayisədə daha genişdir.
Günel Elxan